Modern.az
Qəzənfər Həmidoğlu Torilər Consonu nədən yıxdılar?

Qəzənfər Həmidoğlu

Torilər Consonu nədən yıxdılar?

Analitika

9 İyul 2022, 12:53

Qəzənfər Həmidoğlu

Böyük Britaniyanın baş naziri Boris Conson hökumət başçısı vəzifəsindən və hakim Mühafizəkarlar Partiyasının lideri postundan getdi. Daha doğrusu, liderlərinə arxa çevirən Torilər “Brexit”in memarı və Zelenskinin ən parlaq dəstəkçisini “dünyanın ən gözəl işi” saydığı Birləşmiş Krallığın hökumət başçısı postundan getməyə məcbur etdilər.
 

Londonun Dauninq strit küçəsindəki 10 saylı evdə son aylar işlər yolunda getmirdi. Apreldə Conson Böyük Britaniyanın vəzifə başında qanunu pozan ilk baş naziri oldu. Öz hökumətinin Covid-19 pandemiyası ilə bağlı elan etdiyi karantini pozaraq gecə ziyafətində iştirak etdiyi üçün polis baş naziri cərimələdi. Bir həftə əvvəlsə partiyasının önəmlü fiqurlarından olan Kris Pinçerin mühafizəkarların qapalı klubundakı gecədə həmcinsinə “girişməsi” Birləşmiş Krallıqda Conson üçün xoş olmayan siyasi-seksual skandala rəvac verdi.
 

İyundaTorilər iki dairədə təkrar seçkiləri uduzdular ki, bunlardan birində mühafizəkarlar 100 ildən artıq idi məğlub olmurdular. Hər iki dairənin mandatı daha əvvəl mühafizəkarlarda idi: onlardan biri seksual təcavüzə görə mühakimə olunmuş, digəri isə parlamentdəki debatlar zamanı pornoqrafiyaya baxdığını etiraf etmişdi.
 

Türk yazar, qəzetçi və siyasət adamı, Damad Fərid Paşa hökumətinin daxili işlər naziri Əli Kamalın nəvəsini - bir çoxlarına görə xarizmatik, digərlərinə görə ekstravaqant fiqur olan Consonu kraliça II Elizabetin xətrinə dəyən ilk hökumət başçısı da saymaq olar. 2021-ci il aprelin 16-da ülyahəzrətin əri şahzədə Filipin dəfni ərəfəsində - Britaniyanın matəm içində olduğu bir vaxtda Dauninq stritdəki ev №10-da təmtəraqlı gecə ziyafəti olmuşdu. Conson iqamətgahındakı həmin ziyafətdə iştirak etməsə də, qınaqlardan yaxasını qurtara bilmədi...
 

Üçillik baş nazirliyi dönəmində qalmaqallar Consondan əl çəkmirdi. Mühafizəkarlar onun Torilərin parlament fraksiyasından Uinston Çörçilin nəvəsi ser Nikolas Somsu qovmasını da bəyənməmişdilər...
 

Rəy sorğuları da baş nazirin əeyhinə idi. YouGov-un sorğusuna əsasən, hökumətin işini britaniyalıların 60%-i, şəxsən Consonun fəaliyyətini isə 71%-i bəyənmir. Sosioloqların proqnozuna görə, əgər ötən həftə seçki keçirilsəydi, leyboristlərə mühafizəkarlardan daha çox səs verilərdi və Torilər parlamentdə ən azı 26 yer itirərdilər.
 

Bu uğursuzluqlar fonunda Torilər başlarına çarə axtarmağa başladılar. Düz bir ay əvvəl – iyunun 7-də partiyadaşları Consona qarşı etimad votumu məsələsini qaldırdılar. Mühafizəkarlar Partiyasının parlamentdəki 211 nümayəndəsi Consona etimad votumunun verilməsinin lehinə səs verdi, 148 partiyadaşı isə ona qarşı çıxdı.
 


Conson bu sınaqdan çıxa bilsə də, hökuməti yırtıq corab kimi sökülməyə başladı. Etimad səsverməsindən bir ay sonra onun hökuməti artıq baş nazirlə işləmək istəmirdi: kabinetinin 50-dən artıq üzvü və yüksəkrütbəli məmur istefa verdi. Baş nazir dirənsə də, nazirləri onu yıxmaqda israrlı idilər. Yeni təyin etdiyi nazirlər də ona arxa çevirirdilər. İki gün əvvəl maliyyə naziri təyin etdiyi İraq əsilli Nadhim Zahavi iyulun 7-də səhər baş naziri istefaya çağırdı. İyulun 5-də təhsil naziri təyin etdiyi Mişel Dounlan isə iki gün sonra postundan imtina etdi...
 

İngilislərə lider bəyəndirmək çətin işdir, görünür onlara bir kraliça bəs edir. Britaniyalılar hətta dünya siyasətinin Çörçil və Tetçer kimi unudulmaz simalarına da “qulp” qoya bilirlər. İkinci Dünya müharibəsindən sonra parlament seçkisində ağır məğlubiyyətə uğrayan və bunun səbəblərini izah edə bilməyən Torilərin lideri Çörçill seçkinin nəticələrini “Seçicilərdən təpik ordeni” adlandırmışdı. Ötən əsrin 90-cı illərində Böyük Britaniya iqtisadiyyatının çiçəklindiyi bir vaxtda seçicilər baş nazir Con Meycorun sadəcə “simasından yorulduqları üçün” leyboristlərə səs verib Toni Bleri hakimiyyətə gətirdilər...
 

Conson Ukraynanın ən böyük dostlarından biri və ən parlaq antiputinçi idi. Şübhəsiz ki, ruslar onun istefasını toy-bayram edəcəklər. Amma Böyük Britaniya kimi dövlətdə hökumət başçısının istefasını xarici faktorlarla bağlamaq sadəlövhlükdür. İngilislər xarici siyasətlərini uzunvədəli, onilliklər üzrə planlayır, reallaşdırır və az qala bütün dünyanı öz ssenarilərinə uyğunlaşdırırlar. Bu baxımdan rəsmi Londonun Ukraynaya dəstəyində, anti-Rusiya siyasətində və Avropa Birliyi ilə münasibətlərində, eləcə də Ankara və Bakı ilə isti münasibətlərində dəyişiklərin olacağını düşünmək nonsensdir.
 

Bu başqa məsələdir ki, dünya siyasətindən Conson kimi fərqli, Qərbin indiki siyasətçilərinə bənzəməyən, təxminlərə uymayan, sürprizlər vəd edən və hətta simpatik sayıla biləcək bir lider getdi...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər