Qəzənfər Həmidoğlu Hərbi-siyasi konvulsiya: rus əsgəri savaşmağı yadırğayıb

Qəzənfər Həmidoğlu

Hərbi-siyasi konvulsiya: rus əsgəri savaşmağı yadırğayıb

Analitika

13 Sentyabr 2022, 09:11

Qəzənfər Həmidoğlu
 

Rus müğənnisi, Putinin fanatı Oleq Qazmanov sentyabrın 11-də Xarkov vilayətinin işğal altındakı İzyum şəhərində “Rusiya əbədi burdadır” adlı konsertlə çıxış etməli idi. Lakin Ukrayna Silahlı Qüvvələri şəhəri azad etdi və Qazmanov İzyuma gəlməyə cəsarət etmədi. Konsertin təşkilatçıları elan etdilər ki, tədbir qeyri-müəyyən vaxta ertələnir. Şübhəsiz ki, belə bir konsert heç vaxt olmayacaq, Qazmanov o tərəflərdə heç görünməyəcək...
 

Gergəkdən rus ordusu şoka salır. II Dünya savaşından sonra kimsə Rusiya ordusu ilə qarşı-qarşıya döyüşməyi ağlına gətirmirdi. Düzdür, əfqan mücahidləri rusları qovdular, amma sovet qoşunları Əfqanıstanı zəbt edə bilmişdilər. Ukraynadasa dünya çaşıb qaldı ki, rus əsgərini gözlərində çox şişirdiblər. Rus silahının gücü mif imiş, sən demə, ruslar artıq döyüşməyi yadırğayıblar. Ruslar da inanırdılar ki, kimsə qarşılarına çıxa bilməz: amma Ukraynada daş qayaya rast gəldi - çaşbaş qaldılar, şok oldular, isteriyaya düşdülər...
 

Müharibənin 7-ci ayında Rusiyanın hərbi-siyasi elitası, zombiləşmiş cəmiyyəti hələ də nə ilə üzləşdiklərini anlamaqda çətinlik çəkir. Düzdür, Rusiya ordusu “canlı material” və hərbi-texniki dəmir-dümür sarıdan yenə qorxunc olaraq qalır. Amma rus generaliteti fərsiz çıxdı, müasir, 4-cü nəsil döyüş taktikasına II Dünya savaşından qalma üsullarla çarə tapmağa çalışırlar, Ukrayna Silahlı Qüvvələrinin Xerson və Xarkov cəbhələrindəki manevr-sürprizləri qarşısında acizdirlər...
 

İzyum döyüşü, Xarkov altında ukraynalıların “kontrnastup”u isə rus hərb tarixinə qara hərflərlə yazılacaq. Rusiya qoşunları aprelin 1-də İzyumu işğal edəndə xeyli itki vermişdi, minlərlə əsgər itirmişdi. Hələ iyunda Rusiyanın 35-ci Ümumqoşun Ordusu (1500 hərbçi) İzyum ətrafında məhv edilmişdi. Bu ordunun iki briqadasından vur-tut 100 və ya 200 piyadanın döyüşlərdən salamat çıxdığı bildirilir. Sentyabrın 11-də ruslar İzyumdan dabanlarına tüpürüb qaçdılar. Yüzlərlə hərbi texnikanı ukraynalılara buraxıb elə qaçdılar ki, Ukrayna Silahlı Qüvvələri hələ də arxadan çata bilmir. Komandirləri isə əsgərlərindən qabaq qaçır. Məəttəl qalası işdir: nədən bu qədər qurban verib zəbt etdikləri şəhərdən belə biabırcasına əkildilər?
 

Aydındır ki, rus əsgərinin motivasiyası, Vətəni uğrunda savaşan ukraynalı qarşısında şansı yoxdur və geri çəkilməyə məhkumdur. Bu geriçəkilmə, pərən-pərən olma gözlənilirdi. Amma elə qaçırlar ki, Napoleon Mosvadan belə qaçmamışdı...
 


Ən əcaibi isə Ukrayna Silahlı Qüvvələrinin Xarkov ətrafında raşistləri əzə-əzə qovduğu bir zamanda RF Silahlı Qüvvələrinin 50 min hərbçi ilə min kilometrlərlə uzaqda - Uşaq Şərqdə “Şərq-2022” hərbi təlimləri keçirməsi, Putin və Şoyqunun Baş qərargah rəisi Gerasimovun müdafiə nazirinin müavini Yunus-Bek Yevkurova telefonla tapşırıq verməsinə baxıb zarafatlaşması idi. Həmin inquş Yevkurov ki, Donbasda bacısı oğlu Adəm Xamxoyevi itirib...
 

Görünür, Putin rahat davranışı ilə belə siqnal vermək istəyir ki, hər şey yolundadır. Amma Sergeyevsk poliqonunda hərbi təlimləri izələyən RF liderinin davranış və gülüşü altındakı çarəsizliyi asanlıqla sezmək olurdu...
 

Ukrayna Silahlı Qüvvələrinin Xarkovdakı əks-hücumu, 2 min kvadratkilometrdən artıq ərazini işğalçılardan təmizləməsi, 40 yaşayış məntəqəsini azad etməsi və ölkənin şimal-şərqində rus təhdidini xeyli dərəcədə neytrallaşdırması qarşısında Rusiya Müdafiə Nazirliyinin gülünc bəyanatları və çarəsizliyi bundan xəbər verir ki, rus hərbi-siyasi elitası qıc vəziyyətində, konvulsiyadadır.
 

Xarkovda aldığı zərbə Rusiya ordusunun taktiki zəifliyindən daha çox strateji məğlubiyyətidir. Bu faktdır ki, motivasiyasız, nə üçün döyüşdüyünü anlamayan rus ordusu qarşısında Ukrayna Silahlı Qüvvələri yüksək motivasiya, döyüş ruhu və daha texnoloji Qərb silahlarına sahibdir. Orduda döyüş ruhu yoxdursa, əsgər canının hayına qalmağa məcburdur. Rus əsgərinin Xarkovdan qaçış şəkli onun Ukrayna ordusu qarşısında qorxuya düşməsindən xəbər verir.
 

Rusiyanın hazırda Ukraynada sahib olduğu resurslarla Ukrayna Silahlı Qüvvələri kimi orduya qalib gələ biləcəyi xam xəyaldır. Üstəlik, Putin fevralın 24-də Ukraynaya girərkən sahib olduğu orduya da indi sahib deyil. Rusiya rəsmi dairələrinin dolayısı məlumatlarına əsasən, yaralılar nəzərə alınmadan rus ordusu minimum 50 minə yaxın itki verib. Bu, səfərbərvərliyin elan edilmədiyi bir situasiyada bir ordunun səflərinin pərən düşməsi üçün yetərlidir. Bu baxımdan Rusiyanın savaşda strateji təşəbbüsü ələ alması, irəliləyə bilməsi sual altındadır, planını işğal etdiyi əraziləri saxlamaq üzərində qurmağa məhkumdur. Payız Putin üçün çox ağır keçəcək...

Ukrayna tərəfdə isə situasiya tamamilə fərqlidir. Hər bir halda Xarkov altındakı uğur savaşda strateji dönüşdür. Hazırda Ukrayna qoşunlarının hansı istiqamətdə irəliləyəcəyini bilmirik. Amma bilirik ki, irəliləyəcək, işğalçıları qovmaq lazımdır. USQ Donetsk istiqamətində hücuma keçə və ya Xersonda irəliləyə bilər.
 

Ukrayna Baş qərargahı artıq sürprizləri sevdiyini nümayiş etdirir. Dneprin sağ sahilinə sıxılmış Rusiya qoşunlarının vəziyyəti elədir ki, USQ-nin uğurlu əks-hücumu Xersonu rus ordusunun cəhənnəminə çevirə bilər.
 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna Rusiya aerodromlarını vurdu