Modern.az
Qəzənfər Həmidoğlu Rusiya-Ukrayna savaşının yarımili: Putinin imici kəlləmayallaq getdi

Qəzənfər Həmidoğlu

Rusiya-Ukrayna savaşının yarımili: Putinin imici kəlləmayallaq getdi

Analitika

20 Avqust 2022, 13:03

Qəzənfər Həmidoğlu
 

Avqustun 24-də Rusiya-Ukrayna savaşının yarım ili tamam olacaq. Həmin gün Rusiya təcavüzünə qarşı ölüm-dirim mübarizəsi aparan Ukrayna xalqı Müstəqillik gününü – Ukraynanın müstəqilliyinin elan edilməsinin 31-ci ildönümünü qeyd edəcək...
 

Müharibənin ilk həftəsi göstərdi ki, Putin strateji qələtə yol verib. Kremlin hesablamaları alınmadı: blitskriq Kiyev ətrafında bataqlığa gömüldü, Ukrayna xalqının sərt və cəsur müqaviməti qarşısında “dünyanın 2-ci ordusu”nun imici kəlləmayallaq getdi. Moskvada kimsə ağlına gətirmirdi ki, Rusiyanın “xüsusi əməliyyatı” ukraynalılar üçün Vətən müharibəsinə çevriləcək, yalnız Ukrayna ordusu deyil, sıravi ukraynalılar da öz torpaqlarını “böyük qardaş”ın qanı ilə suvaracaqlar.
 

Axı Kremldəki psevdotarixçi rusları inandırırdı ki, Ukrayna xalqı yoxdur, bu xalqı kimsə uydurub, süni yaradıb. Putin öz absurd hipotezinin – “ukraynalı” sözünü Reç Pospolitiya xorunjası qraf Pototskinin uydurması, Ukrayna dövlətini isə Leninin yaratması cəfəngiyyatının əsiri idi. Amma “mövcud olmayan ölkənin süni yaradılmış xalqı” Putinə Kuzmanın anasını göstərdi, dəhşətli müharibənin ilk günündən Vətənin müdafiəsinə yüz minlərlə könüllü çıxardı.
 

Kremldəki monstra göstərdilər ki, rus ordusu Ukrayna kənd və şəhərlərini atəşə tuta, yandıra, talan edə, dinc əhalini amansızcasına qətl edə bilər, amma Ukraynalı ruhunu öldürə bilməz. Ölkə xarici düşmənə qarşı möhtəşəm birlik və həmrəylik göstərdi, öz prezidenti ətrafında sıx birləşdi. Ötən 6 ayda Ukraynanın müxtəlif millətlərdən olan vətəndaşları nümayiş etdirdilər ki, bu ölkənin sadəcə sakini və ya əhalisi deyillər, milli ruh sahibidirlər.
 

Hakimiyyəti boyu Putinin Kremldəki dincliyini pozan, zəhləsini tökən iki şey vardısa, biri Kiyevdəki “Maydan” idi. Putin fevralın 24-də “Maydan”ı boğmaq üçün Kiyevə yürüşə çıxdı, amma qarşısında Ukraynanı gördü. Və yalnız Ukraynanı deyil, bütün sivil dünyanı gördü. Ruslar qarşılarında belə anti-Putin koalisiyasını görəcəklərini də hesablamamışdılar...
 

Rusların Kiyev ətrafından biabırcasına qaçmaları ilə Putin müharibəni strateji cəhətdən uduzdu. Kremlin strateji hədəfi Ukraynanın suverenliyinə və müstəqilliyinə son qoymaq, hətta “onu Rusiyanın tərkibinə qatıb xəritədən silmək idi” (Blinken). Aydın oldu ki, mövcud geosiyasi reallıqda sahib olduğu ordusu ilə Putin Qərbin silahlandırdığı və arxasında durduğu Ukraynanı zəbt eləməyə qadir deyil...
 

Rusiyanın Ukraynaya təcavüzünə Rusiya yanlısı olanlar Putinin buna məcbur olması, Qərbin Rusiya liderini təhrik etməsi ilə “bəraət” qazandırırlar. Qərbin Rusiya-Ukrayna savaşındakı maraqları ətrafında polemika açmaq olar. Amma Rusiya lideri Kremldə oturandan imperiya hikkəsini gizlətmirdi, sadəcə Qərbdə buna barmaqarası baxırdılar. Rusların NATO-nun şərqə doğru genişlənməsinin Rusiyanın təhlükəsizliyini təhdid etməsindən danışmaları bəhanədir. Kremli reallıqda daha çox qəzəbləndirən bu genişlənmənin, postsovet məkanında Qərbmeylli tendensiyaların Moskvanın imperiya planlarına, SSRİ-2.0 xülyasına əngəl yaratması idi.
 

Ötən ilin payızında dünyanı yenidən nüfuz dairələrinə bölməklə bağlı ABŞ və NATO-ya verdiyi ultimatum, NATO-nu “boxçasını yığışdırıb” 1997-ci il sərhədlərinə qayıtmağa çağırması Rusiyada “imperiya isteriyası”nın artıq tavana dirənməsindən xəbər verirdi.
 

Bəlkə də uğursuz strateji hesablamalar, Rusiya kəşfiyyatının, FSB-nin situasiyanı, Ukraynanı düzgün qiymətləndirməməsi və Putinin ordusunun durumundan xəbərsizliyi ilə bağlı qənaətlər və iddialar mifdir. Güman ki, Putin hər şeydən xəbərdar olub, amma bunu da müşahidə edib ki, Rusiyanın gün keçdikcə imperiyanı bərpa etmək imkanları tükənir…
 

Putinsə Rusiyanı Qızıl Orda xanları kimi idarə edir, sadəcə Sarayda oturmur, alaçığını Kremldə qurub. İndi bu xan görərsə ki, planları pozulur, təbii ki, hikkələnər, isteriya keçirər və zombiləşdirdiyi ölkəsini də arxasınca sürüyər. Bu baxımdan bütün risklərə rəğmən 2022-ci ilin qışında Putinin Ukraynaya soxulmasında avantüra elementləri də vardı ki, bəlkə Kiyevi tutmaq xülyası alındı.
 

Putin adekvat siyasi fiqur olmadığını və illüziyalarla yaşadığını müharibənin gedişində gənc sahibkarlarla görüşdə özünü I Pyotrla müqayisə etməsi də nümayiş etdirir: “Bizim taleyimizə də, deməli, qaytarmaq və möhkəmlətmək düşüb”. Yəni, faktiki olaraq özünün başlıca vəzifəsinin imperiya torpaqlarını qaytarmaq, toplamaq və möhkəmlətməkdən ibarət olduğunu etiraf edir. Amma güman ki, Putini I Pyotrdan daha çox I Pavelin aqibəti gözləyir...
 

Kiyev civarından çəkildikdən sonrakı 3-4 ayda Putin taktiki gedişlərlə savaşın gedişatını dəyişməyə çalışdı: Gücünü Şərqi və Cənubi Ukraynaya yönəltməyə cəhd edir, şəhərlərə raket zərbələri endirir, dinc əhalini terrora məruz qoyur, Ukraynanı və dünyanı taktiki nüvə zərbəsi ilə təhdid edir, son günlər Zaporojye AES şantajına əl atır, Xersonu itirmək qorxusu qarşısında atəşkəsə nail olmağa çalışır, münaqişəni dondurmaq üçün Ərdoğana minnətçi düşür və s.
 

Strateji səhvi ən mükəmməl, dahiyanə taktiki gedişlərlə düzəltmək mümkün deyil. Putin debütdə səhvə yol verən və uduzduğunu görüb mittelşpildə oyunu ertələməyə çalışan bərbad şahmatçıya bənzəyir. Ola bilsin ki, Rusiya-Ukrayna savaşı bundan sonra daha 2-3 ay davam etsin və ya hətta 2-3 il sürsün. Mümkündür ki, 2-3 aydan sonra şaxtaların düşməsi ilə döyüşləri təbii “don” vursun. Hər halda 6 ay ərzində gedən intensiv döyüşlər hər iki tərəfi əldən salıb. Amma Putin Kremldə oturduqca, bu müharibə uzanacaq. Müharibənin davam etməsi Putinin siyasi ömrünü uzatsa da, Rusiyanın şanslarını azaldır...
 

Yeri gəlmişkən, Ərdoğanın Putin və Zelenski arasında arabuluculuq cəhdinin postsovet məkanına nələr vəd edəcəyi mübahisəlidir. Düzdür, Türkiyə liderinin missiyasının bir nəticə verəcəyini kimsə gözləmir. Elə praqmatik Ərdoğan da öz oynunu oynayır: onu nəticə yox, proses, savaşsonrası Kiyev-Moskva təmaslarının benefisiarı olmaq, həmçinin Putinlə manevrlərində Türkiyənin maraqları nəfinə nələr əldə edəcəyi maraqlandırır. Üstəlik, gələn il keçiriləcək prezident seçkiləri ərəfəsində və iqtisadiyyatda işlərin yolunda getmədiyi bir şəraitdə xarici siyasətdə qazanılacaq hər xalın öz qiyməti var. Amma və hər bir halda, Rusiya Ukraynadan qovularsa, amma tam məğlub edilməzsə, postsovet məkanı ölkələri, xüsusilə Medvedevin silinmiş statusuna adları düşən Gürcüstan və Qazaxıstan üçün ekspansiya riskləri aktualaşa bilər. Bu, artıq başqa mövzudur...
 

Gözləmək olar ki, avqustun 24-də Putin Rusiyası Ukraynanı raket zərbələri, bombardmanlar, rus generalitetinin ağlına gələ biləcək əcaib sürprizlərlə “təbrik” etməyə çalışacaq. Ukraynalılar üçünsə Müstəqillik gününə hazırda ən gözəl hədiyyə Ukrayna Silahlı Qüvvələrinin Xerson şəhərinə hücumu olardı... Слава Україні!

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü