Modern.az
Qəzənfər Həmidoğlu Putin, Paşinyan, Araik və bir də Rubik...

Qəzənfər Həmidoğlu

Putin, Paşinyan, Araik və bir də Rubik...

Analitika

13 Oktyabr 2022, 14:56

Qəzənfər Həmidoğlu

Erməni mənşəli rusiyalı bisnesmen, bankir və “mesenat” Ruben Vardanyanın qəfildən Xankəndidə peyda olmasını əksər ekspertlər Rusiyanın Ermənistan və regionla bağlı növbəti layihəsi kimi şərh etdilər. Şübhə doğurmadı ki, milyarderin “jesti” Ermənistan siyasətinə giriş, daha doğrusu, Moskvanın xüsusi missiya ilə regiona “desant” atmasıdır.


Rubik Vardanyanın özü “feyerik” gedişini patriotik jest və emosional addım sayır. Bir çoxları isə Vardanyanın “ekspromt”unu biznesini qorumaq və Qərbin sanksiyalarından qurtulmaq kimi dəyərləndirdi və ya təqdim etmək istədi. Rusiya hakimiyyətinə yaxın analitik Sergey Markov öz Telegram kanalında yazırdı:

“Vardanyan milyardlarını Rusiyada qazanıb... İndi o, ən gözəl qambitini edir, belə görkəm alır ki, özünü Qarabağ xalqı naminə qurban verir. Amma anti-Rusiya sanksiyalarından qaçır”.

Markov Vardanyanı dolayısı ilə “Rusiyaya arxa çevirib qaçan” tamahkar birisi kimi təqdim edir və bunun yalnız “biznes qaçışı” olduğuna inandırmağa çalışır.


Halbuki Vardanyan Rusiyanın hakimiyyət və biznes dairələri ilə iç-içə qalmaqda davam edir, onun özbaşınalığı və Rusiyanın istərdisə, bu “qaçış”a əngəl ola bilməyəcəyi nonsensdir, çünki Kreml erməni milyarderə yetərli təsir rıçaqlarına sahibdir. Hər halda, Rusiyanı tərk edən Vardanyan başqa yerdə yox, məhz rus sülhməramlılarının nəzarəti altında olan ərazidə məskunlaşıb.


Üstəlik, Vardanyan Rusiya biznesini tamamilə tərk etməyib, RBK-ya deyib ki, “hər şeyi öz tərəfdaşlarıma verəcək və ailə fonduma köçürəcəyəm”.

Forbes.ru-ya aşıqlamasında isə milyarder daha dərinə gedib: “Bütün layihələrimdə əməliyyat tərəfdaşlarım var, onlar biznesimi idarə edirlər. Ermənistanın Rusiya ilə çox yaxşı əlaqələri var, istədiyim an ora uça və ya direktorlar şurasının iclaslarına onlayn qoşula bilərəm”.
Maraqlıdır, Ermənistanda ikili vətəndaşlığa icazə verilsə də, Ermənistan vətəndaşlarına ölkə xaricində aktivlərə sahib olmaq qadağandır,


Sentyabrın 2-də Xankəndidə keçirdiyi mətbuat konfransında Vardanyan iddia etdi ki, atdığı addımda “maliyyə motivi” yoxdur, sanksiyalardan yayınmaq istəsəydi, “istənilən hər hansı hər ölkəyə yerləşə bilərdi”.


Vardanyanın Rusiya vətəndaşlığından gurultulu “imtinası” və “Ermənistan vətəndaşı kimi Artsaxa gəlişi” ətrafında ajiotaj, pafos və hay-küy, növbəti “erməni xilaskarı”nın prezentasiyası əvvəldən yazılmış ssenaridir. Vardanyan 2021-ci ildən Ermənistan vətəndaşlığına keçib və bu il sentyabrın 1-də isə Rusiya vətənlaşdığından imtina edib. O sadə səbəbdən ki, Ermənistan qanunvericiliyi ikili vətəndaşlığı olanlara dövlət vəzifəsi tutmağı qadağan edir.


Rusiya vətəndaşlığından imtinası siyasi motivli olsa da, Vardanyan siyasi planları barədə ziddiyyətli açıqlamalar verir. Xankəndidə keçirdiyi həmin mətbuat konfransında Vardanyan məskunlaşma planları barədə detallı danışmadı, separatçılara maliyyə dəstəyi və humanitar fəallıqdan bəhs etdi. Amma söz arası və dolayısı ilə Ermənistanda və ya Xankəndidə siyasi posta sahiblənmək imkanlarını dolayısı ilə istisna etmədi. Ertəsi gün “Forbes”in rus nəşrinə müsahibəsində isə dövlət vəzifəsi tutmaq niyyətində olduğunu qəti şəkildə inkar etdi.


• Kremlin “universal fiquru”


Vardanyan ipləri Rusiya liderinin əlində olan fiqurdur. Rusiyanın investisiya-bank biznesinin pionerlərindən sayılan, 2007-ci ildən Forbes-in Rusiya siyahısına düşən, 2021-ci ildə sərvəti 1 milyard dollar qiymətləndirilən erməni “mesanat”ın Rusiya Federasiyasında son 20 ildəki başgicəlləndirici yüksəlişi Kremlin loyal yanaşması olmadan nonsensdir.


Vardanyanın adı iri korrupsiya və maliyyə qalmaqallarında, çirkli pulların yuyulmasında da çəkilir. Meduza.io nəşri yazır ki, 2020-ci ildə Aleksey Navalnının başçılıq etdiyi Korrupsiya ilə mübarizə Fondu (KMF) Vardanyana məxsus “Santerna Holdings Limited” şirkətinin açıq mənbələrdəki illik hesabatını araşdırarkən “Santerna”nın Tatarıstan prezidenti Rüstəm Minnixanovun həyat yoldaşı Gülsin Minnixanovaya məxsus, Kazanın mərkəzində yerləşən Luciano Hotel and Spa şirkətinə 33.45 milyon dollar yatırdığını aşkarlayıb. KMF bunu pərdələnmiş hədiyyə və ya rüşvət olduğunu iddia edir.


OCCRP-ın hesabatlarında Vardanyanın “Troyka” bankının adı “pulyuma maşını” kimi keçir: “Onun 76 ofşor şirkətinin şəbəkələrindən 4,6 milyard dollar keçib”.


Vardanyanın Azərbaycan biznesi ilə də yolu kəsişib. Erməni milyarderin “Troika Dialog Group” şirkətinin yaratdığı “TransCentralAsia Petrochemical Holding” rus-qazax konsorsiumu vasitəsilə Vardanyan 2007-ci ildə “Petkim Petrokimya Holding A.S”nin hərracında SOCAR-ı geridə qoyub az qala Türkiyə kimyasının nəhəngini ələ keçirəcəkdi.


Köklü irəvanlı, həmçinin “beynəlxalq və ya universal erməni fiquru” olması da Vardanyanı Kreml üçün cəlbedici edir. Ruben Vardanyan 1968-ci il mayın 25-də İrəvanda doğulub. Moskva Dövlət Universitetinin məzunudur. Hərbi xidmətini bir müddət Azərbaycanda keçirib. Vardanyanın həyat yoldaşı Veronika Zonabend mənşəcə yəhudidir, sonradan erməni apostol kilsəsində xristianlığı qəbul edib.


Vardanyan Qərbin sanksiyaları altına düşməsə də, Rusiya-Ukrayna savaşı başladıqdan sonra ABŞ Konqresinin Nümayəndələr Palatasının hazırladığı “Putinin məsiliyyəti haqqında akt” adlı qanun layihəsinin fiqurantı idi. Layihədə ona və digər “kleptokratlara” personal sanksiyaların tətbir edilməsinə çağırılırdı. Amma “dünya erməni diasporunun ən görkəmli nümayəndələrindən biri”nin beynəlxalq əlaqələri onu Qərbin qara siyahısına düşməkdən xilas edib.


Vardanyanın ABŞ-dakı erməni diasporu və lobbisi, ermənipərəst konqresmenlərlə sıx əlaqəsi gizli deyil. Sentyabrın 17-də İrəvanda olan ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri əslində ayın əvvəlində baş tutmalı idi. Amma ABŞ administrasiyası Pelosinin İrəvana səfərini maliyyələşdirməkdən imtina etdi.


Sonradan bəlli oldu ki, Pelosinin səfərini Konqresdəki ANCA erməni komitəsi 120 milyon dollara maliyyələşdirib. Məbləğin bir hissəsi - 75 milyon dollar Vardanyanın bankı vasitəsilə Vaşinqtondakı lobbiçilərin hesabına köçürülmüşdü: bunun 50 milyon dolları Demokratlar partiyasının nəfinə “birdəfəlik ianə” kimi idi, 25 milyon dollar isə Pelosinin Ermənistana 72 saatlıq səfərinə xərclənib.


“TransCentralAsia Petrochemical Holding” şirkəti Vardanyanın Qazaxıstan biznesi ilə əlaqələrindən xəbər verir, bu şirkətin “Petkim”lə bağlı ilk tendərdə SOCAR-ı geridə qoyması isə erməni milyarderin Türkiyə biznesi ilə bağlarının ola biləcəyinə də işarə edir. Bəzi iddialara görə, Vardanyanın Türkiyədə xüsusilə erməni və kürd mənşəli insanlarla iş əlaqələri ola bilər.


• Putinin Paşinyan ağrısı


Vardanyan uzun illərdir ermənilər arasında xeyriyyəçilik fəaliyyəti ilə məşhurdur. O, Dilicanda prestijli United World College məktəbinin forpostunu - “UWC Dilijan College”ni açıb, inkişaf layihələri reallaşdıran IdeA fondunu yaradıb, humanitar sahədə dünya ermənilərinə “Avrora” mükafatı paylayır, FUTURE ARMENIAN-ın (erməninin gələcəyi) xeyriyyə təşkilatının həmtəsisçisidir. Onu erməni diasporunun “xəzinədarı” və ya diasporun pullarının “investoru” da adlandırmaq olar.


Vardanyan Ermənistanın keçmiş rəhbərliyinə yaxınlığı ilə tanınır. Ermənistanın indiki baş naziri Nikol Paşinyanla soyuq münasibətləri var. Bu münasibətlər Paşinyan onun yarıdövlət-yarıözəl investisiya layihəsini bağladıqdan sonra xüsusilə korlanıb. 44 günlük müharibədən sonra Vardanyan müntəzəm şəkildə “erməni məsələsi”ndən danışmağa başlasa da, indiki hökuməti hədəfə almaqdan yayınır. Milyarder dostu, İrəvanda eyni məktəbdə oxuduğu keçmiş müdafiə naziri David Tonoyan 2021-ci ilin sentyabrında həbs olunanda da səsini çıxarmadı.


Paşinyan və bütün Ermənistan onun korrupsiya qalmaqallarından xəbərdar olsalar da, buna yoxmuş kimi reaksiya verirlər. Korrupsiyaya bulaşması İrəvanda Vardanyana potensial siyasi oyunçu kimi baxılmasına əngəl olmur. Vardanyanın 2021-ci ildə yaradılmiş “Həyat üçün ölkə” partiyası ilə əlaqələrinin olması barədə söz-söhbətlər gəzir. Bu partiyanın həmsədrləri Ermənistanın keçmiş sosial təminat naziri Mesrop Arakelyan və Qarabağdakı qondarma rejimin keçmiş “əmək naziri” Mane Tandilyandır. Vardanyan Xankəndidə keçirdiyi mətbuat konfransında bu partiya ilə dərin əlaqələrini etiraf etməsə də, onun qurucuları ilə “əməkdaşlıq və ideya mübadiləsi etdiyini” bildirib...


2021-ci ilin yayında Kreml Koçaryan-Sarkisyan tərəfdarlarının, digər revanşist qüvvələrin və bütünlükdə anti-Paşinyançı düşərgənin 44 günlük müharibəni uduzmuş baş nazir qarşısıhnda çarəsizliyinə və siyasi impotentliyinə dair qəti qənaət hasil etdi. Putinin gözləri önündə vaxtı ötmüş Koçaryan -Sarkisyan kimi fiqurların avanqardı olduğu erməni müxalifəti Paşinyanın hakimiyyətini nəinki sarsıtmır, əksinə gücləndirir və nəticə etibarı ilə Rusiyanın Ermənistanda mövqelərini zəiflədirdi.


Köçəryan Putinin dostudur, amma 2021-ci ilin aprel-iyun aylarında Rusiya bütün mümkün resurslarını sərf etməsinə rəğmən onu siyasi meyit halından çıxara bilmədi. Ermənistanda ötən il iyunun 20 keçirilən parlament seçkisi ərəfəsində qərbyönümlü Paşinyanın furor yaradacağı kimsədə şübhə yaratmırdı. Köhnəlmiş fiqurlardan imtina edib “B” variantına keçməyin – patriotik, energetik, xeyriyyəçi və ermənilər üçün daha cəlbedici görünə biləcək “Vardanyan narrativi”ndən istifadənin vaxtı çatmışdı. Paşinyan nümunəsində bu fakt da təsdiqini tapdı ki, Qarabağ məsələsi Ermənistanda hakimiyyət dəyişikliyi üçün yararsız faktordur. Maraqlıdır, Vardanyan həmin seçkidən bir gün əvvəl – 2021-ci il iyunun 19-da Ermənistan vətəndaşlığını qəbul etmişdi.


Vardanyanın özbaşına hərəkət etməsi nonsensdir. Lakin o vaxt Moskva “Vardanyan kartı”nı tam açmadı: Putinin varlığı Ukrayna üzərində fokuslanırdı və yarımildən sonra hələ də davam edən savaş başladı. Kreml Ukraynadakı “xüsusi əməliyyatı”nı qısa müddət üçün planlaşdırmışdı. Müharubənin uzanması Moskvanı “Vardanyan layihəsi”ni müvəqqəti rəfə qaldırmağa məcbur etdi.


2022-ci il ərzində Paşinyanın geosiyasi dreyfi, ümidlərini Rusiyadan üzərək üzünü Qərbə çevirməsi tam və qəti cizgilər aldı. Düzdür, Ermənistanın lideri Fiqaro kimi gah orda, gah burda peyda olmaqda davam edir. Avqustun 31-də Prezident İlham Əliyev və Aİ Şurasının Prezidenti Şarl Mişel ilə üçtərəfli görüş keçirən Nikol Paşinyan bir həftə sonra – sentyabrın 7-də Vladivostokda Putinlə bir araya gəlmişdi.


Vladivostok görüşünədək və ya Brüssel görüşündən bir gün sonra Vardanyan Rusiya vətəndaşlığından çıxaraq Xankəndiyə yerləşdiyini elan etdi. Bu gediş dərhal Rusiyanın Qərbin patronajlığı altında keçirilən Ermənistan-Azərbaycan sülh danışıqlarından narahatlığının izharı kontekstində yozuldu və əsasən iki mülahizə irəli sürüldü:


1. Rusiya Vardanyan fiquru ilə “Qarabağ faktoru”nu canlandırır ki, sülh danışıqlarında Paşinyanın mövqeyinə bu yolla müdaxilə edə bilsin. Baxmayaraq ki, “Qarabağ yükü”nü üzərindən atan, bu məsələdə subyekt olmasını minimuma endirən Paşinyana Vardanyanın Xankəndidəki aktivliyinin effektiv təsiri şübhəlidir.


2. Rusiya Vardanyanın Ermənistan siyasətinə girişi üçün Qarabağ faktorundan tramplin kimi istifadə edir. Rusiya üçün Cənubi Qafqazı təsir dairəsində saxlamaq nə dərəcə də vacibdirsə, Putin üçün onun planlarını qərbyönümlü siyasəti ilə təhdid edən Paşinyanı devirmək həm də prinsip məsələsidir.


Böyük maliyyə imkanları ilə yanaşı, İrəvanda və Rusiyada geniş media resurslarına sahib Vardanyan Paşinyan üçün İkinci Qarabağ savaşından sonra ona qarşı cəbhə alan bütün siyasi qüvvə və liderlərindən daha ciddi rəqibdir. Bununla belə, Ermənistanın köhnə və revanşist qüvvələrinə yaxın, “Rusiyanın adamı” sayılan Vardanyanın anti-Putin əhval-ruhiyyəsinin gücləndiyi cəmiyyətdə asanlıqla Paşinyanın alternativinə çevrilə biləcəyi sual altındadır. 4 il əvvəl küçədən siyasətə atılan və 44 günlük müharibədə əzilən Paşinyan hakimiyyətdə artıq təcrübə toplayıb və rəqiblərini neytrallaşdırmaq praktikasını da zənginləşdirib.
 



• Araik və Rubik


Rubik Vardanyan Paşinyandan əvvəl Araik Arutyunyan baryerini aşmalıdır. Bu günlərdə Azərbaycanın Qarabağ bölgəsindəki separatçı xarabalığın “rəhbəri” Araik Arutyunyan Ruben Vardanyana “geniş səlahiyyətlər”lə “dövlət naziri” – de-fakto Xankəndidəki separatçı rejimin “baş naziri” vəzifəsi təklif edib.


Vardanyan bu təklifə birmənalı reaksiya verməyib və guya atacağı addımın “Artsax”ın subyekt kimi xilas olunmasına kömək edib-etməyəcəyini araşdırmaq istəyib. Ola bilsin ki, Arutyunyanın onu hansısa posta təyin etməsi də Vardanyana xoş getməyib. Hər halda dediyinə görə, “dövlət naziri” vəzifəsini tutmağa yalnız Araikin təklifi ilə yox, ümumilikdə “cəmiyyətin razılığı ilə qərar verə biləcəyini” söyləyib.


Vardanyan hələlik təklifi publik şəkildə qəbul etməyib, amma Arutyunyanın Vardanyanın reaksiyasını bilmədən ona belə bir təklif edəcəyi az inandırıcıdır. Rubik Araikə Facebook-dan cavab yazıb ki, qərarını “yaxın günlərdə” verəcək.


Belə hesab edilir ki, bu qərarsızlığı və cavabı yubatması Vardanyanın Kremllə məsləhətləmə ehtiyacı ilə bağlı ola bilər. Zira Kreml bu günlərdə “raket terroru” ilə məşğul olur, başı qarşıqdır. Lakin Arutyunyanın Vardanayana təklifinin Rusiyadan xəbərsiz-icazəsiz ortaya çıxması da inandırıcı deyil.


Vardanyan güman ki, yaxın günlərdə Arutyunyanın təklifinə müsbət cavab verəcək. Araikin də taleyi bundan sonra məlum olacaq: postunda qalacaq, yoxsa separatçıların daha energetik “hökumət başçısı” olacağı gözlənilən Rubik Vardanyanın kölgəsində itəcək?


Bu arada erməni mediası Paşinyan-Arutyunyan gərginliyindən yazır və bunu bur qədər şişirdirlər. Mümkündür ki, onların hər ikisinin planı Vardanyanın “dövlət naziri” postunda ilişib qalması ulə bağlıdır. Hər halda Arutyunyanın Paşinyana da xəbərdarlıq etmədən və ya məsləhətləşmədən belə təklifə getməsi az inandırıcıdır. Paşinyanın Arutyunyana təsir imkanları ən azı maliyyə baxımından tükənməyib. Bu fonda oktyabrın 12-də Paşinyanla Arutyunyanın İrəvanda bir araya gəlmələri də Rubiki necə “yerbəyer” etmək məsələsi ilə bağlı ola bilər.


8 aydır davam edən Ukrayna müharibəsi Rusiya siyasətini və diplomatiyasını konvulsiya durumuna salıb, amma Qərbin Ermənistan-Azərbaycan danışıqlarında aktivləşməsi, region ölkələrinin liderləri ilə intensiv təmasları, Qərbin ruhlandırdığı Paşinyanın özündə Rusiyanın Ermənistandakı maraqlarını təftiş etmək cəsarəti tapması Moskvanı digər kontrarqumentləri ilə yanaşı, Vardanyan fiqurunu aktivləşdirməyə və “parlatmağ”a məcbur edir. Odur ki, Vardanyan separatçıların “ikinci şəxsi” postunda sabah oturmasa da, birigün oturacaq.


Rusiya-Ukrayna müharibəsi fonunda qlobal və regional geosiyasi reallıq və şərtlər sürətlə və köklü dəyişməyə meyillidir. Yaranacaq situasiyadan asılı olaraq Moskva Vardanyandan Xankəndidə istifadə etməsi və ya Ermənistan siyasətinə tranziti, Paşinyanın yerində oturtmaqla bağlı yaxın, orta və uzunmüddətli planlarını korrektə edə bilər.


Bu ehtimal da istisna edilməməlidir: maliyyə fırıldaqları ilə biznesdə uğurlar qazanan Vardanyan siyasi meydanda piyadaya çevrilib fiaskoya uğraya və ya Rusiyanın hesablamaları özünü doğrultmayaraq “Vardanyan layihəsi”ni gülünc avantüraya çevirə bilər.


• Toksik fiqur, risk faktoru


Vardanyan Qarabağ ermənisi deyil, bu baxımdan onun nəinki siyasi fəallığına, hətta Xankəndidə fiziki mövcudluğuna belə sakitliklə yanaşmaq, seyrçi qalmaq mümkün deyil.


Azərbaycana düşmən münasibətini gizlətməyən erməni biznesmenin Xankəndidə peyda olması rəsmi Bakının Azərbaycan vətəndaşı olmaq imkanı tanıdığı Qarabağ ermənilərinə toksik təsir edir, neqativ illüziyalarını artırır.


Şübhəsiz ki, Moskva Xankəndidə “siyasi post” sahibi olacaq milyarderin Azərbaycan tərəfi ilə hansısa təmaslarına nail olmağa cəhd edəcək.


Xankəndidə qalacaq Vardanyanla və Ermənistan siyasətinə atılacaq Vardanyanı ayrı-ayrı keyslərdə nəzərdən keçirmək lazımdır. Erməni milyarderin Paşinyanın yerinə oturdulması planının həyata keçirilməsi hazırda qeyri-mümkün görünür və yaxud ən azı yaxın perspektiv üçün az ehtimal edilir. Daha çox Xankəndidə qalacaq Vardanyan fiquru ilə bağlı kontrarqumentlər, planlar hazırlamaq lazımdır.


Arutyunyanın yerinə Vardanyanın oturdulması üçün Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altındakı ərazidə qondarma seçkinin keçirilməsi ehtimalını sərf-nəzər etmək olmaz. Vardanyan Rusiyanın adamı olsa da, Qərb dairələri, erməni diasporu ilə daha sıx əlaqələrə malikdir. Onun aktiv fəaliyyəti və ön plana çıxması Qarabağ ermənilərinin beynəlxaq gündəmə ciddi şəkildə oturması riski yaradır.


Aydındır ki, həm Rusiya, həm də Qərb dairələri Qarabağ erməniləri faktorundan Azərbaycana təzyiq və təsir aləti kimi istifadə etməkdə davam edəcəklər.


Moskva- Bakı təmasları fonunda və indiki konyunkturada Rusiya Azərbaycan rəhbərliyinin münasibətini öyrənmədən öz milyarderini rus sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazidə yerləşdirməsi ehtimalı qeyri-ciddi versiyadır. Bakı köhnə revanşistlərin (Koçaryan-Sarkisyan) oyundankənar qalmasını, kommunikasiyaların açılmasını və regionun bir bütöv halında inkişafını istəyir. Rusiya hazırda buna qarşı çıxmır və marionetkasının da əks mövqe sərgiləməyəcəyini gözləmək olar. Bu baxımdan Vardanyan fiqurunda Azərbaycan özünə sərfəli məqamlar tapa, hətta manipulyasiyalara, manevrlərə gedə bilər.


Rusiya və Qərbin Qarabağ separatçıları amilindən Azərbaycana təsir kimi istifadəsinə qarşı əks-təsir alətləri, qabaqlayıcı təsir vasitələri ilə oyun qurmaq olar. Yaranmış situasiyada və danışıqlar prosesində düşmənə Azərbaycanın əlini zəiflədəcək arqumentlər verilməsini minimuma endirmək lazımdır. Şübhə yoxdur ki, beynəlxalq platformalarda Azərbaycanın daxili siyasətinin bir çox məsələləri “Qarabağ ermənilərinin təhlükəsizliyinin təminatı” kontekstində intensiv müzakirə və polemikaya çəkiləcək, guya “ermənilərin Azərbaycanda yaşaya bilməməsi”ni sübut edən “bəhanə faktorları” istesal ediləcək. Bu riski neytrallaşdırmaq ciddi arqument və kontrarqumentlər tələb edir.


Bütünlükdə, Vardanyan faktoru bir qədər şişirdilir və situasiya da hələlik o dərəcədə kritik deyil. Putinin öz fiqurunun potensialından necə istifadə edəcəyindən, Qarabağ erməniləri ətrafındakı konyukturadan və situasiyanın sonrakı inkişafından asılı olaraq Azərbaycanın adekvat addımlar atmaq, situativ mövqe və yanaşmalarına maraqlarına uyğun korrektələr etmək imkanı var.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü