Modern.az
Qəzənfər Həmidoğlu Betər günahın üzrü olurmu?

Qəzənfər Həmidoğlu

Betər günahın üzrü olurmu?

Analitika

17 Dekabr 2022, 21:20

Qəzənfər Həmidoğlu

Hamımız səhv edirik. Həyatımız qələtlərlə doludur, işimizdə də bəzimiz hərdən, digərimiz adətən səhv buraxırıq. Mələk deyilik, Tanrının günahkar bəndələriyik.

Vacib olan öz səhvini etiraf eləmək, üzr istəməkdir. Üzr istəmək ərdəmdəndir. Başını əyirsən, məsum hal alırsan və dramatik tonda deyirsən: “Mən düz etmədim, haqlı deyildim”.

Səhv çox böyük deyilsə, iş azacıq pozulubsa, xətir anlaşılmazlıqdan incidilibsə, münasibətlərə ciddi ziyan vurulmayıbsa, həm üzr istəyir, həm bağışlanacağını umur və həm də özünü xilas etmək istəyirsən: “Bağışlayın, hər şeyi edəcəyəm ki, səhvimi düzəldim”.

Qələtin miqyası yekədirsə, haqq nahaqqa verilibsə, iş əngəllənibsə, ortada ciddi ziyan varsa, münasibətlər korlanma həddinə çatıbsa, məsuliyyətini dərk edir, eyni zamanda, səmimiyyətinə inandırmaq istəyirsənsə, xahiş-yalvarış dozasını artırır, hətta uşaqlıqdan qalma “inandırma arqumenti”ndən yapışırsan:

“Günahımdan keçin, böyük səhv etdim, xahiş edirəm (yalvarıram), əfv edin, üzrümü qəbul edin! Bir daha belə etməyəcəyəm (uşaq variantı)! Bir daha bu, baş verməyəcək və ya təkrarlanmayacaq (böyüklərin variantı)!”.

Günah da bir qələtdir. Amma bu iş Allahlıqdır! Deyə bilməzsən ki, üzr istəyirəm, Cənabi-Həqq! Tövbə edərsən, qəbul edər-etməz, Tanrının özü bilər.

Cinayət isə insan həyatının çox yekə səhvlərindəndir. İndi qatil birini öldürsün və ya zalım işgəncə versin, sonra da “bağışla!” deyib getsin işinin dalınca, bu, heç olmaz. Cinayət, bilərəkdən və ya bilməyərəkdən ona şərait yaratmaq, yardımçı olmaq, göz yummaq, qarşısını almamaq, bu işdə səhlənkarlıq etmək başqa məsuliyyət səviyyəsidir ki, bu da məhkəməlikdir.

Bir də var küllən, elliliklə səhv yolda olmaq, nahaqa tərəf tutmaq, səs çıxarmamaq. Bu artıq ləyaqət məsələsidir. Fazıl İsgəndərin gözəl bir təsbiti var: "İnsan ləyaqətli olmalıdır, bu, hər hansı hakimiyyətdə istənilən şəraitdə mümkündür. Ləyaqətlilik qəhrəmanlığı deyil, şərəfsizliyə qatılmamağı nəzərdə tutur”.


Gələk mətləbə. Deputat Zahid Oruc Milli Məclisdə “Tərtər işi” ilə bağlı çıxışında deyib ki, hərbi prokuror Xanlar Vəliyev və keçmiş baş prokuror Zakir Qaralov “Ali Baş Komandandan, xalqdan, ordumuzdan və qurbanlardan üzr istəməlidirlər”.

Deputat əsrin faciəsinin detallarına toxunmadan “Tərtər işi”nin qurbanlarına ittiham aktını xəyanət adlandırır: “Hərbi prokuror 5 il idi ki, işgəncə qurbanlarının üsyanını “nağıl” adlandırırdı, sonda bəlli oldu ki, dövlətə və xalqa yalanı kim danışır. Keçmiş Baş prokuror Zakir Qaralov bir dəfə də olsun o analarla görüşmədi və saxta ittihamnamələri araşdırmadı...Hərbi Prokurorluğun kölə müstəntiqləri və andsız hərbi hakimlər 5 il dövlət əleyhinə təbliğata bais olduqlarına görə məsuliyyət daşıyırlar. O casusluq işində imtiyaz və rütbə qazananlar da kənarda qalmamalıdır. Torpaqları düşmən əlində olan bir xalqın 405 nəfərini satqınlıqda günahlandırmaq özü böyük xəyanətdir...”.

Zahid Oruc həm xəyanətdən danışır, həm də üzr tələb edir. Bu nonsensdir. Üzr prosesi ikitərəfli hərəkətdir. Üzr istəyirsən və gözləyirsən ki, bağışlanacaqsan. Və yaxud üzr gözləyirsənsə, bağışlamağa hazırsan.

Elə betər günahlar, cinayətlər var ki, burda “Onu (və ya onları) bağışlamaq olarmı” sualı insan zəkasını məsxərəyə qoymaqdır. Tərtər cinayəti isə elə miqyaslı müsibətdir ki, burda yalnız və yalnız haqq-ədalətin təcəllasından, cinayətkarın layiqli cəzalandırılmasından söhbət gedə bilər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir