Modern.az
Qəzənfər Həmidoğlu Soçi görüşü: Putinin manipulyasiyası, Paşinyanın avantürist taktikası...

Qəzənfər Həmidoğlu

Soçi görüşü: Putinin manipulyasiyası, Paşinyanın avantürist taktikası...

Analitika

30 Oktyabr 2022, 19:46

Qəzənfər Həmidoğlu

İkinci Qarabağ savaşında zəfərin ikinci ildönümü ərəfəsində postsavaş bölgəsində vəziyyət və ətrafındakı geosiyasi sityasiya gərgin və ziddiyyətli olaraq qalır. Xüsusilə 2002-ci ilin sentyabr-oktyabr aylarında sərhəd bölgəsində eskalasiyanın dərinləşməsi fonunda köhnə “regional oyun” yenidən dramatikləşir.


Qarabağda erməni silahlıları qalır, Zəngəzur dəhlizi məsələsi düyünə düşüb, Qərb yenidən Cənubi Qafqazda fəallığını artırıb, Rusiya mövqelərini qorumaq üçün ölümünə dirənir, İran bu prosesin subyektinə çevrilməyə cəhd edir və bu fonda Ermənistanla Azərbaycan arasında sülh anlaşmasının yaxın perspektivdə imzalanacağına ümidlər azalır.


Rusiya prezidenti Vladimir Putin “Valday” klubundakı çıxışı, daha dəqiqi avantüristcəsinə manipulyasiya ilə Moskvanın hər cür təzyiq rıçaqları ilə Bakı və İrəvanı öz kontrolunda saxlamaq niyyətini, təxribatçı vasitəçi olduğunu bir daha təsdiq etdi.


2020-ci noyabrın 10-da imzalanan üçtərəfli bəyanatdan sonra Rusiya postsavaş dövründə Ermənistan və Azərbaycana təzyiq üçün iki prinsipial istiqaməti – Ermənistan-Azərbaycan danışıqlarının idarə edilməsini və Qarabağ erməniləri ilə bağlı məsələni “sülhə dəstək missiyası” adı altında idarə edilməsini nəzarətində saxlayırdı. Lakin Moskvanın dominantlığı Qərbi qane etmirdi.


2021-ci ilin dekabrından başlayan Brüssel prosesində Qərb effektiv addımları, Bakı və İrəvana siyasi təsir vasitələri ilə faktiki olaraq regiona qayıda və Rusiyanın ciddi alternativinə çevrilə biləcəyini ortaya qoydu. Hazırda Azərbaycan-Ermənistan şərti sərhədinin qərb tərəfində Rusiyanın hərbi qüvvələri ilə yanaşı, Avropa Birliyinin mülki missiyası da yerləşib və hədəf həmin müşahidəçiləri perspektivdə “beynəlxalq sülhməramlı qüvvələr”ə çevirməkdir. Qərb bölgədə de-fakto Rusiya ilə paralel mövcudluğunu artırır.


Qərb Rusiyanın rolunu zəiflətmək və bölgədən sıxışdırmaq istəyir, Ermənistan-Azərbaycan münasibətlərini və Qarabağ məsələsini ayrıca keyslər kimi dəyərləndirir. Moskva isə regiona nəzarət mexanizmini itirməmək üçün Bakı-İrəvan danışıqlarını və Qarabağ erməniləri faktorunu vahid keysdə tutmağa çalışır, Qərbi neytrallaşdırmaq üçün yeni kontrarqumentlər axtarır, manipulyasiyalara əl atır.



Ermənistanda anti-Rusiya ovqatı, ABŞ-ın Ermənistanda fəallaşması, Fransa prezidenti Makronun Rusiyaya ittihamları, Paşinyanın açıq qərbyönümlü bəyanatları, “KTMT-dən çıxırıq” şantajı, sərhəddə AB müşahidəçilərinin yerləşdirilməsi fonunda Rusiya İrəvana birbaşa təzyiqləri yumşaldaraq yenidən ermənilərin könlünü almaq siyasətinə qayıdıb. Son günlər Rusiyada yenidən Azərbaycan əleyhinə kampaniyanın başladılması və nəhayət, Putinin “Valday”da sülh danışıqları ilə bağlı iki plandan – Qərb və Rusiya variantlarından danışması məhz bundan xəbər verir. Putin variantları belə təqdim edir:


1. “Erməni xalqı və ya Ermənistan rəhbərliyi hesab edirsə ki, sülh müqaviləsinin bütövlükdə Qarabağ üzərində Azərbaycanın suverenliyinin tanınmasını nəzərdə tutan Vaşinqton variantını seçilməlidir, buyursunlar, özləri bilərlər”.


2. “Ermənistan rəhbərliyi hesab edirsə ki, Qarabağın öz xüsusiyyətləri var və bu xüsusiyyətlər gələcək sülh müqaviləsində nəzərə alınmalı, danışılmalıdır, bu da mümkündür…”.


“Vaşinqton variantı” Putinin təqdim etdiyi kimidirsə, Azərbaycanın maraqların uyğundur. Yəni, Qərb Azərbaycanın ərazi bütövlüyünün qorunmasının, Qarabağın Azərbaycan daxilində qalması mövqeyindən çıxış edir. Bu, başqa məsələdir ki, Brüsseldə müzakirə olunan prinsiplərdən tam məlumatlı deyilik, istisna deyil ki, Rusiya lideri erməniləri özünə tərəf çəkmək üçün Qərbin təşəbbüsünü anti-erməni və Azərbaycanın mənafeyinə tam uyğun təklif kimi şişirdir. Amma bu da faktdır ki, Azərbaycan, Ermənistan və Aİ liderlərinin hələ aprelin 6-da Brüsseldə keçirilən görüşündən sonra Paşinyan demişdi ki, Qərbdə Qarabağ məsələsində heç kim Ermənistanı dəstəkləmir və Qarabağı Azərbaycanın tərkibində sayırlar. Paşinyan ötən şənbə günü "Vətəndaş Müqaviləsi" Partiyasının qurultayındakı şıxışında sülh danışıqlarına dair Qərb variantlarından danışarkən bu mövqeyini bir daha təkrarladı.


Putinin variantı isə sonadək açıqlanmır, şübhəli və qaranlıqdır. Putin “Qarabağın özünəməxsus cəhətlərini nəzərə almağı” təklif edir ki, burda artıq söhbət statusdan- Azərbaycanın suverenliyinə toxunmaqdan gedir. Yəni, “Putin variantı”nda Azərbaycana qarşı ərazi iddiası qalır və Qarabağ Azərbaycan-Ermənistan sülh danışıqlarının predmetinə çevrilir. Maraqlıdır, Rusiya təkliflərini oktyabrın 6-da Praqada keçirilən görüşdən xeyli əvvəl - sentyabrda Bakı və İrəvana təqdim edib, amma ictimaiyyətə açıqlanmayıb. Ermənistanın baş naziri Nikol Paşinyan bu barədə Tvitter hesabında yazıb:
“Sentyabrın əvvəlində Ermənistan Rusiya Federasiyasının təqdim etdiyi Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin qurulması üçün əsas prinsiplər və parametrlər əsasında işləməyə razılıq verib və bunu Soçidə təsdiqləməyə hazırdır”.

Yeri gəlmişkən, Paşinyan da Putinə tam arxayın deyil, “ümid edirik ki, Rusiya öz təkliflərini dəstəkləyəcək”, - deyə əlavə edib.


Belə bir iddia var ki, Moskva Bakı ilə anlaşaraq və ya təzyiq edərək, Ermənistanı əlində saxlamaq üçün şirnikləndirici “prinsiplər və parametrlər” ortaya atıb. Yəni, Putin manipulyasiya edə bilər. Amma ictimaiyyətə açıqlanmayan “Putin variantı”nda Azərbaycan üçün nə cəlbedici ola bilər ki, özündə riskli status məsələsini ehtiva edən və Paşinyanın artıq razılığını verdiyi oyuna qoşulsun? Putinin “Valday”da işğal altındakı rayonların qaytarılması ilə bağlı “5+2” planını xatırlatması, keçmişə qeyri-adekvat istinadlar və şantajvari eyhamları da Kremlin xoş niyyətindən xəbər vermir.


Rusiya göstərdi ki, regiona köhnə yanaşma paradiqmasını dəyişməyib, bölgədə sülhə can atmır. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansa, tərəflər bir-birinin ərazi bütünlüyünü tanısa, Rusiya Qarabağdakı hərbi kontingentini çıxarmalı və sonda regionu tərk etməli olacaq. Moskvanın planındasa bölgədən çıxmaq yoxdur. Rusiya üçün Qarabağ regionunda qalmaq vasitəsidir və yaxın günlərdə sepataçı rejimin “dövlət naziri” olacaq Ruben Vardanyan fiqurunu aktivləşdirməklə bölgədə daha da möhkəmlənmək istəyir. Digər tərəfdən, son günlər Ermənistan siyasətçiləri də Xankəndidə intensiv şəkildə görünməyə başlayıblar.


Rusiyaya inanmaq, onunla eyni oyunda rol almaq risklidir. Ukrayna savaşı davam etdikcə, Putinin siyasi mövqeləri zəifləyir, Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı atacağı addımların perspektivi sual altındadır, “Valday”dakı çıxışı da mahiyyətcə əvvəlki imkanlara sahib olmadığından xəbər verir. Bir çox faktorlar, proseslər, Qərbin və İranın fəallaşması Moskvanın regionda dominant statusunu əridir.


Oktyabrın 31-də Soçidə keçiriləcək üçtərəfli görüş Putinə Bakı və İrəvanı orbitində saxladığını nümayiş etdirmək üçün lazımdır, bu konfiqurasiyada keçirilən danışıqların real sülh prosesi istiqamətində hansısa konkret nəticəyə aparacağı az inandırıcıdır. Rusiya o imkan sahibi deyil ki, Qərbin yolunu kəssin, Bakı və İrəvanı ortaq məxrəcə gətirə bilsin.


Amma qarşıduran tərəflərin Rusiyadan və ya Qərbdən faydalanmağa çalışaraq taktiki manevrlərə cəhd etmələri və ya Moskvanının qurduğu oyunun iştirakçısı olmaları həm özlərinin strateji hədəfləri üçün əngəl yaradır, həm də Kremlin çörəyinə yağ sürtür. Paşinyanın "Vətəndaş Müqaviləsi" Partiyasının qurultayındakı avantürist çıxışı özündə Azərbaycan üçün ciddi risklər ehtiva edir:
"Mən Soçidə sülhməramlıların mandatının 10, 15 və ya 20 il uzadılması ilə bağlı sənəd imzalamağa hazıram. Rusiya prezidentinin belə bir təşəbbüslə çıxış etməsini təklif edirəm. Mənim özüm də bu təklifi verə bilərəm, amma Rusiya tərəfi onu dəstəkləməlidir".



Bu, artıq həyasızlıqdır - başqa bir ölkə Azərbaycan ərazisində qoşun saxlanılmasına dair təklif verir. İstisna deyil ki, bu, Kremlə İrəvanın birgə oynudur. Rusiya Qarabağdakı “sülhməramlı qüvvələri”nə mandat istəyir. Düzdür, bu qüvvələr Azərbaycanın dəvəti ilə gəlib, amma rəsmi statusları yoxdur, rəsmi Bakı rus kontingentini "Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş” kimi təqdim edir.


Ruslara mandat və artıq müddət vermək riskli işdir. Dnestryanıda rusların mandatı çoxdan bitib, amma Moldavanı tərk eləmək niyyətləri yoxdur. Mandat və müddət məsələsi Soçi görüşü ətrafında ajiotaj və narahatlığı artırır…


Beləliklə, Brüssel prosesi sülh danışıqları üçün effektiv platforma və Yol xəritəsi təqdim edir. Danışıqlara Putinin patronajlığı isə nəinki sülhə aparır, əksinə gərginliyi daha da artırmağa hesablanıb.


Azərbaycan münaqişənin tam bitməsini, sərhədlərin dəqiqləşməsini və Qarabağda qondarma qurumun tamamilə ləğvini istəyir, amma nə İrəvandan, nə Moskvadan bu istəyinə aydın və qəti cavab ala bilmir. Həmçinin Brüssel və Vaşinqtonun rolu da sonadək aydın deyil və ya Bakı Qərbə şübhə ilə baxmaqda davam edir.


• Sülhün yubanmasının riskləri


Azərbaycan üçün daha riskli situasiya Ukrayna savaşının uzanması, regiondan bir-birini sıxışdıra bilməyən Qərblə Rusiyanın, məsələn, Putinlə Makronun, həmçinin Vaşinqtonun ermənilərin maraqları naminə hansı formadasa anlaşması ola bilər. Onların ATƏT-in Minsk qrupunda Bakı və İrəvanı münaqişə vasitəsilə idarə etmək kimi Azərbaycan üçün acı olan birgə fəaliyyət təcrübəsi var. Bu baxımdan ABŞ, Fransa və digər Avropa ölkələrində Azərbaycana qarşı kampaniya və təzyiqlərə son vaxtlar Rusiyanın aktiv şəkildə qoşulması diqqəti cəlb edir. Azərbaycana qarşı bənzər addımlar atırlar, sanki Minsk qrupunu gizlicə xortladıblar. Artıq sahədə də bir yerdədirlər, AB missiyası ilə Rusiya hərbçiləri Ermənistanın sərhəd bölgəsində eyni məkanı paylaşır. Fransa isə Rusiyanın sülhməramlı qüvvələrinin nəzarətində olan Xankəndidə humanitar missiya açmaq istəyir. Bu, Fransa Senatında 15 noyabrda səsverməyə çıxarılacaq sənəddə nəzərdə tutulub ki, arxasında status məsələsi gizlənir.


Belə oxşar taktiki gedişlər təsadüfi sayıla bilməz. Düzdür, Azərbaycanda bir çoxları əmindir ki, Qərb regionda tezliklə sülhə nail olunmasında maraqlıdır. Amma ABŞ və müttəfiqləri də Qarabağ ermənilərinin statusu məsələsini tam gündəmdən çıxarmırlar ki, bu da danışıqların sonunu görünməz edir. Rəsmi Bakının Azərbaycan vətəndaşlarının sahib olduğu hüquqların ermənilərə də şamil ediləcəyinə dair bəyanatı açıq şəkildə gözardı edilir, Qarabağ erməniləri üçün hansısa format yaradıb danışıqlarda tərəf etmək cəhdləri göz önündədir. Qərb və Rusiya Qarabağ ermənilərinə hansı status istədiklərini də açıq mətnlə bəyan etmirlər və eyni oyunu oynayırlar, vasitəçidən daha çox tərəf kimi çıxış edirlər.


Bütün bu oyunlara qarşı Türkiyənin regionda və danışıqlarda daha aktiv rol almasına ehtiyac var.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İran çalxalanır- Rəisinin dəfnindən dəhşətli görüntülər