Modern.az
Qəzənfər Həmidoğlu Antiputin cəbhəsində

Qəzənfər Həmidoğlu

Antiputin cəbhəsində "kakofoniya"…

Analitika

26 May 2022, 17:46

Qəzənfər Həmidoğlu

Kissincerin Davosdakı diskursu – Ukraynanı Rusiyaya “ərazi güzəşti”nə getməyə, Qərbi isə Putinə münasibətdə çox aqressiv olmamağa çağırması ABŞ-ın ümumi anti-Rusiya mövqe və ovqatında ilk “dissonans” deyil.
 

Biabırçı Uotergeyt qalmaqalı zamanı prezident Riçard Niksonun milli təhlükəsizlik üzrə müşaviri olmuş Henri Kissincerin mayın 23-də Dünya İqtisadi Forumuna xitabən Kiyevi yaxın vaxrlarda Moskva ilə danışıqlara çağırışından 4 gün əvvəl - mayın 19-da “New York Times” qəzeti redaksiya məqaləsində Rusiya ilə savaşda Ukraynanın qələbəsini “qeyri-realist” ssenari adlandırmışdı: “Ukraynanın Rusiya üzərində qəti qələbə nəticəsində rusların 2014-cü ildən işğal etdiyi bütün əraziləri qaytara biləcəyi realist hədəf deyil”.
 

Amerikan nəşri yazır ki, Rusiya hələ də çox güclüdür, Putin isə geri addım atana oxşamır – odur ki, əgər Moskva ilə Kiyev danışıqlara başlayarsa, Ukrayna lideri kompromisə üçün “ağrılı ərazi qərarı” verməli olacaq. Məqalə müəlliflərinə görə, Amerika və Avropanın yardımı ilə Ukrayna ordusunun Rusiyanı savaşdan əvvəlki mövqelərinə geri oturtması şirnikləndirici, amma “təhlükəli gümandır”. Nyu-York qəzeti yazır ki, Vaşinqton siyasətçilərinin hərbi ritorikası savaşa son qoyacaq danışıqları yaxınlaşdırmır. Müəlliflər etiraf edirlər ki, ABŞ Ukraynaya hərbi və siyasi dəstək vermək hədəfini dəyişə bilməz, amma Rusiya ilə tammiqyaslı müharibə Vaşinqtonun maraqlarına uyğun deyil. Məqalədəki qəfil anti-Ukrayna ovqatı xüsusilə diqqəti cəlb edir: “ABŞ prezidenti Bayden Ukrayna lideri Zelenskiyə və ukraynalılara başa salmalıdır ki, ABŞ və digər NATO ölkələrinin Ukraynaya verdikləri dəstəyin bir həddi var...Çox vacibdir ki, Ukrayna hökumətinin qərarları öz imkanlarının və ölkənin bundan sonra nə qədər itkilər verə biləcəyinin realist dəyərləndirilməsinə əsaslansın...”
 

“New York Times” həmçinin əllaməçilik edir və Ukraynanın başına ağıl qoyur ki,

“eyforiyadan yaxa qurtarsın, kinayəli sancmalardan əl çəksin, missiyasının müəyyən edilməsi və yerinə yetirilməsi üçün toparlansın”.
 

Nəşr “yolüstü” Ağ evin bostanına da daş atır: Amerika cəmiyyəti ABŞ hakimiyyətinin fəaliyyətini əbədi dəstəkləməyəcək, çünki “vətəndaşlar üçün inflyasiya Ukraynadakı münaqişədən daha ciddi problemdir, ərzaq və enerji tədürüklərində çətinliklərsə, belə görünür ki, artacaq”.
 


Ümumiyyətlə, situasiyaya “realist baxan” “New York Times” ilə Ukraynanı ərazi güzəştinə çağıran “praqmatik-futurist” Kissencerin “putinoid” mövqelərini qəfil kakofoniya kimi dəyərləndirmək olardı. Amma onlardan daha əvvəl belə bir mövqeyi mayın 7-də “Financial Times” qəzetinə müsahibəsində məhz Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Bill Berns ortaya qoymuşdu. “Putin narazılıq, ambisiya və qeyri-əminliyin partlayıcı qarışığında qaynayır” deyən Berns müsahibədə kəşfiyyatçıdan daha çox psixoloq və ya psixiatr kimi çıxış edir: “ Putin Ukraynada müharibəni davam etdirmək niyyətindədir, çünki o, məğlub olması ilə barışa bilməz”.
 

Təbii ki, MKİ şefi heç təsəvvür belə edə bilməz ki, Rusiya lideri beynində nə bişirir. Yəni, bu “təqdimat”da Putinin niyyəti deyil, ABŞ-ın planı gizlənə bilər. Sanki belə mesaj verilir ki, Qərb də Putinin Ukraynada “məğlub olması ilə barışa bilməz”.
 

Diqqəti bu cəlb edir ki, artıq 20 gündür Qərbdə bu seriyadan olan yazılar, mövqelər və çıxışlar dövriyyəyə buraxılır. Bəzi Avropa ölkələri sülh təşəbbüsü, bəzi Qərb liderləri Putinin “simasını saxlamaq” təklifləri ilə çıxış edirlər.
 

Zamanlama anlamında Qərbdə “ruspərəst” mövqelərin ortalığa atılması “Lend-liz dönəmi”nə təsadüf edir. Yada salaq ki, aprelin 28-də Konqresin aşağı palatasından keçən “Ukrayna üçün lend-liz aktı haqqında” qanunu Bayden mayın 9-da imzalayıb.
 

Berns və Kissincerin mövqelərinin, “New York Times”da gedən yazıdakı fikirlərin oxşarlığı onların bir mənbədən qaynaqlandığını iddia etməyə imkan verir. Belə mülahizə yürütmək olar ki, Qərb artıq Putinin dərsini verdiyini, onun da bu dərsi aldığı qənaətinə gəlsə, müharibənin gedişində tamamilə fərqli kampaniyanın, trendin şahidi ola bilərik. Yəni, bu dəfə Putinin simasını saxlamaq üçün Zelenskiyə qarşı aqressiv psixioloji və siyasi təzyiqlər başladıla bilər. Hər halda və təəssüf ki, Berns, Kissincer və ya “New York Times”dakı məqalə belə xoş olmayan siqnal verir. Sanki hansısa elə bir formul axtarılır ki, həm Vaşinqtonu, həm də Moskvanı qane etsin. Problemsə bundadır ki, belə bir formul Kiyevi razı sala bilməz. Və hər şey Vaşinqton və ya Moskvanın istədiyi kimi deyil, Kiyevin istədiyi kimi də gedə bilər, nə qədər realist səslənməsə belə...
 

Kimlərsə Ukraynanı özgə maraqlarının qurbanı saya, ona Rusiyanın batırılacağı bataqlıq kimi baxa və onu Moskva ilə Qərbin toqquşduğu döyüş meydanı kimi görə bilər. Amma Ukraynada içi biz qarışıq postsovet məkanın gələcək taleyi həll olunur. “Patriarxın payızı: Kissincer Putinə lobbiçilik edir” adlı əvvəlki yazımda Ukraynanı ərazi təslim etməyə çağıran ABŞ-ın keçmiş dövlət katibinin mövqeyini bizim bəzi amerikanpərəstlərdən və ya “rusbaşlılar”dan fərqli olaraq Azərbaycan və Ukraynanın maraqları kontekstində dəyərləndirməyə çalışmışdım. Rəsmi Bakı Krımın ilhaqını, Donbasdakı qondarma qurumları tanımır, Azərbaycan rəhbərliyi ən yüksək səviyyədə açıq mətnlə Kiyevi ərazilərinin işğalı ilə barışmamağa çağırır. Hər bir halda, Ukraynanın ərazisinin bir hissəsindən könüllü imtina etməsi postsovet məkanı üçün təhlükəli presedentdir.
 

Kissincer Rusiyanı “Avropanın 400 illik həyati vacib hissəsi” və ya Çinə qarşı alət saya bilər, amma postsovet məkanı, bizim üçünsə bu dövlət 200 illik bitib-tükənməyən bəladır. Putin Rusiyası isə müasir dünyanın, ümumiyyətlə, sivilizasiyanın qara bəlasıdır. Zelenski demişkən, bu qəddar gücün bildiyi yalnız öldürməkdir...
Слава Україні!

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir