Modern.az

İran inqilabının triggeri - HİCAB

27 Sentyabr 2022, 06:51

Qəzənfər Həmidoğlu

 

Kimsə, ilk növbədə molla rejimi hicabın İranda belə kütləvi etiraz hərəkatına təkan verəcəyini gözləmirdi. Amma hicab İranda sadəcə geyim və ya dini-ideoloji simvol deyil, həm də siyasi məsələdir. 


Hicab İran inqilabının triggeri və molla rejimi üçün ekzistensial problemdir – qadın başını açacaqsa, İslam Respublikasının ideologiyası yırtılmış corab kimi sökülə-sökülə gedəcək…


• Hicab-antihicab


Rza şah Pəhləvi 1936-cı ildə məşhur “Kaşf-e Hicab” sərəncamı ilə çarşab və çadranı qadağan etdikdən sonra İranda hicab etirazları başladı. Qadınlar öz istəkləri ilə hicabdan imtina etməmişdilər və polisin küçədə qadınların çarşablarını zorla soyundurması onların təhqir edilməsi demək idi.  Hicablı qadınlar evdə oturmağa başladılar, intihar edənləri də oldu. Nəticədə bu dini geyim  İran siyasətinin elementinə çevrildi.


Məhəmməd Rza Pəhləvi zamanında antihicab rejimi bir qədər yumşaldıldı, örtünmək cinayət sayılmadı. Lakin hicab gerilik əlaməti,  çarşablı qadın aşağı  sinfə mənsub sayılır və sosial həyatda örtünən qadınlara heç bir şans tanınmırdı. 


Ötən əsrin 70-ci illərində minlərlə çadralı, çarşablı qadın şaha qarşı etirazların fəal iştirakçılar oldular, islam inqilabının rəmzinə çevrildilər.
İslam inqilabından sonra imam Xomeyni bütün İran qadınlarını çadra altına saldı və onun ölümündən sonra da sərt çarşab dövrü davam etdi, ta 2000-ci illərin əvvəlinə kimi. İranın 5-ci prezidenti Məhəmməd Hatəmi dönəmində hicab rejimi bir qədər yumşaldıldı. Qadınlar  yaylıqlara, rəngli şallara keçdilər, kəkilləri-zülfləri baş örtüyü altından görünməyə başladı. Mahmud  Əhmədinejad prezident kürsüsündə oturar-oturmaz – 2005-ci ildə "Geşti İrşad"ı (əxlaq polisi)  yaratdı və irşadçılar  saçları görünən qadınların ovuna çıxdılar. Həsən Ruhani 2013-cü ildə prezident olduqda yenidən hicab rejimi yumşaldıldı. Nə qədər islahatçı olsa da, Ruhani də molla idi, bu məsələdə çox da dərinə getmədi.  Amma ayətullah Əli Xamneyi buna da qarşı çıxdı. Ali dini liderin mövqeyi belə idi ki, hicabdan imtina pozğunluğa və islam inqilabının ideallarından imtinaya aparır. Amma iranlı xanımlar ayətullahı eşitmək istəmirdilər. Ötən ilin yanvarında Xamneyi qəti şəkildə bildirdi ki, hicab qadının inkişafına əngəl deyil, “Qərbin belə təbliğatı aşkar yalandır, İranda heç vaxt bu qədər təhsilli, siyasi və sosial sahədə fəal qadın olmayıb”.


İ

brahim Rəisi 2021-ci ilin avqustunda  rəisi-cumhur olan kimi dini liderin direktivinə uyğun yeni "hicab sərəncamı" verdi,  irşadçıların qadınların üzərinə növbəti “yürüşü” başladı və bu, İranı Mehsa Əmini müsibətinə gətirib çıxardı...


• Sosial etirazdan milli-siyasi hərəkata


Hicab islam rejiminin zəif yeri, faktiki olaraq axilles dabanıdır. İran hakimiyyəti  Əmini faciəsinin rejimə hansı risklər vəd etdiyini anlasa da, vaxtında duyuq düşə və situasiyanı nəzarəti altına ala bilmədi. Düzdür, Xamneyinin adamları yas yerinə gəlib günahkarı cəzalandıracaqlarını vəd etsələr də, rejimin rəsmiləri  cinayətə birmənalı qiymət vermək istəmədilər.  Çünki “İrşad” rejimin kvintessensiyasıdır və mahiyyətdən imtina etmək isə müşkül məsələdir.  Digər tərəfdən, cinayət açıq-akar və qəddarcasına törədilmişdi. Artıq ox yaydan çıxmışdı - Mehsanın dəfn mərasimində başlayan etirazlar qısa müddətdə kütləviləşdi. 


Aydın oldu ki, biçarə qızın ölümünün səbəbləri etirazçıları az maraqlandırır. İranlıları  küçələrə çıxmağa vadar edən əsas səbəb dövlətin onların şəxsi həyatlarına burnunu soxması və dəyişiklik istəmələri idi.  “Qadın. Həyat. Azadlıq”  şüarı etirazların simvolu oldu – sosial etiraz anında siyasi etiraz hərəkatına çevrildi.  Onlarla etirazçının ölümü, yüzlərlə insanın həbsi alovun üstünə yağ tökdü...


Məsələ yalnız onda deyil ki, etirazçılar rejimin dəyişdirilməsinə dair şüarlar səsləndirir və ya ali dini liderə ölüm arzulayırlar. Qadınlara azadlıq və antihicab çağırışları birbaşa molla rejiminin ideologiyasını hədəf alır. Əgər ayətullahlar hicab məsələsində kompromisə getsələr, rejim siyasi-ideoloji dayaqlarından birini itirərək dibindən ovular. Bütün ideoloji rejimlərin aqibəti belədir - zəiflik göstərdilərsə, bütün eyibləri, nöqsanları, problemləri gün işığına çıxır və sonları çatır.
İdeoloji  diktaturalara zəiflikləri heç vaxt bağışlanılmır, üstəlik, islam dövləti son 40 ildə  vətəndaşlarına  boğazacan problemlər yaradıb, hərənin rejimə öz iradı var. Özəlliklə milli periferiyaların – azərbaycanlılardan tutmuş, bəluclara və kürdlərə qədər hərənin Tehranla öz haqq-hesabı var. Bunlar İranın  ən kritik bölgələridir və etiraz hərəkatını üsyana çevirmək potensialına sahibdirlər...


• Qarşıduran tərəflər


Ali dini lider baş verənlərə hələlik münasibətini açıqlamayıb. Görünür, 83 yşlı Vilayəti-fəqhin səhhəti buna imkan vermir. Təbrizin Qarabağlar məhəlləsində yetişən Əli Xamneyi   hakimiyyətdəki Məşhəd klanının üzvüdür. Məşhəd klanı hazırda post-Xomeyni dövrünə hazırlaşır.  Vilayəti-fəqhin dini-siyasi varisinin kim olacağı isə hələ aydın deyil. 


Əsas favoritlər dini liderin oğlu, “Sepah”a və orduya yaxın Müctəba Xamneyi və Rəisidir. Deyilənlərə görə, Laricanilərin də dini lider postunda gözü var. Belə bir situasiya  İran hakimiyyətinin etirazlara “adekvat”  reaksiyasını çətinləşdirir, kimsə etirazları qan gölündə boğmaqda irəli düşmək istəmir. 


Rejimin vuran əli “Sepah”, onun döyüşkən qüvvəsi “Əl-Qüds”, könüllü dəstəsi “Bəsic” və ordudur. Bundan başqa, bu qüvvələrin arxasınca gedən mühafizəkar kəsim var. Onlar Yaşıl hərəkat (2009) və Məşhəddə etirazlar zamanı (2017) ortaya çıxıb güclərini göstərə bilmişdilər. Mühafizəkar kəsimin fəalları ötən cümə və bazar günü alternativ mitinqlər keçirərək “ABŞ-a ölüm!”, “İngiltərəyə ölüm!”,  “Xamneyi, cihada fətva ver!” şüarlarını bağırdılar və dağılışdılar. Bu qədər! Rejim tərəfdarlarının bu hay-küyü əvvəlkilərlə müqayisədə elə bir ciddi təsir bağışlamadı. Bu, həmin fəal sosial təbəqədir ki, vaxtilə şahı devirmişdi...


“Bəsic” könüllüləri etirazçılar qarşısında fərsiz və tərəddüdlü göründülər. Ordu hələlik meydanda yoxdur. “Sepah” da tam qüvvə ilə görünmür. Daha təhlükəlisi “Əl-Qüds”dür. Amma  “Əl-Qüds” və “Sepah”ın digər qüvvələri Suriyanı buraxıb gəlsə, Əsədin qoşunları Dəməşqə, Əsədin özü isə Dəməşqdən qaçar. Suriya əldən çıxarsa, növbədə İrandır. Belə təəssürat yaranır ki, “Sepah” qəti qərar verməkdə çətinlik çəkir. Bir tərəfdən, Xamneyi canının hayındadır, digər tərəfdən “sepahçılar” ideoloqlarını, yeganə “kreativ” qərar verən liderləri general Qasim Süleymanini itirdikdən sonra yetim qalıblar, qeyri-effektivdirlər... 


Bu fonda eskalasiya dərinləşir. Rejimin sosial şəbəkələri bağlamaqda yubanması  etirazların genişlənməsində öz sözünü dedi. İndi interneti  bağlamağın da faydası yoxdur, İlon Maskın “Starlink”i  artıq özünü İran səmasına yetirib.
Milli zəmində etirazlar şiddətlənə bilər. İran kürdlərinin silah problemi yoxdur. Bəlucistan hər zaman üsyana hazır olub. Güney Azərbaycan hələlik kiçik etirazlarla yetərlənir və seyr edir, amma qəfildən qaynaya bilər. Əsas məsələ lider problemidir. 


Ümumiyyətlə, Güney Azərbaycan, ordakı milli hərəkat, Güney-Quzey münasibətləri, mental fərqlər məsələsi ayrıca söhbət mövzusudur. 
Kütləvi etirazlar daha da dərinləşsə və milli üsyanlara keçsə, belə konspiroloji ssenari istisna deyil ki,  işlər İslam Respublikasının hansısa formada perspektivdə federallaşması istiqamətində gedə bilər. Hələliksə aydın deyil ki, hadisələr hansı istiqamətdə inkişaf edəcək və etirazçıların hədəfi nədir: rejimə son qoymaq, rejimi yumşaltmaq,  şahı qaytarmaq  və yaxud sivil bir dövlət qurmaq? Həmçinin qeyri-farslar öz gələcəklərini İranda görürlərmi?


Mötədil islamçılar və ya islahatçı sayılan klerikallar isə hələlik susur, səslərini çıxarmırlar... 


• Səbəb: daxili, yoxsa xarici faktorlar?


İran rejimi ölkədəki gərginliyi xarici qüvvələrin təxribatı kimi təqdim etməyə cəhd edir, Qərbi üsyançılara dəstək verməkdə suçlayır. Bəzilərinə görə, Pakistan bəlucları qızışdırır. Türkiyənin adını çəkənlər də var.  İran şahının ailəsinin ABŞ-da olduğuna işarə ilə amerikan xüsusi xidmətlərini bu işə qatanlar da var. Öz növbəsində, İran şahının oğlu Rza Kir Pəhləvi də sakit durmur, silahlı qüvvələri rejimi devirməyə çağırır.
Şübhəsiz ki, İrandakı indiki situasiyanın və insanların ayaqlanmasının bütün səbəbləri daxilidir. İran zəngin və böyük resurslara sahib dövlət olsa da, rejimin yürütdüyü siyasət üzündən əhalinin sosial-iqtisadi durumu ağırdır. Molla diktaturası neft-qazdan əldə etdiyi pulları ekspansiya siyasətinə, şiə dəhlizi yaratmaq kimi cəfəng işlərə xərcləyir. Bir sözlə, bu rejim  İranın sosial-iqtisadi problemlərini həll etmək üçün tükənib. Bu gedişlə gec-tes ölkəni konvulsiya durumuna salacaq. Bu vəziyyətdən onu İrana milyardlar tökən Çin də xilas edə bilməyəcək...
Yeri gəlmişkən, Rusiya İran PUA-ları ilə Ukrayna şəhərlərinə zərbələr endirir. Tehran  ruslara "Şahed"  və “Mohajer” satdığını boynuna almır, yalanlar uydurur. Bununla belə, İran öz dronu ilə  artıq Kiyevdəki səfirini   “vurub” və Moskva ilə bu sövdələşməsi güman ki, İslam Respublikasına  daha ağır başa gələcək...

 

Hazırda İran qara zolaqdadır, hadisələrin hansı istiqamətdə cərəyan edəcəyindən danışmaq  çətindir. Hər şey tərəflərdən hansının təşəbbüsüB ələ alacağından və ya fürsəti qaçırmaycağından asılıdır. Ola bilsin ki, bu gün və ya sabah rejim etirazları qan içində boğmağa qərar verəcək. Bu da istisna deyil ki, ayətullahlar geri qayıdış nöqtəsini artıq əldən qaçırıblar...

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir