Modern.az
Qəzənfər Həmidoğlu Baydendən Putinə “9 May təbriki”

Qəzənfər Həmidoğlu

Baydendən Putinə “9 May təbriki”

Analitika

10 May 2022, 10:38

Qəzənfər Həmidoğlu

Putin Ukrayna bataqlığında əlini-üzünü bulaşdırsa da, hələ də inananlar vardı ki, “rus ruhu” ölməyib, Rusiya son sözünü deməyib. Hətta bəziləri əmin idilər ki, Putin 9 mayda papaqdan dovşan çıxaracaq, yeni “hərbi paradiqma” ortaya qoyacaq - Rusiya-Ukrayna müharibəsinin gedişatını dəyişə biləcək açıqlamalar verəcək, qərarlar qəbul edəcək və hansısa addımlar atacaq. Bu kontekstdə bir xeyli təxmin vardı: Putin “müharibə” sözünü dilinə gətirəcək, ümumi səfərbərvərlik elan edəcək, nüvə təhdidini yeni həddə qaldıracaq və s.
 

Bir sözlə, Rusiya-Ukrayna müharibəsinin 75-ci günündə, Moskvada keçirilən faşizm üzərində qələbənin 77 ildöünümü ilə bağlı paradda gözlənilirdi ki, Putinin dünyaya, Nikita Xruşşov kimi “Kuzmanın anasını göstərəcək”.
 

Amma göstərmədi: nə “müharibə” dedi, nə səfərbərlik elan etdi, nə də nüvə raketlərini “yellədi”. “Xüsusi əməliyyat” sözünü də dilinə gətirmədi. Rusiya Müdafiə Nazirliyinin vəd etdiyi “Məhşər günü təyyarəsi” (İl-80) də Qızıl meydanın üzərindən uçmadı. Ümumiyyətlə, Rusiya hərbi təyyarələri paradda havaya qaldırılmadı: görünür, ukraynalılar rus hərbi aviasiyasına dağıdıcı zərbə vurublar. Qalanları ya cəbhədə, ya da təmirdədirlər. Bəlkə də, kerosinləri tükənib ...
 

O boyda raşist təntənəsində Rusiyanın əsas "sərkərdəsi" – RF Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Gerasimov da ortalıqda görünmədi: İzyumdan qaçandan sonra generaldan xəbər-ətər yoxdur...
 

Təbii ki, Putin çıxışında Ukraynada planlarınıın pozulduğunu, uğursuzluğa düçar olduğunu, Rusiyanı rəzil duruma saldığını etiraf etmədi. Bütünlükdə, Rusiya liderinin dediklərindən yox, demədiklərindən, reallıqdan yan ötmələrindən belə qənaət çıxarmaq olar ki, Kremlin sahibi hərbi-siyasi və ideoloji anlamlarda bütün resurslarını tükədib, yeni bir şey düşünmək, çıxış yolu tapmaq imkanını itirib, kritik situasiyaya hazırlıqsız yaxalanıb.
 

Putini ya aldatmışdılar, ya da özü- özünü aldatmışdı ki, Ukraynada gül-çiçəklə qarşılanacaq: onun “xüsusi əməliyyat” planı Kiyevdə hakimiyyəti dəyişmək və bəlkə də daha irəli gedib feyk-dövlət saydığı Ukraynanı xəritədən silmək idi. Amma baltası Ukrayna daşına dəydi. Görünür, bu avantüranın sonrası onun özü üçün də qaranlıqdır ki, Rusiya hazırda işğal etdiyi əraziləri xarabalığa çevirmək və dinc əhalini qırmaqla məşğuldur. Rus ordusu de-fakto qarətçilər və maroderlər ordusuna çevrilib.
 

Putin sinik və hikkəli diktator olsa da, elə də prinsipial və cəsarətli siyasi fiqur deyil. Bu baxımdan, onun müharibə elan edib total səfərbərvərliyə başlayacağı ehtimalı sıfıra yaxın idi. Düzdür, əhalinin 70-80%-nin Putini dəstəklədiyi bildirilir. Amma sərhədləri bağlayıb səfərbərvərliyə başlanılmasına, müharibəni bilavasitə canlarında hiss etmələrinə Rusiya cəmiyyətinin necə kütləvi reaksiya verəcəyi qaranlıqdır. Yəni, müharibəyə tərəf olmaq ayrı, müharibəyə getmək tamamilə ayrı məsələdir...
 

Yeri gəlmişkən, müharibədə ölənlər daha çox Rusiyanın ucqarlarında yaşayanlar, azsaylı xalqların nümayəndələridir. Moskva və digər iri şəhərlərə demək olar ki, çağırışçı əsgərlərin tabutları getmir və ya az gedir. Buryatların və ya dağıstanlıların Ukraynada qırılması Rusiyanı silkələmir, amma Moskva və ya Peterburqda əsgər anaları sakit oturmaya bilərlər...
 


Putin paradda nüvə blefinə də əl atmadı. Baxmayaraq ki, Rusiya rəsmiləri nüvə bombası ilə qorxutmağı sevirlər. Görünür, ABŞ və müttəfiqlərinin adekvat təhdidindən sonra Putin “nüvə dəyənəyi”ni rəfə qaldırmalı olub.
 

Putinin sovet dönəminin nimdaş ritorikasını xatırladan sönük pafoslu çıxışında yeni heç nə yox idi - sadəcə Kreml ruporlarının Rusiya TV-lərindən eşitdiyimiz köhnə ifadələrini, içi boş narrativləri, təbliğat şüarlarını təkrarladı. Guya Ukraynaya qarşı savaş 1941-1945-ci illər müharibəsinin davamı imiş. Soyuq savaş kompleksi, SSRİ-nin süqutunun vurduğu travma adamın iliklərinə elə işləyib ki, XXI əsrin reallıqları ilə barışa bilmir...
 

Rusiya-Ukrayna müharibəsi davam edir. Rusiya ordusu itkilər verir, heç bir irəliləyişə nail ola bilmir, sanki divara dirənib. Düzdür, Ukrayna ordusu da hələlik istədiyi nəticəyə nail ola, əks-hücuma keçə bilmir. Pataoxşar bu vəziyyətdə Putin müharibəni uzatmaqla hansısa uğurlu sona ümid edir. Lakin NATO-nun müasir silahlarla silahlandırdığı Ukrayna ordusu güclənir. Hərbi ekspertlərə görə, Ukrayna hava məkanına nəzarəti bəpa edib Rusiyanın səmadan zərbələrinin qarşısını aldıqdan sonra tezliklə nəinki 24 fevral, hətta 2014-cü il sərhədlərinə çıxa bilər...
 

Nəhayət, mayın 9-da gecə saatlarında ABŞ prezidenti Co Bayden Ağ evdə keçirilən təntənəli mərasımdə Ukraynaya silah, hərbi texnika, dərman və ərzaq yardımının sürətli ötürülməsini nəzərdə tutan “Lend-liz və Ukraynada demokratiyanın müdafiəsi-2022 haqqında Akt” S. 3522 qanununu imzaladı.

Сла́ва Украї́ні!

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı