Modern.az
Qəzənfər Həmidoğlu Ramştayn: Antiputin koalisiyasının təməli atıldı

Qəzənfər Həmidoğlu

Ramştayn: Antiputin koalisiyasının təməli atıldı

Analitika

28 Aprel 2022, 08:55

Qəzənfər Həmidoğlu

Amerikanın Almaniyadakı Ramştayn hərbi bazasında keçirdiyi meqasammitin gündəliyi Birləşmiş Ştatlar və müttəfiqlərinin Ukraynaya silah yardımı məsələsinə həsr olunsa da, faktiki olaraq anti-Rusiya koalisiyasının təməlinin atıldığı bu tarixi görüş Qərbin Rusiya ilə qarşıdurmada bəlli olan, amma ucadan elan edilməyən hərbi-siyasi hədəflərini də az-çox gün işığına çıxardı.
 

Pentaqon sammitə 43 müttəfiqini – NATO ölkələrinin müdafiə nazirlərini və hərbi alyansa daxil olmayan 14 dövlətin ( Yaponiya, Zənubi Koreya, Avstraliya, Yeni Zellandiya, İsrail, Qətər, İordaniya, Keniya, Liberiya, Mərakeş, Tunis, Finlandiya, İsveç və təbii ki, Ukrayna) hərbi idarələrinin rəhbərlərini dəvət etmişdi. Yeri gəlmişkən, Ukraynanın müdafiə naziri Aleksey Reznikov sammitə sədrlik edən Pentaqonun şefi Lloyd Ostinlə danışıqlar masasında bir sırada oturmuşdu...
 

Maraqlıdır, İkinci Dünya müharibəsinin gedişi zamanı anti-Hitler koalisiyasında 26 dövlət iştirak edirdi və savaşın sonuna doğru iştirakçıların sayı 53-ə çatmışdı...
 

Ramştaynda çərşənbə axşamı 7 saat sürən sammitdən sonra müttəfiqlər Kiyevi zəruri silahlarla qısa bir vaxtda təmin edəcəklərini bəyan etdilər. Ostinin sözlərinə görə, Ramştaynda 40-dan artıq ölkə təmas qrupunun yaradılmasında anlaşıblar:

“Bu, mühüm tərəqqidir, biz vaxt itirə bilmərik, Yaxın həftələr Ukrayna üçün həlledici olacaq, biz bu müharibənin sürətinə uyğun hərəkət etməliyik”.
 

Sammitin əsas nəticəsi Ukraynanın müasir ağır və yüksəkdəqiqlikli silahlarla təmin edilməsində anlaşmaya varılması ilə yanaşı, de-fakto yeni beynəlxalq müdafiə koalisiyasının yaradılması oldu. ABŞ-ın müdafiə nazirinin dediyinə görə, məqsəd “Rusiyanın öz qonşularına təhdidlərini əngəlləmək və belə təhdid qabiliyyətini maksimal zəiflətməkdir”.
 

Baş Qərargahların Birləşmiş Komitəsinin rəhbəri Mark Milli diplomatiyanı bər kənara ataraq situasiyanı bir general kimi təsbit etdi: “Rusiya bütün Avropanın təhlükəsizliyinə təhdiddir. Bu müharibə İkinci Dünya müharibəsindən sonra ən böyük çağırışdır”.
 

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles isə hələ sammit ərəfəsində bəyan etmişdi ki, Ukraynanın Rusiya ərazisindəki hədəflərə hücum etmək hüququ var və bu zaman Britaniya silahlarından da istifadə edə bilərlər.
 


Qərbin hərbi ritorikası qarşısında Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikanları “natəmiz” işlərdə suçlayaraq bəyan etdi ki, Ukraynaya silah və hərbi texnika göndərməklə NATO Rusiya ilə “proksi-savaş”a girir. Lavrov təsbitində xeyli yubanıb, zira “proksi-savaş” çoxdan başlayıb və Qərb-Rusiya konflikti proqnozlaşdırılması çətin istiqamətə yön alıb.
 

Almaniyanın “Compact” jurnalının analitikləri hətta Ukraynaya görə Üçüncü Dünya müharibəsinin başlayacağından narahatdırlar. Onların fikrincə, Rusiya müasir silahların Ukraynanın əlinə keçməməsi üçün Polşa və ya Baltikyanıya hücum edə bilər ki, bu da NATO-nun işə qarışmasına və nəticə etibarı ilə yeni dünya savaşının başlamasına aparar. Əslində, bu, rəsmi Berlinin Rusiyaya qarşı çıxmaqda tərəddüdlü mövqeyindən qaynaqlanır. Kansler Olaf Şolts da bu yaxınlarda “Spiegel”ə müsahibəsində nüvə müharibəsinin yolverilməz olduğunu deyərək Ukraynaya silah tədürükündə maksimal ehtiyatlı olmağa çağırmışdı. Bununla belə, ABŞ-ın təzyiqləri qarşısında geri çəkilən Almaniya Ukraynaya “Gepard” özüyeriyən zenit qurğuları verməyə razılaşıb.
 

Ramşteyn bazasındakı sammitdə qəbul edilən qərarlar çox güman ki, Ukrayna-Rusiya müharibəsinin gedişinə kardinal korrektələr edəcək. Müasir ağır silahlara sahiblənən Ukrayna ordusu 24 fevral sərhədlərinə çıxmaqla yetərlənməyərək 2014-cü il sərhədlərini də hədəf ala bilər. Bu, Rusiyanın Ukraynada ağır məğlubiyyətidir. Qərbin hərbi-siyasi hədəfi isə Moskvanı tam zəiflətmək və sonucda Rusiya təhdidini qəti neytrallaşdırmaq üçün deputinizasiyaya nail olmaqdır.
 

Bu arada Putin çərşənbə günü Peterburqda “nüvə dəyənəyi”nə sahib olduğunu bir daha yada salıb və hədə-qorxi gəlib ki, əgər kimsə “kənardan” Ukraynadakı situasiyaya müdaxilə edərsə və Rusiya üçün strateji xarakterli qəbuledilməz təhlükə yaradarsa, Mockva “ildırımsürətli zərbə” endirəcək. Dediyinə görə, strateji təhlükə şəraitində “ildırımsürətli zərbə” ilə bağlı bütün qərarlar artıq qəbul edilib. Putin həmin zərbəni “əks-cavab” adlandırıb. Bu termindən hərbi doktrinalarda nüvə silahının tətbiqi ilə bağlı istifadə edilir. Rusiya lideri “strateji xarakterli qəbuledilməz təhlükə” dedikdə nəyi nəzərdə tutduğunu dəqiqləşdirməyib. Rusiyanın hərbi doktrinasına əsasən, bu ölkəyə qarşı aqressiya zamanı dövlətin mövcudluğu təhlükə altına düşərsə, Moskva nüvə silahına birinci əl ata bilər.
 

Yeri gəlmişkən, Putindən iki gün əvvəl Böyük Britaniyanın müdafiə naziri Uolles Birləşmiş Krallığın da nüvə cəbbəxanası olduğunu xatırlatmış və lazım gələrsə, tətbiq etməyə hazır olduqlarını vurğulamışdı.
 

Ukraynada müharibə başlayandan bir sıra ekspertlər, elə Moskva siyasətçiləri də Rusiyanın çətinə düşəcəyi halda taktiki nüvə silahına əl atacağından danışırlar.Hərbə-zorba öz yerində, istər strateji, istərsə də taktiki nüvə silahının tətbiqi cini şüşədən buraxmaq deməkdir. Sonrası qaranlıqdır...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır