Modern.az
Qəzənfər Həmidoğlu Tokayevin 2-ci furoru ​​​​​​​və ya Orta dəhliz ortada qaldı?

Qəzənfər Həmidoğlu

Tokayevin 2-ci furoru ​​​​​​​və ya Orta dəhliz ortada qaldı?

Analitika

20 İyun 2022, 17:36

Qəzənfər Həmidoğlu

Ötən çərşənbə günü, iyunun 15-də Pavlodardan (Qazaxıstan) çıxan konteyner qatarı bazar günü Tehrana çatdı. İyunun 19-da səhər qatar fitini verib Tehrana girəndə Sankt-Peterburq triumfatoru - Rusiyanın şimal paytaxtında keçirilən beynəlxalq forumda cümə günü furor yaradan və açıqlamaları ilə ev sahibi Putini soyuq duşa salan Qasımcomərd Tokayev də özünü İran paytaxtına yetirdi. Qazaxıstan lideri burada geosiyasi olmasa da, “lojistik furor” yaratdı...
 

Tokayev iranlı həmkarı İbrahim Rəisi ilə birlikdə təntənəli onlayn-mərasimlə qazax kükürdünü daşıyan qatarı Türkiyəyə yola saldı. Beləliklə də, ilk konteyner qatarının yola salınması ilə test edilən 6336 kilometrlik Qazaxıstan (3185 km)-Türkmənistan (700 km)-İran (1517 km) -Türkiyə (934 m) dəmir yolu marşrutu Çinlə Avropa arasındakı Mərkəzi Asiya-Türkiyə dəhlizində Middle Corridor-un ( Orta dəhliz) əsas həlqəsi Bakı–Tiflis–Qars (BTQ) dəmir yolu xəttinın rəqibi oldu.
 

Rusiya-Ukrayna müharibəsi, geosiyasi gərginliyin artması özünün ilk təsirlərini beynəlxalq konteyner daşınmaları bazarını və qlobal logistikanı kardinal dəyişikliklərə məruz qoymaqla göstərdi və nəticədə Avropa-Çin tədürüklərində Rusiyanın aparıcı həlqə olduğu marşrut - Şimal dəhlizi (Çin-Qazaxıstan-Rusiya-Belarus-Polşa) qırıldı. Rusiyanın nəqliyyat blokadasına alınmasından sonra Avropa, Çin, Qazaxıstan və s. ölkələr bu dəhlizə alternativ axtarmaqla məşğul idilər. Bu fonda Rusiya Dəmir Yolları ilə iş görmək istəməyənlər Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna və ya Orta dəhlizə ( Çin-Qazaxıstan-Xəzər dənizi- Azərbaycan-Gürcüstan-Türkiyə) yeganə real alternativ kimi baxmağa başlamışdılar. Cənub dəhlizi (Qazaxıstan-Türkmənistan-İran-Türkiyə) üçüncü variant kimi nəzərdən keçirilirdi və İranın ABŞ-ın sanksiyaları altında olması ucbatından bu marşruta maraq böyük deyildi...
 

Hələ martın 31-də Azərbaycan, Gürcüstan, Türkiyə və Qazaxıstan Orta dəhlizin tranzit potensialını, dəyərini ortaya qoymaq üçün Şərq-Qərb Transxəzər dəhlizi haqqında bəyannamə imzalamış və “Middle Corridor” adlı birgə müəssisə yaratmağa qərar vermişdilər. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Trans-Caspian International Transport Route/TİTR) katibliyinin məlumatına görə, birgə müəssisə ya gələn ilin əvvəlinə, ya da ortalarınadək rəsmən fəaliyyətə başlayacaq.
 


Mayda Ankarada səfərdə olan Tokayevin türkiyəli həmkarı Ərdoğanla görüşündə də Xəzər üzərindən keçən “Şərq-Qərb” Orta dəhlizi və onun əsas elemeni olan Bakı-Tiflis-Qars dəmir yolu diqqət mərkəzində idi. Səfər zamanı imzalanan Türkiyə-Qazaxıstan sənədləri arasında “Beynəlxalq yüklərin kombinasiyalı daşınması haqqında hökumətlərarası saziş” də vardı. TİTR-in önəmini qeyd edən Qazaxıstan lideri bildirmişdi: “İki dövlət üçün Transxəzər beynəlxalq nəqliyyat marşrutunun potensialından faydalanmaq xüsusilə vacibdir”.
 

Orta dəhlizin digər dəhlizlərdən spesifik fərqi onun multidaşımaçılıq xarakteri - dəniz və quru yollarının kombinasiyasından ibarət olması ilə bağlıdır. Yəni, yük əvvəlcə dəmir yolu ilə Aktau limanına çatdırılır, orada boşaldılır, gəmiyə yüklənilir, Bakıya göndərilir və burda yenidən boşaldılır, vaqonlara yüklənilir. Təbii ki, bu, TİTR-i digər əsas marşrutlarla müqayisədə daha az rəqabətqabiliyyətli və bir qədər bahalı edir. Həmçinin Xəzər dənizinin buraxılış gücü, liman infrastrukturunun sinxron fəaliyyəti və dəhlizboyu ölkələr arasında yüksək koordinasiya tələbləri ilə bağlı problemlər də Orta dəhlizin cəlbediciliyini zəiflətməmiş deyil. Bununla belə, Rusiya-Ukrayna müharibəsi Orta dəhlizi və onun əsas həlqəsini - böyük potensiala malik BTQ-ni ön planı çıxarırdı. Qazaxıstan zəngin təbii sərvətlərə sahibdir, Ukraynadakı müharibənin uzanmasının vurduğu zərər və riskləri minimallaşdırmaq yolları axtarırdı. Başqa sözlə, Qazaxıstan Şimal dəhlizinin yerinə başqa dəhliz, başqa marşrut tapmalı idi. Qazaxıstan son 2-3 ayda dəhlizboyu ölkələrdə infrastruktur məsələlərini, dəmir yolu magistralının texniki problemlərini, relslərin (köhnə sovet və Avropa tipləri) dəyişməsi tezliyini, yüklərin (məsələn, taxıl, pambıq və ya sıxılmış qazın) daşınması üçün xüsusi vaqonların olmasını, anbarların durumunu, tarif şərtlərini öyrənirdi. Xəzərin bu tayındasa güman edirdilər ki, Rusiyadan keşən dəmir yoli marşrutunun oyundankənar qalması BTQ-yə avtomatik möhtac qalınacaq...

Amma rəsmi Nursultan alternativi Orta dəhlizdə deyil, Cənub dəhlizində tapdı. Şübhəsiz ki, Cənub dəhlizinin test edilməsi Pekinin xeyir-duası ilə baş tutub. Tehranı sevindirən bu dəhlizə Qərb də qarşı deyil. ABŞ və müttəfiqləri üçün hazırda əsas olan yüklərin Rusiyadan yan keçməsidir...
 

Azərbaycan və Gürcüstan yalnız Qazaxıstan yüklərinin deyil, bütünlükdə Çin mal və yüklərinin Orta dəhlizlə Avropaya axacağına böyük ümidlər bəsləyir. Ekspertlərə görə, Çin Xalq Respublikası da BTQ-yə böyük maraq göstərir. Amma hələlik çinlilər Orta dəhlizi öyrənir, araşdırır, təhlil edirlər ki, bu marşrut onlara nə qədər sərfəlidir.
 

Şübhəsiz ki, TİTR və onun əsas həlqəsi olan Bakı-Tiflis-Qars dəmir yolu marşrutu ciddi potensiala sahibdir. Və yaxud Qazaxıstanın kükürd yükünü Avropaya Qazaxıstan-Türkmənistan-İran-Türkiyə marşrutu ilə yola salmasını Cənub dəhlizinin Orta dəhlizi arxa plana sıxışdırması kimi yozmaq tezdir.
 

Lakin oturub o boyda layihənin - milyard dollarlıq BTQ-nin potensialının zamanla ortaya çıxacağına sadəcə ümid bağlamaq seyidin cəddinə arxayın olması kimi bir şey və ya rəqabətə alışmayan monopolist zehniyyətin astar üzüdür. Nəqliyyat dəhlizləri bazarında asanlıqla pay sahibi olmaq mümkün deyil. İnersiyadan qurtulmağa, digər dəhlizlərlə müqayisədə daha cəlbedici tariflərin, şərtlərin irəli sürülməsinə ehtiyac var.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı