Modern.az
Qəzənfər Həmidoğlu Rusiya: köhnə tarixin sonu...

Qəzənfər Həmidoğlu

Rusiya: köhnə tarixin sonu...

Analitika

16 May 2022, 11:32

Qəzənfər Həmidoğlu

Hikkəli Kreml, isterik elita və zombiləşmiş kütlə - dünya dəyişir, Rusiya isə həminkidir: bu nəhəng öz qorxunc simasını növbəti dəfə qlobal vitrində sərgiləyir. “Rus mərəzi”nə Pyotr Çaadayev belə diaqnoz qoymuşdu: xüsusi böyük rolu və özünün hamıdan üstün olması haqqındakı təsəvvür Rusiyanı ruhi durğunluğa aparır və inkişafına əngəl olur...
 

Azərbaycan oxucusuna Çaadayev az tanışdır. Rusiyanın, “rus ruhu”nun mahiyyəti isə məhz rus fəlsəfi fikrininin babasının - “Basman dəlisi”nin “Fəlsəfi məktubları”nda açılır: “Hərdən mənə elə gəlir ki, sanki Rusiyanın təyinatı dünyaya belə yaşamamağı və belə etməməyi göstərmək üçündür... Bizim qanımızda hər cür əsl tərəqqini rədd edən nəsə var. Bir sözlə, biz yalnız sonrakı nəsillərin hansısa vacib dərs almaları üçün yaşayırıq”...
 

1836-cı ildə “Teleskop” dərgisində nəşr edilən “Fəlsəfi məktubları” oxuyan çar I Nikolay deyir:
 

- Aydındır. Bunu alman yazıb.
 

- Yox, rusdur, - imperatora başa salırlar.
 

- Yaxşı, onda dəlidir, - deyə çar “diaqnoz” qoyur. – Bu məqalənin məzmunu kəmağıla layiq tərsliklə mənasızlığın qarışığından ibarətdir.
 

Çarın sözü qanundur, Çaadayev rəsmən dəli sayılır və Moskvanın Basman küçəsindəki mülkündə ev dustaqlığında saxlanılır. Sonra azadlığa buraxırlar, amma bir şərtlə ki, “nəsə yazmağa cəsarət etməsin”. “Basman filosofu” dustaqlıqdan sonra “Dəlinin apologiyası” məqaləsini yazır, amma kimsə onun çarın hökmünə qarşı “üzrxahlığı”nı çap etmir...
 


“Fəlsəfi məktublar” və “Dəlinin üzrxahlığı”, Lermontovun təbirincə desək, “yuyulmamış Rusiya”nı bütün çılpaqlığı ilə ortaya qoyur:
 

• Məsələ ondadır ki, biz heç zaman başqa xalqlarla birlikdə irəliləmədik, biz insan növünün məlum heç bir ailəsində deyilik - nə Qərbə, nə Şərqə mənsubuq, nə onun, nə də bunun ənənələrinə sahibik. Sanki biz zamandan kənarda dayanmışıq, insan cinsinin ümumbəşəri tərbiyəsinin bizə dəxli olmayıb


• Dünya qədimdən iki hissəyə ayrılır: Qərb və Şərq. Rusiya hansı hissəyə aiddir, aydın deyil. O, bir tərəfdən Şərq, digər tərəfdən Qərbdir. Belə bir qeyri-müəyyən ölkədə yaşayırıq. Bizim bütün sosial mərəzlərimiz bundandır. Biz ruslar nə vaxt müəyyən olunacağıq, kimsə bilmir.


• Rusiya əhəmiyyətsiz tarixi heçlikdir. Rusiyanın bu boyda böyük ərazisi olmasaydı, onu kimsə sezməzdi.


• Rusiya güclü və aqressivdir. Başına gələnlərdən dərs çıxarmağı bacarmır.


• Ruslar mistizmə meyllidirlər, gündəlik həyata biganədirlər. Bizdə öz sivilizasiyamızı təkmilləşdirmək meyli yoxdur. Min ildir Rusiya xristian dünyasına mənsubdur, amma nədən ruslar yenə vəhşi kimidir? Bəlkə o səbəbdən ki, ruhumuzda xaos var.


• Biz kiçik işlər görməyə həvəsli deyilik, biz nəhəng işlərlə məşğul olmaq istəyirik. Rusiya – bitməmiş fikirlər məkanıdır. İşə başlayanda biz onu bitirməyə can atmırıq. Əksinə, başlamadığımız işləri bitirməyə can atırıq. Nə ediriksə edək, hər dəfə sıfırdan başlayırıq. Hər dəfə yenidən. Başladığımız işlər sıfır nəticə ilə bitir. Buna görə bizdə ekstaz mümkün olan haldır.


• Rusiya xaotikdir. Onda çox ideya var, amma vahid ideya yoxdur. Deməli, biz bilmirik hara gedirik. Və heç hara getmirik.


• Dünyanın heç bir gücü bizi tariximiz boyu qurulan ideyalar dairəsindən çıxmağa məcbur edə bilməz...


Gerçəkdən rus metafizik boşluğunda Çaadayev kimi birisinin zühuru dünyanın sirli işlərindəndir...


***

Qayıdaq günümüzə... Rusiyanın BMT-dəki nümayəndəsinin 1-ci müavini Dmitri Polyanskinin “UnHerd News” onlayn-nəşrinə cümə axşamı verdiyi müsahibəni rus diplomatik abırsızlıq və müzürlüyünün növbəti zirvəsi saymaq olar.
 

Daha əvvəl Ukraynanın Avropa İttifaqına daxil olmasında problem görməyən Moskva indi mövqeyini dəyişib. Ruslar artıq Avropa İttifaqını NATO-ya tay tutur, ona da hərbi blok kimi baxırlar. “Əvvəl biz Ukraynanın Aİ-yə daxil olmasından elə də narahat deyildik. Lakin cənab Borrelin “bu müharibə döyüş meydanında udulmalıdır” bəyanatından, həmçinin Aİ-nin Ukraynaya silah tədarükünün liderinə çevrilməsindən sonra situasiya dəyişib. Düşünürəm ki, bizim indi Aİ-yə münasibətdə mövqeyimiz daha çox NATO üzrə mövqeyimizə oxşayır. Biz onların arasında böyük fərq görmürük”, - deyə Polyanski ingilis nəşrinə müsahibəsində bildirib.
 

Dediyinə görə, hazırda Ukrayna ilə danışıqlarda Rusiyanın tələblərindən biri Kiyevin blokdankənar statusudur – yəni, hər hansı bir hərbi ittifaq və təşkilata qoşulmamasıdır. Adam dərhal əlavə edib ki, Moskva indi Ukraynadakı situasiyanın həlli üçün “diplomatik variantlar görmür” və “demilitarizasiya və denasifikasiya olmadan Ukraynada sülh əldə edilməyəcək”...
 

Əslində, rus diplomatiyası tarixən təhdid, həyasızlıq, nihilizm və qatıqlamanın “diplomatik kokteyl”indən başqa bir şey deyil. Mizə Cəlil 1917-ci ilin yazında “Boğaz məsələsi” felyetonunda Kerenski hökumətinin İstanbul boğazlarına iddiası ilə bağlı yazırdı: “... təzə hökumətimizin xariciyyə vəziri Milyukov...deyir ki, gərək İstanbuldan türkləri yerli-dibli qovaq. Dardanel boğazını tutub onlardan alaq!.. Allahü əkbər, sübhanallah!.. Vallah, billah, başa düşmürəm... Bir məni başa salın görüm, aya Vilhelm bəy (alman imperatoru II Vilhelm) ki, doğrudan da Mülyukovun boğazından yapışıb istıyir boğsun, dəxi Dardanel boğazının günahı nədir ki, Milyukov da ora istəyir “şətəl” qatsın?... Atalar deyib: “ Dəvədən yıxılıb höt-hötünü əldən qoymur”.
 

A balam get işinə-gücünə, Mən ölüm, get özünə iş axtar”.
 

Rusiya siyasəti, hərbiyyəsi, xariciyyəsi indi Ukraynada rəzil günə düşüb, bu gün-sabah dəvədən guppultu ilə yerə səriləcək, amma “höt-höt” deməkdə davam edirlər. Bütün ölkədə kütləvi və isterik “höt-höt”ləmə prosesi gedir. Hara gəldu “Z” hərfini taxırlar, yapışdırırlar, asırlar. Bu hərbi-raşist simvolun mənaviyyata-mədəniyyətə nə dəxli var? Aparıb qədim teatrın fasadından asırlar, təpəsinə taxırlar...
 

“Ağılla Rusiyanı anlamaq olmaz, ümumi arşın ilə də ölçmək olmaz: o, təkcə özünə məxsusdur - Rusiyaya yalnız inanmaq olar”. Fyodor Tütçev belə deyirdi. Amma Çaadayevə görə, anlaşılmaz-ölçülməz olması bir yana, Rusiyaya inanmağın, bel bağlamağın özü də şübhəli iş, təhlükəli perspektiv, fatal diaqnozdur...
 

Rusiya imperiyası Kiyev Rusunu tarixi beşiyi sayır, güman ki, sonunu da o beşikdə görəcək...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir