Modern.az
Qəzənfər Həmidoğlu Propaqanda: Görinqdən Duginə kimi...

Qəzənfər Həmidoğlu

Propaqanda: Görinqdən Duginə kimi...

Analitika

24 Avqust 2022, 09:34

Qəzənfər Həmidoğlu

Amerikalı yazıçı, Nürnberq həbsxanası komendantının tərcüməçisi və nasistlərə qarşı Beynəlxalq Hərbi Tribunalın psixoloq-eksperti Qustav Mark Gilbertin “Nürnberq gündəliyi”ndə faşist Almaniyasının ən nüfuzlu simalarından Herman Görinqin təbliğat haqqında hələ də aktuallığını itirməyən fikirləri var.
 

Nürnberq tribunalı Görinq haqqında hərbi cani kimi asılmaqla ölüm hökmü çıxarmış və edam ərəfəsində özü həyatına intiharla son qoymuşdu. Həmin hökmlə intihar arasındakı vaxtda Görinq Gilbertə hərbi təbliğat, insanları müxtılif şəraitlərdə - faşist rejimlərində və demokratik quruluşlarda hərbə cəlb etməyin mümkünlüyü barədə açıqlamalar vermişdi.
 

Görinq hərbi təbliğatla bağlı deyirdi: “Əlbəttə, sadə xalq müharibə istəmir; nə Rusiya, nə İngiltərə, nə Amerika və nə də Almaniyada. Bu aydındır. Lakin, nəhayətdə, siyasəti ölkənin liderləri müəyyən edirlər və həmişə insanları sadəcə arxalarınca aparırlar, istəyir ölkədə demokratiya və ya faşist diktaturası, yaxud parlament və ya kommunist diktaturası olsun”.

Gilbert Görinqə etiraz edərək deyir ki, demokratiyalarda müharibəni xalqın seçdiyi hakimiyyət, məsələn, ABŞ-da Konqresin aşağı palatası – Nümayəndələr Palatası elan edir. Görinq fikrini belə şərh edir: “ Hakimiyyətin insanların səs verməsi ilə seçilib-seçilməməsi önəmli deyil, əhalini hər zaman müharibəyə cəlb etmək olar. Bu asandır. Sizin bunun üçün edəcəyiniz vur-tut bir şey var – onlara deməlisiniz ki, üzərilərinə hücum edirlər və pasifistləri patriotizmin olmamasına, ölkəni təhlükəyə məruz qoyduqlarına görə mühakimə edirsiniz. Bu, hər ölkədə eyni cür işləyir”.
 

Görinqin “Nürnberq gündəliyi”ndəki monoloqu ilə Rusiya telekanallarında hazırda göstərilənləri müqayisə etdikdə aşkar görünür ki, o zamandan bu zamana təbliğatın üsul və metodlarında heç bir dəyişiklik yoxdur. Kreml propaqandası bəzi nataraz elementləri ilə nasist təbliğatını belə kölgədə qoyar, hətta “mənə kütləvi informasiya vasitəsi verin və mən istənilən xalqdan donuz sürüsü yaradım” deyən Yozef Gebbelsə kütləvi şüurla manipulyasiyada, cəmiyyəti zombiləşdirməkdə dərs keçər. Baxmayaraq ki, Gebbelslə müqayisədə onlar elə də mahir deyil, əksinə primitivdirlər. Amma primitiv işlərini belə Rusiya cəmiyyətinə yedizdirir və ya yedirtmək istəyirlər. Bu zaman KİV vasitəsi ilə gebbelssayağı iş tuturlar: xalqı ya “russian pig” sayırlar və ya da ona çevirdiklərinə inanırlar. Darya Duginaya sui-qəsd işində olduğu kimi...
 

****
 

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) rus faşizminin ideoloqlarından olan Aleksandr Duginin qızı Darya Duginanın qətlinin üstünü açdığını iddia edir. Guya sui-qəsdi Ukrayna xüsusi xidmətləri hazırlayıb və həyata keçirib.
 

Bəri başdan qeyd edək ki, Aleksandr Duginin Putin üçün önəmi, Rusiya liderinin “müəllimi və dostu” olması şişirdilir. Ukraynanı diz çökdürməyə çağıran belə primitiv filosoflardan Rusiyanın ifrat sağında itinə tök qədərdir. İmperator III Aleksandrın məşhur bir ifadəsi vardı: “Rusiyanın iki müttəfiqi var – ordu və donanma”. Putinin isə vur-tut bir dostu və müttəfiqi var – FSB, vəssəlam. Amma həmin FSB-nin Moskvanın ən elitar və ən qorunan səmtindəki partlayışla bağlı iddia və sübutları o qədər primitiv və gülüncdür ki, üzərində durmağa dəyməz. Kimsəyə sirr deyil ki, FSB dünyada sui-qəsdlər üzrə ixtisaslaşmış və böyük praktikası olan ən mahir təhlükəsizlik xidmətidir. Baxmayaraq ki, teraktın Rublyovkanın qonşuluğundakı Odintsovo kimi elitar bir səmtdə törədilməsi FSB-nin papağını yerə soxan bir işdir. Ukrayna ilə müharibənin davam etdiyi bir şəraitdə bu terror aktı, şübhəsiz ki, FSB-yə sərf edir, əlbəttə, yalnız ona deyil, həm də Putin rejiminə. Ümumiyyətlə, faciəvi insident Rusiyanın hakim elitasının bəzi qrupları üçün qəfil olmayıb. Kremlin mümkün motivasiyası üçünsə, bir yığın səbəb, bəhanə, şərt, situasiyanın diqtəsi və s. tapmaq olar:
 

• Putin qoşunlarının Ukraynada hücumları yerində sayır. Son bir ayda cəbhədə heç bir irəliləmə yoxdur. Aşkar görünür ki, ruslar uzunmüddətli müharibəyə hazırlaşmayıblar, gücləri, resursları tükənir. Həmçinin anlayırlar ki, sanksiyaların ağrılı təsir göstərəcəyi günlər irəlidədir. Propaqanda isə əvvəlki effektini itirir. “Romir” sosioloji xidmətinin açıqladığı araşdırmanın sonuclarına görə, son yarım ildə - fevral-iyul aylarında Rusiyanın federal kanallarının – Birinci kanal, “Rossiya-1” və NTV-nin auditoriyası 14 dəfə azalıb. Üstəlik, Ukraynanın bu gün- sabah əks-hücuma keçmək təhlükəsi Kremldəkilərin bağrını yarmaqdadır. Yaranmış situasiyada Putin müharibəni dayandırmağa çalışır, danışıqlara çağırır: onu bitirmək üçün deyil, öz qələbəsini elan etmək üçün. Cəbhədəki mövcud status-kvo saxlanarsa, bu, Putinin qələbəsini bayram etməsi üçün yetərlidir. Rusiya ilk növbədə Ukrayna şəhərlərini, yaşayış binalarını qanadlı raketlərlə vurmaqla ukraynalıları mənəvi-psixoloyi cəhətdən sarsıtmağa, qorxu və panika içərisində saxlamağa çalışır ki, bu yolla Kiyevi danışıqlar stolu arxasında oturtsun. Kreml bu hədəf üçün həmçinin Zaporojye AES şantayından maksimum yararlanmağa çalışır və çalışmaqda da davam edir. Darya Dugina sui-qəsdini və bu kimi ekssesləri də həmin kontekstdə nəzərdən keçirmək olar: Moskva Ukraynanı terror aktı hazırlayan dövlət kimi təqdim etməklə Kiyev-Qərb münasibətlərinə ziyan vurmağa, informasiya savaşında Ukraynanı müdafiəyə sıxışdırmağa çalışır. Artıq iki gündür Kremldən aldıqları belə “metodiçka” ilə Rusiya TV-ləri yeni triggerə başlayıblar. Danışıqlar barədə yalnız Putin və ya Lavrov bəyan etmirlər, Qərbdə də bu barədə danışılır, aparıcı qəzetlərin səhifələrində sütun-sütun məqalələr yazılır. Həmçinin dünyanın bir çox ölkələrinin rəhbərləri, özəlliklə də Türkiyə, Fransa və Almaniya liderləri danışıqlara çağırışda canfəşanlıq edirlər və Kiyevi kompromislərə çağırırlar. Ərdoğandan fərqli olaraq Makron və Şoltsun danışıqlara çağırışı refleksivdir, iqtisadi narahatlıqları ilə bağlıdır. Bütünlükdə, əcaib situasiyadır - Putin bir tərəfdən yaşayış binasına qanadlı raket atır, nüvə reaktoru ilə şantaş edir və sui-qəsdlə baş aldadır, digər tərəfdənsə danışıqlara çağırır. Rusiya lideri qeyri-adekvat, qəribə insan tipidir...Duginanın qətli Rusiyanın Ukraynada törətdikləri ilə nisbətdə Qərbi elə də sarsıtmayacaq. Hamı açıq görür ki, qanlı müharibə Ukrayna torpağında gedir, Kreml və təbliğatı hansı oyunlardan çıxır, rusların “qırmızı gizgiləri” boş yerə guruldayib yağmamaqdan ibarətdir. Bu fonda Qərbin Kiyevi danışıqlara və kompromizə məcbur etdirməsi ehtimalı zəif görünür.
 

• Rusiya savaşın ilk günündən hərbin ən vəhşi üsullarla (Buça, dinc əhaliyə təcavüz) eskalasiyasına çalışır və müharibəni terror taktikası ( klassik hərbi canilik nümunəsi - yerləbir edilmiş Mariupol, yaşayış binalarının və əhalinin sıx olduqları yerləriin raketlərlə vurulması) ilə aparır. Artıq ABŞ Senatı iyulun sonlarında Dövlət Departamentini Rusiyanı terrorizmə sponsorluq edən ölkə kimi tanımağa çağıran qətnaməni yekdilliklə bəyənib. Hələlik ABŞ hökuməti Rusiyanın boynuna belə statusun biçilməsinə razılıq vermir. Amma Ağ ev hər an fikrini dəyişə bilər. Eyni zamanda, Darya Dugina sui-qəsdi ilə Rusiyanın əlinə belə fürsət düşür ki, özünü terrora məruz qalan ölkə kimi təqdim etsin. Rusiya XİN-in əcaib siması və sözçüsü Mariya Zaxarova Moskvanın bu işdən nə umduğunu belə açıqlayır: “Əgər bu işdə “Ukrayna izi” təsdiqini taparsa, bu zaman söhbət Kiyev rejiminin reallaşdırdığı dövlət terrorizmi siyasətindən getməlidir...”
 

FSB-nin sui-qəsdi törətməkdə suçladığı Ukrayna vətəndaşı Natalya Vovk-Şabanı “Azov” alayı ilə bağlaması Rusiyanın hərbi əsir “azov”çular üzərində tribunal-şouda israrlı olmasından xəbər verir.
 

• Belə sui-qəsdlər imkan yaradır ki, Rusiyanın xüsusi xidmət orqanları öz anti-Ukrayna təbliğatlarını daha da gücləndirsinlər. Təbii ki, hər belə eksses Putin üçün qaykaları bir qədər də sıxmaq, yeni repressiya dalğasına başlamaq və komandasını saf-çürük etmək imkanı deməkdir.


Darya Duginanın qətlinin məsuliyyətini öz üzərinə götürən “Milli Respublika Ordusu” (Национальной республиканской армии - NRA) barədə məlumatlar xeyli azdır. NRA-nın teraktla bağlılığı və onun manifesti barədə Dövlət Dumasının keçmiş deputatı İlya Ponomaryev özünün You Tube-dakı kanalında məlumat yayıb. Ponomaryev hazırda Ukraynada yaşayır və onun açıqlaması elə də ciddi təsir bağışlamadı. Ümumiyyətlə, bəlkə də NRA deyilən bir şey yoxdur və yaxud ciddi imkanlara sahib deyil…
 

Yeri gəlmişkən, avqustun 23-ü Ukraynada Dövlət Bayrağı günü, avqustun 24-ü isə Müstəqillik günüdür. Gün o gün olsun, mavi-sarı rəngli bayraq Xersonda, Donbasda, Krımda və Ukraynanın işğal altından azad olunacaq digər şəhər və yerlərində dalğalansın. Сла́ва Украї́н!

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır