Modern.az
Qəzənfər Həmidoğlu Ramştayn-5: Rusiya-Ukrayna savaşı uzanacaq...

Qəzənfər Həmidoğlu

Ramştayn-5: Rusiya-Ukrayna savaşı uzanacaq...

Analitika

9 Sentyabr 2022, 09:40

Qəzənfər Həmidoğlu


Amerikanın Almaniyadakı “Ramştayn” aviabazasında Ukraynanın müdafiəsi üzrə Təmas qrupunun 5-ci görüşü keçirildi və Kiyevin tərəfdaşı olan 50-dən artıq ölkənin müdafiə naziri Rusiya təcavüzünə qarşı Ukrayna Silahlı Qüvvələrini əlavə silahlarla təmin edəcəklərini vəd etdilər.
 

İclasa sədrlik edən ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ukraynaya 675 milyon dollarlıq növbəti hərbi yardımın anonsunu verdi. Yeri gəlmişkən, Ramştayn görüşünə saatlar qala qatarla Kiyevə gələn ABŞ Dövlət katibi Entoni Blinken təhlükəsizlik sahəsində Ukraynaya 2,6 milyard dollarlıq yardımın anonsunu etmişdi.
 

Pentaqonun şefi Ostin və ABŞ Baş Qərargah rəislərinin Birləşmiş Komitəsinin başçısı Mark Milli çıxışlarında Rusiya-Ukrayna savaşının gedişi və anti-Putin koalisiyasının hədəfləri ilə bağlı bir sıra məqamları vurğuladı:
 

- Müharibənin siması dəyişir, Təmas qrupunun da missiyası dəyişir. Bizim qrup Ukraynanın özünü müdafiə etməsinə dəstək ideyası ətrafında daha artıq birləşib. Biz Ukraynanın öz ərazisini qorumasına dəstəkdə toparlanmışıq;

- Biz Ukraynanın suverenliyini müdafiəsi üzrə səylərini dəstəkləyirik. Bizim hədəflərimiz dəyişməyib, bu mübarizədə uğurlu və bir-iki addım irəlidə olmaq istəyirik;

- Aprel ayından sonra Rusiya qoşunları Ukraynada elə bir önəmli uğura nail olmayıblar, avqustun sonlarından Ukrayna ordusu əks-hücumu inkişaf etdirir, savaşın bu mərhələsində “stabil proqres” nümayiş etdirir;

- Ukraynalılar HIMARS-dan 400-dən artıq hədəfi vurublar. Bu, rus hərbçilərinin təchizat kanallarında gərginlik yaradıb, döyüş qabiliyyətlərini aşağı salıb. Rusiyanın komanda mərkəzləri ləğv edilib, ruslar döyüşdə itirdiklərinin yerini doldura bilmirlər;

- Təmas qrupu elə mövqe tutmalıdır ki, Ukraynanın cəsarətli müdafiəçilərini uzunmüddətli perspektivdə dəstəkləyə bilək. Bu, Ukrayna üçün daimi və qəti imkanlar axını deməkdir.



Ramştayn-5 ilk növbədə ABŞ-ın Rusiya-Ukrayna savaşında bundan sonra hansı strateji rol oynayacağı sualına cavab verməsi baxımından önəmli idi. Daha doğrusu, bu suala cavab verilməli idi: Vaşinqton Kiyevə Ukraynanın Rusiya təcavüzünə qalib gəlməsi üçün yardım edir, yoxsa müharibənin eskalasiyasına imkan verməmək üçün savaş səhnəsində tarazlığı qorumağa can atır? Co Baydenin komandasında Blinken-Ostin cütlüyü Ukraynanın tam qələbəsi tərəfdarı, savaşın daha da dərinləşməsinə qarşı çıxan milli təhlükəsizlik üzrə müşavir Ceyk Sallivan isə Ukraynaya uzaqhədəfli raketlərin verilməsi əleyhdarıdır. ABŞ prezidenti komandasındakı bu iki xəttin arasında qalmışdı.
 

Cümə axşamı Ramştaynda həmin sualın cavabı verildi: Birləşmiş Ştatlar və Qərbin qəti hədəfi Ukraynanın qələbəsidir. Başqa sözlə, ABŞ sentyabrın 8-də qəti qərar qəbul etdi ki, Ukrayna ilə birlikdə Rusiya üzərində qələbə üçün mübarizə aparacaq...
 

Ramştayndakı çıxışlardan belə qənaət də çıxarmaq olar ki, müharibə uzanacaq və 2023-cü ildə də davam edəcək. Ostinin sözlərinə görə, müttəfiqlər Ukraynaya uzun bir dövr ərzində dəstəyə hazırdırlar.
 

CNN-in yaydığı məlumata görə, Pentaqon orta və uzunmüddətli perspektivdə, həmçinin Rusiya ilə savaşdan sonra Ukrayna ordusuna yardım üçün detallı analiz və plan hazırlayır. Bu missiyaya general Mark Milli rəhbərlik edir. Co Bayden isə Konqresdən rəsmən 2023-cü maliyyə ilinin ilk rübündə Ukrayna üçün 11,7 milyard dollar ayrılmasını istəyib.
 

Hazırda bu savaşın sonu görünmür. Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujnının bu günlərdə yazdığı məqalədə deyilir ki, Rusiya-Ukrayna müharibəsi bir sıra göstəricilərinə görə, 1-ci və 2-ci Dünya müharibələrini üstələyir və 2023-cü ilə keçə bilər.
 

Zalujnının Ali Radanın Müdafiə komitəsi sədrinin 1-ci müavini general-leytenant Mixail Zabrodski ilə birgə yazdığı analitik məqalədə həmçinin vurğulanır ki, Krımın azad edilməsi ilə müharibə bitməyəcək, çünki Rusiya çətin ki, yarımadadan elə-belə çıxsın və sonra da unutsun...

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı