Modern.az

Ermənistanda insan haqlarının pozulmasına susan Qərb

Analitika

6 May 2022, 08:53

Elman Babayev

Beynəlxalq institutlar ikili standartlardan xilas olmaq güclərini çoxdan itiriblər


Ermənistanda növbəti xaos başlayıb. Günlərdir, ölkəni müxalifətin etiraz mitinqləri bürüyüb; davamlı həbslər həyata keçirilməkdədir. Demokratiya dalğası ilə hakimiyyətə gəlmiş Paşinyan hökuməti onu ittiham edən müxalifət nümayəndələrini əvvəllər olduğu kimi, yenə həbsə atdırır; onlara qarşı müxtəlif təzyiqlər və təhdidlər var. Ermənistanın mövcud iqtidarı rəqiblərinə qarşı bütün mümkün təzyiq vasitələrinə əl atır, aksiya iştirakçılarına qarşı açıq zorakılıq hallarına yol verir.


Və son günlər Ermənistanda baş verən bütün bu anti-demokratik proseslər Qərbin demokratiya maskasının növbəti dəfə yerə düşməsi ilə müşahidə edilməkdədir. Söhbət ondan gedir ki, Qərb yenə gözünü və qulağını bağlayaraq Ermənistanda açıq-aşkar insan hüquqları pozuntusu faktlarını görməzdən gəlir. Nəticədə Qərb özünə sərf etməyəndə bu cür qeyri-demokratik hadisələrə sükutla yanaşmaq siyasətinə sadiqliyini isbatlamaqdadır.


Ermənistandakı proseslərə Qərb dairələrinin susqunluğunun kökündə təbii ki, ikili standartlar dayanır. Qərbin öz adamı kimi hakimiyyətə gətirdiyi şəxslərin qeyri-demokratik addımlarına göz yumması ilk hadisə deyil. Fakt budur ki, Ermənistanda demokratiyanın hansısa əlaməti belə mövcud deyil. Vətəndaşların dinc etiraz aksiyalarını qeyri-mümkün edən addımlar atılıb, cərimələr tətbiq olunub, yəni, hakimiyyəti tənqidə görə yüksək cərimələr mövcuddur. Sosial şəbəkə istifadəçiləri və jurnalistlər açıq şəkildə hakimiyyətin özbaşınalıqlarını, cinayətlərini tənqid etməkdən məhrumdur və s. Amma Qərb, onun demokratik institutları, insan haqları təşkilatları Ermənistan iqtidarının bu davranışlarına qarşı heç bir tənqidi mövqe sərgiləməyib. Vaxtilə Köçəryan-Sarkisyan hakimiyyətinin seçki saxtakarlıqlarına, cinayətlərinə susanlar, indi də Paşinyan hakimiyyətinin davranışlarına qarşı eyni yanaşma ortaya qoyurlar. Ermənistan hakimiyyəti Qərbin gözündə özünün “toxunulmaz” statusunu qoruyub saxlayır.



Ermənistanda bu gün yaşanan hadisələr Azərbaycanda baş versəydi, eyni mənzərənin şahidi olardıqmı? Əlbəttə ki, yox! Çoxdan bütün beynəlxalq təşkilatlar Azərbaycanı qınamaq üçün növbəyə düzülmüşdülər. Zaman sübuta yetirib ki, hər hansı müxalifətdə olan şəxsin, ictimai fəalın törətdiyi əmələ görə qanun qarşısında cavab verməsi faktı belə Azərbaycana qarşı hücuma keçmək üçün yetərli olub. Azərbaycanın beynəlxalq imicinə davamlı ciddi zərbələr vurmaq üçün bütün imkanlarını səfərbər edən Qərb instututları dəridən-qabıqdan çıxıblar.


Bu gün Ermənistanda hamının gözü qarşısında müxalifətin əzilməsi və sıradan çıxarılması, insan haqlarının tapdanması prosesi davam etdirilir. Bütün bunlara inadkarcasına susmaq Qərb dairələrində ikili standartların, ədalətsizliyin, selektiv münasibətin ən iyrənc şəkil aldığını sübuta yetirmirmi?


44 günlük müharibə zamanı belə ölkəmizdə demokratiya, insan haqları ilə bağlı ittiham xarakterli mövqe sərgiləməyə “cəsarət tapan” Qərb mediası Ermənistandakı kütləvi həbsləri, təqibləri niyə görməzdən gəlir? Qərb dairələri, bu dairələrə bağlı mətbuat illərdir, təkcə Ermənistanda insan haqlarının kobud şəkildə pozulmasına göz yummur. İşğalçı dövlətin müharibə cinayətlərinə qarşı da eyni susqunluq göstərilib.


İkiüzlü siyasətin aparıcıları olan Qərb institutlarının əsl mahiyyəti ortadadır. Özlərini demokratiya carçısı, insan haqlarının müdafiəçisi kimi qələmə verən beynəlxalq qurumlar Ermənistanda baş verənlərə susqun yanaşma nümayiş etdirməklə onsuz da son dövrlər kirlənmiş imiclərinə daha bir zərbə vurmuş olurlar. Görünən odur ki, Qərb institutları ikili standartlardan xilas olmaq güclərini çoxdan itiriblər, hələ də erməni lobbisinin əlində alət olaraq qalmaqdadırlar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir