Modern.az

Bir Liman, bir də Putin...

30 Sentyabr 2022, 16:44

Qəzənfər Həmidoğlu

Məsələ məşhur mahnımızdakı kimi deyil, belə görünür ki, Putin Limanda qala bilməyəcək, ordan qovulacaq. Donetsk vilayətinin bu strateji şəhərinin əldən getməsi Putinin sonunun başlanğıcı ola bilər...


Rusiya liderinin elan etdiyi səfərbərlik bütün zamanların və xalqların ən əcaib səfərbərlik nümunəsi kimi tarixə düşəcək. Hücum edən ölkə bir tərəfdən səfərbərlik elan edir, digər tərəfdənsə aqressorun vətəndaşları ölkəsindən qaçır. Sanki Rusiya hücuma məruz qalıb. Əslində, elə belə də deyirlər. Hərifə deyən gərək, gücün-qüvvən yetmirdisə, hara soxulurdun?!.


Səfərbərliyin hər günü qəfil sürprizlər gətirir, qəribə situasiyalar yaradır və görünməmiş səfərbərlik rekordları vurulur. Səfərbərliyin 3-cü günü – sentyabrın 24-də çağırış vəsiqəsi alan Rusiyanın ucqar regionundan olan bir abdal və ya “чмо” səfərbərliyin 6-cı günü Ukraynada əsir düşüb. Sorğu-sual zamanı ukraynalı hərbçilər həmin rusdan soruşurlar ki, Ukraynada nə iti azıb? Rusiyanın hansısa küncündən savaşa atılan “чмо” belə cavab verib:


- Sovet ordusuna xidmət edirəm!


Həpənd oralarda qalıb, cismən və ya ruhən sovet dönəmindən bu yana keçməyib. Rusiyada belə bixəbər, superboz, hipernadan, köhnə reflekslərlə sürünən adamlar 100 minlərlədir. Dallarından bir təpik vurub atırlar Ukrayna cəhənnəminə. Bu səfərbərlikdən yalnız isterik, toksik və fərsiz bir ordu çıxa bilər. Çətin ki, bu “ət materialı” Putinə zəfər gətirsin. Düzdür, belə bomboz kütlədən Putinə ziyan da gəlməz, ona qarşı ayaqlanmazlar. Putinin bəlası güman ki, öz ətrafındadır...
 



Yayda belə hesab edilirdi ki, Ukrayna Silahlı Qüvvələrinin Xersonu azad etməsi Putinə ağır zərbə olacaq və Rusiyanın fəlakətli perspektivə yolu açılacaq. Bu narrativ yenə qalır, amma Xarkov cəbhəsindəki böyük uğurdan sonra iddia etmək olar ki, Liman şəhərinin itirilməsindən sonra da rus hərbi-siyasi elitası və cəmiyyəti böyük ehtimalla şoka düşəcək. Bu, Kremli tektonik silkələyə, nəticə etibarı ilə Putinin taxtını və bunkerini laxlada bilər. Rusiya liderinin Xarkovdan sonra ikinci belə rüsvayçı darmadağına siyasi taqəti qalmaya bilər. Bu zaman ətrafı öz canının hayına qalmağa məcbur olacaq, “Putinin canı cəhənnəmə, Ukrayna da onun dalınca” deyib öz can, hökm və var-dövlətlərinə carə axtaracaqlar. Rüsvayçı səfərbərlik, saxta referendum, həyasız ilhaq iddiaları, nüvə hərbə-zorbası, boş təbliğat sadəcə siyasi gündəliyi məşğul edir, amma döyüş meydanında işə yaramır. Döyüş üçün ykraynalı ruhu və motivasiyası + HIMARS, ATACMS, Bayraktar + Zalujnı kimi komandan lazımdır. Rusiya tərəfdə ruh, müasir silah və sərkərdə sarıdan qıtlıqdır. Odur ki, bu payız Putinin son payızı da ola bilər...


Yeri gəlmişkən, rus dilinin ən alçaldıcı təhqirlərindən sayılan və rusların başqa xalqlara xitabən söylədikləri “чмо” abbreviaturadır, Rusiyaya Qızıl ordudan miras qalıb. Açması “часть материального обеспечения” (чмо) , yəni, “material təchizat hissəsi” deməkdir...

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir