Modern.az

Brüssel prosesi aktiv mərhələyə keçir

Analitika

23 May 2022, 14:50

Elman Babayev

Şarl Mişelin ev sahibliyi ilə gerçəkləşən görüşdə statusdan deyil, Azərbaycanda yaşayan erməni əhalinin hüquqları barədə danışılıb
 

Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə sayca üçüncü görüşündə əldə olunan razılaşmalar, müzakirə edilən digər məsələlər bu format çərçivəsində aparılan danışıqların uğurla nəticələnəcəyinə ümidləri daha da artırır. Prezident Şarl Mişelin ev sahibliyi ilə gerçəkləşən müzakirələrdən sonra verdiyi bəyanata əsasən, əldə olunan anlaşmalar sırasında sərhədlə və sülh sazişi ilə bağlı məsələlər əsas diqqət mərkəzində dayanıb:


- Sərhəd məsələləri ilə bağlı komissiyaların birinci birgə iclasında dövlətlərarası sərhəddə yaxın günlərdə baş tutacaq və delimitasiya, sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı bütün məsələlər müzakirəyə çıxarılacaq;


- Kommunikasiya, nəqliyyat əlaqələrinin açılması istiqamətində işlərin davam etdirilməsi zərurəti üzərində razılıq əldə edilib və yaxın günlərdə baş nazirlərin müavinləri bu işi davam etdirəcəklər;


- Liderlər Ermənistan ilə Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsinə dair müzakirəni davam etdirmək barədə anlaşıblar və yaxın həftələrdə xarici işlər nazirlərinin başçılığı ilə nümayəndə heyətləri bu prosesi həyata keçirəcəklər



Prinsipcə olduqca önəmli bu istiqamətlər ilk baxışdan bundan əvvəlki danışıqlarda toxunulan məsələlər davamıdır. Burada üzərində dayanılmalı məqam oldur ki, məhz Ermənistanın daxilindəki siyasi qarışıqlıq, Paşinyana qarşı kənardan idərəolunması şübhə yaratmayan müxalifətin etirazları, həmçinin məhz bu ölkənin məsuliyyətsiz fəaliyyəti nəticəsində bundan öncə əldə olunan razılaşmaları irəli daşımaq mümkün olmayıb.


Prezident Şarl Mişelin “biz sıx təmasda qalmağa razılaşdıq və iyul-avqust aylarına qədər eyni formatda yenidən görüşəcəyik” açıqlaması deməyə əsas verir ki, bu dəfəki görüş daha məhsuldar olub və qeyd olunan razılaşmaların irəli aparılması, həyata vəsiqə qazanması üçün tezliklə real addımlar atılması gözlənilir. Və iyul-avqust aylarına planlaşdırılan növbəti görüşə qədər kommunikasiyaların açılması istiqamətində daha konkret ikitərəfli müzakirələr aparılacaq, o cümlədən Zəngəzur dəhlizinin reallaşdırılması, beynəlxalq daşımaların tənzimlənməsi və başqa məsələlərlə bağlı irəliləyişlər baş verəcək. Eyni zamanda, sərhəd idarəçiliyi, təhlükəsizlik, torpaq haqları, həmçinin beynəlxalq daşımalar kontekstində gömrük prinsipləri barədə müzakirələr intensivləşəcək, əldə olunan razılaşmaların gerçəkləşməsi ilə bağlı proses aktiv fazaya qədəm qoyacaq. Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsi üzrə müzakirələrin irəli aparılması ilə paralel, Avropa İttifaqının əhalinin uzunmüddətli davamlı sülhə hazırlanmasına dəstəyini ifadə etməsi də təqdir olunmalı məqamdır və rəsmi Bakı hər zaman bu məsələ ilə bağlı işlərin aparılmasına dəstək verib. Üçtərəfli görüşdə humanitar sahədə işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, itkin düşmüş şəxslərin taleyi də yenidən müzakirə olunub ki, bunlar da xüsusi önəm daşıyan məqamlardır.


Avropa İttifaqı prezidentinin mətbuata bəyanatında önə çıxan əsas məsələlərdən biri də Qarabağdakı etnik erməni əhalinin hüquqları və təhlükəsizliyi məsələsinin həll olunması, bu xüsusda İttifaqın tərəflərlə birlikdə hər iki ölkənin və onların xalqlarının rifahı naminə iqtisadi inkişafı təşviq etməyə çalışan İqtisadi Məşvərət Qrupunun işini inkişaf etdirəcəyi ilə bağlıdır. Məsələyə Azərbaycanın maraqları kontekstindən yanaşsaq, bu müzakirələr zamanı “Dağlıq Qarabağ” ifadəsi işlədilməyib, yalnız Qarabağ deyilib. Bu, bir daha öncəki görüşlərdə olduğu kimi, status məsələsinin ümumiyyətlə müzakirə olunmadığını, Azərbaycanın bununla bağlı birmənalı mövqeyinin tam qəbul edildiyini təsdiqləyir. Bəyanatdan da göründüyü kimi, bu yöndə məsələlərin müzakirəsi zamanı yalnız Azərbaycanda yaşayan erməni əhalinin hüquqları barədə danışılıb. Hansı ki, bunu da Azərbaycan özü həmişə ifadə edib və 44 günlük Vətən müharibəsindən sonra dəfələrlə Xankəndində olan ermənilərin təhlükəsizliyinə təminat verəcəyini açıq şəkildə ortaya qoyub.


5 saat çəkən Brüssel görüşünün nəticələrini ümumiləşdirsək, Azərbaycanın mövqeyi verilən bəyanatda əks olunub: Azərbaycan postmüharibə dövründə irəli sürdüyü təkliflərə sadiqdir və müzakirələr də bu çərçivədən kənara çıxmır. Sərhədlərin və ərazi bütövlüyünün tanınması, kommunikasiyaların açılması, Zəngəzur dəhlizi layihəsinin gerşəkləşməsi, üçtərəfli bəyanatların tam şəkildə həyata keçirilməsi, münasibətlərin beynəlxalq hüquq prinsipləri əsasında normallaşması Azərbaycanın dəyişməyən mövqeyidir. Bu mövqe indiyə qədər beynəlxalq dəstək qazanıb və Avropa İttifaqının timsalında davam etdirilən müzakirələrin detalları bu dəstəyin real ifadəsidir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır