Modern.az
Qəzənfər Həmidoğlu Laçın dəhlizində “hibrid savaş”

Qəzənfər Həmidoğlu

Laçın dəhlizində “hibrid savaş”

Analitika

26 Dekabr 2022, 15:10

Qəzənfər Həmidoğlu

Pərdə arxasında hansı proseslərin getdiyindən, hansı şifahi anlaşmaların və ya reqlamentin olmasından xəbərsizik, bunlar postfaktum üzə çıxır. Amma açıq mənbələrin məlumatları da yetərlidir ki, postsavaş -2022 üçün bəzi qənaətlər çıxara bilək...

Rusiya cəhd edir ki, Azərbaycanla Ermənistan arasındakı bütün mövzular üçtərəfli format çərçivəsində qalsın və müzakirə olunsun. Moskva son iki ildə bu kontekstdə Rusiya sülhməramlı kontingentinin (RSK) mandatı ilə bağlı təkliflərinin Bakının qəbul etməsinə çalışır. Düzdür, RSK-nın mandatı ilə bağlı Bakı və Moskvadan rəsmi bir açıqlama olmayıb, bunu yalnız Ermənistanın Təhlükəsizlik Şurası rəsmən bəyan edib.

Rəsmi Bakının mövqeyi bundan ibarətdir ki, münaqişə bitib, məntiqi olaraq qalan məsələlər Azərbaycanın daxili işidir və Qarabağ mövzusunu (“Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təminatı” məsələsi) Ermənistanla müzakirə etmək niyyəti yoxdur. Bununla yanaşı, Azərbaycan rəhbərliyi postsavaş manevrlərindən imtina etmir, beynəlxalq və regional konyunkturaya uyğun hərəkət edir - müharibənin nəticələrinə görə regionda iştirakı olan dövlətlərin (Rusiya və Türkiyə), tərəfsiz vasitəçilik niyyətində olanların, Azərbaycana ən azı qərəzsiz yanaşanacağına inandığı, “Qarabağın statusu” məsələsində əvvəlki mövqelərini nəzərdən keçirən dövlət və mərkəzlərin, məsələn, ABŞ və Avropa İttifaqının rəylərini də dinləyir, bu rəylər və ya tövsiyələr nə qədər polemik və ya daxili işlərə müəyyən müdaxilə olsa belə.

Müharibədən sonra sülh danışıqlarının ləng irəliləyişi, Brüssel prosesinin dalana dirənməsi və Rusiyanın himayəsi ilə aparılan üçtərəfli danışıqların qeyri-effektliyi fonunda Azərbaycanın Laçın dəhlizində “hibrid savaş”a başlaması Ermənistan, Rusiya və regionda maraqları olan digər tərəflər üçün qəfil sürpriz oldu. Ermənistan, Rusiya və Azərbaycanın geosiyasi opponentləri olan güclər üçün Bakının gücə əl atması, Laçın yolunda tanklarla görünməsi və hər hansı eskalasiya kontrarqumenlər baxımından daha məqbul variantdır, nəinki Azərbaycanın bölgədə “yumşaq gücü”nü aktivləşdirməsi və onu uzun bir dövrə yayması. Bakı son addımı ilə həm ona qarşı oynayanların və başqa maraqlı tərəflərin mövqe və niyyətlərini üzə çıxardı, həm də müəyyən anlamda 2023-cü il üçün atacağı addımları, Qarabağ erməniləri ilə bağlı “yol xəritəsi”nin elementlərini ortaya qoydu.

***

Eko-aktivist və ictimai fəalların Laçın yolunda dekabrın 12-dən davam edən aksiyasının arxasında erməni tərəfi Azərbaycan hakimiyyətinin durduğunu deyir, Bakını “Qarabağ ermənilərini blokadaya almaqda” və "humanitar böhran" yaratmaqda ittiham edir, bir sözlə, baş verənləri “ekoloji yox, siyasi məsələ” hesab edirlər. Etirazçılar isə bildirirlər ki, yolu RSK bağlayıb, həmçinin humanitar və təcili tibbi yardım maşınlarının yoldan keçməsinə aksiya iştirakçıları heç bir maneə yaratmırlar. Maraqlıdır ki. Azərbaycanda da bəziləri təftiş edirmiş kimi bu işin “ekoloji deyil, siyasi” olduğunu deyirlər. Polemika açanlar da var, birisi sanki kəşf edib: “Burda ekologiya yoxdur”. “Bəxt üzüyü”ndəki Söylüsayağı şübhə edənlər də var: “ Ayə Moşu, eqologiya budu?”

Bu məsələ üzərində baş sındırmaq qeyri-ciddi işdir. Bütün dünyada belə aksiyaları modelləşdirməyin arxasında hökumətlərin durduğu kimsəyə gizli deyil. Azərbaycan hakimiyyəti bunu sadəcə rəsmən etiraf etmir. Digər tərəfdən, hökumət bu aksiyanı nəzarətində saxlamasa, etiraz aksiyasına yığışanların sayı dəfələrlə çox olardı.


***

Bu kontekstdə Azərbaycan həm də RSK-nın müvəqqəti yerləşdikləri ərazilərdəki fəaliyyəti və Laçın dəhlizindəki rolu məsələsini hədəfə aldı. RSK ilə bağlı həm ermənilərdə, həm xarici havadarlarında, həm də “Bakını bombalamaqla” hədələyən Rusiyanın ekspert dairələrində belə yanlış təsəvvür və narrativ var ki, RSK-nın yerləşdiyi ərazilər onların “birmənalı məsuliyyət zonasıdır”, onlar “Qarabağ ərazisini və erməniləri müdafiə edirlər”.2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli bəyanatda sülhməramlılarla bağlı 4 bənd var:

“3. Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağdakı təmas xətti boyunca və Laçın dəhlizi boyunca yerləşdirilir.

4. Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir.

5. Münaqişə tərəfləri tərəfindən razılaşmanın həyata keçirilməsinə nəzarətin effektivliyini artırmaq üçün atəşkəsə nəzarət etmək məqsədi ilə sülhməramlı mərkəz yerləşdirilir.

6... Dağlıq Qarabağın Ermənistanla əlaqəsini təmin edəcək və Şuşa şəhərindən keçməyəcək Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətinə keçir... Azərbaycan hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və malların Laçın dəhlizi boyunca hərəkətinin təhlükəsizliyinə zəmanət verir”.

Sənəddə yalnız atəşkəsə və Laçın yoluna nəzarətdən söhbət gedir, RSK komandanlığı “xüsusi idarəetmə orqanı” deyil, “Qarabağ ermənilərini müdafiə etmək” kimi funksiyası yoxdur, onlar Azərbaycan ərazisində nəsə tikə-qura bilməz, təssərrüfat işləri ilə, iqtisadi fəaliyyətlərlə məşğul ola bilməzlər, baxmayaraq ki, iki il ərzində “sülhməramlılar” funksiyalarına tamamilə dəxli olmayan işlərlə məşğul olublar. RSK komandanlığının həmçinin Azərbaycan rəsmilərinin Qarabağın erməni sakinləri ilə təmaslarına əngəl olmaq, həmçinin azərbaycanlıların Laçın yolundakı aksiyası ilə bağlı hansısa qərar vermək səlahiyyəti də yoxdur.

Düzdür, Laçın yolunda baş verənlər fonunda yenidən anti-Azərbaycan isterikası baş qaldırdı, Ermənistanın şikayəti əsasında BMT Təhlükəsizlik Şurası Laçın dəhlizi ətrafında vəziyyəti müzakirə etdi. Bundan başqa, Ermənistanın şikayəti əsasında Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanın üzərinə təçili yardım maşınlarının keçidi ilə bağlı “öhdəlik” qoydu. Yerevanda Ermənistanın “diplomatik hücumu”ndan danışılsa da, BMT TŞ hər hansı anti-Azərbaycan qətnamə qəbul etmədi. Bu da diqqəti cəlb etdi ki, daimi nümayəndələr və ya onların müavinləri TŞ iclasına formal olaraq yığılıblar, daha dərinə getməkdə maraqlı deyillər. Ermənistan məsələni Fransanın dəstəyi ilə çox qısa müddətdə ən yuxarı həddə - BMT səviyyəsində müzakirəsinə nail olması əks-effekt də verə bilər. Çünki sonrakı günlərdə diplomatik ajiotaj bir qədər səngiməyə meyilli oldu.

Paşinyan isə hökumətin dekabrın 22-də keçirilən iclasında Rusiyanı hədəfə aldı: "Rusiya Federasiyasının sülhməramlı kontingenti 9 noyabr 2020-ci il tarixli bəyanatın 6-cı bəndində qeyd olunan Laçın dəhlizinin nəzarətdə saxlanılması barədə öhdəliyi yerinə yetirmir”. Baş nazir həmçinin Qarabağa və Laçın dəhlizinə BMT, yaxud ATƏT, ya da ATƏT-in Minsk qrupunun missiyasını göndərmək məsələsi üzərində işləməyin gərəkdiyini bildirdi.

Azərbaycan 44 günlük müharibədən sonra Qarabağ məsələsinin tarixə qovuşduğunu deyir, regiondakı ermənilərin məsələsini daxili işi adlandırır, heç bir beynəlxalq mərkəzlə bu haqda danışıqlara getməyəcəyini bəyan edir.

***

Paşinyanın Rusiyaya demarşı fonunda Moskvanın Qarabağ mövzusunu üçtərəfli formatda müzakirə etmək niyyəti sual altına düşdü. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Moskvaya səfərdən imtinası ilə güman ki, Azərbaycan və Rusiyanın XİN başçıları Ceyhun Mirzəyevlə Sergey Lavrovun görüşünün formal xarakter alacağına ümid edirdi. O baxımdan ki, görüş üçün müzakirə predmeti qalmayacaqdı. Hər halda, Bayramov və Lavrov tezəlikcə, dekabrın 5-də Moskvada bir araya gəlmişdilər, ikitərəfli formatda çox şeyləri müzakirə etmiş və 2023-2024-cü il üçün XİN-lərarası Məsləhətləşmələr Planı imzalamışdılar. Amma arada Azərbaycanın “dəhliz gedişi” vardı. Üç XİN başçısının dekabrın 23-nə nəzərdə tutulan görüşü həm də MDB sammiti çərçivəsində daha yüksəksəviyyəli mümkün üçtərəfli görüşə hazırlıq baxımından anlam kəsb edirdi. Mirzəyanın Moskvaya uçmamasından sonra anlaşıldı ki, Ermənistan-Azərbaycan sülh danışıqları ilə bağlı həmin görüş də baş tutmayacaq. Kremlin mətbuat katibi Dmitri Peskov artıq bildirdi ki, dekabrın 26-27-də Peterburqda keçiriləcək MDB liderlərinin qeyri-formal sammiti çərçivəsində Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü nəzərdə tutulmayıb. Hərçənd ki, Putinin bu istiqamətdə ekspromtu da istisna deyil...

Maraqlıdır ki, Paşinyan hökumətin dekabrın 22-də keçirilən iclasında bildirdi ki, Ermənistan Azərbaycana sülh müqaviləsi ilə bağlı təkliflərini təqdim edib: “Biz təqdim etdiyimiz məzmun çərçivəsində müqaviləni imzalamağa hazırıq. Ümid edirəm ki, Azərbaycanın reaksiyası müsbət olacaq”. Ermənistan lideri təkliflərini Azərbaycana hansı kanallarla çatdırdığını aıqlamayıb, amma Moskva görüşü ərəfəsində sülh danışıqlarından imtina etmədiyini nümayiş etdirməyə çalışıb.

Bu, imitasiya, danışıqlarla manipulyasiyadır. Ermənistan danışıqlar prosesinin sonunda özü üçün bir işıq görmür. Azərbaycanda hələ də inanlar var ki, sülh yaxındadır. Ona görə də təəccüb edirlər ki, “niyə Azərbaycan rəhbərliyi bu aksiyanı Ermənistanla sülhün imzalanacağından sonrakı mərhələyə deyil, məhz indiki vaxta saldı?” Əslində, Azərbaycan-Ermənistan danışıqlarında, eləcə də Brüssel prosesində sülhün ilğımı olub. Paşinyan Brüssel danışıqlarına Makron şərtini qoşdu, Əliyev qəbul etmədi. O gündən daşdan səs çıxır, Şarl Mişeldən çıxmır. Faktiki olaraq Aİ-də və ATƏT-də indi Makron at oynadır, digərləri tamaşa edirlər. Ermənistan cəmiyyəti, xüsusilə də əksər ekspertlər Azərbaycanla sülh müqaviləsinə, Azərbaycanın ərazi bütövlüyünün tanınmasına kapitulyasiya sənədi kimi baxırlar. Paşinyan hökuməti bu fonda sülh sazişi hazırlamağa hazır deyil, danışıqları uzatmağa çalışır. Odur ki, bir tərəfdən Brüssel prosesinə Makronun kölgəsini salmaqla əngəl yaratdı, Rusiyanın vasitəçiliyinə gəldikdə isə burda əvvəldən sülh perspektivi yox idi. Azərbaycan və Ermənistanın anlaşmaması, danışıqlar müstəvisindən uzaq düşmələri regionu nəzarəti altında saxlamaq baxımından Moskvanın maraqlarına uyğundur və hazırda bu, Paşinyana da sərf edir.

***

Beləliklə, sülh danışıqları faktiki olaraq dalanda ilişib. “Qarabağ erməniləri” keysinə gəldikdəsə, Ermənistan bu məsələdə subyekt olmadığını və ya üçtərəfli dialoqda zəif olduğunu anlayır. Odur ki. məsələni dondurmaq və gələcəyə saxlamaq istəyən Paşinyan bir tərəfdən RMK-nı günahlandırır və məsuliyyəti Rusiyanın üzərinə yükləmək istəyir, digər tərəfdən Laçın dəhlizinə BMT, yaxud ATƏT, ya da ATƏT-in Minsk qrupunun missiyasını göndərməkdən danışaraq məsələni beynəlmilləşdirməyi hədəfləyir.

Azərbaycan daxili məsələsini beynəlmilləlləşdirmək fikrində deyil və Ukrayna savaşında zəifləyən Rusiya ilə dialoqla yetərlənə biləcəyini gizlətmir. Moskva da anlayır ki, Azərbaycan regionun daha güclü oyunçusudur və Türkiyə ilə birgə öz oyun qaydalarını diqtə edə bilir. Ermənistan dilplomatiya və informasiya müstəvisində nə qədər fəallıq göstərsə də, KTMT-dən ayrılacağı ilə şantaj etsə də, onun digər iki oyunçunun iradəsinə rəğmən oynamaq, müavimət göstərmək üçün heç bir resursu yoxdur. Ermənistan yalnız hərbi-siyasi cəhətdən deyil, iqtisadi baxımdan da Rusiyadan tam aslıdır. Rusiyada belə əminlik var ki, ermənilər nə qədər haray-həşir salsalar da, çox uzağa gedə bilməyəcəklər. Maraqlıdır, Rusiyaya qarşı sanksiyaların artdığı bir zamanda Ermənistan onunla iqtisadi əlaqələrlə daha da sıx bağlamır. 2022-ci ilin 9 ayında Ermənistan-Rusiya ticarət dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 80% artaraq 3,2 milyard dollar təşkil edib. Özü də Rusiyadan idxalla yanaşı, ixrac da xeyli artıb ki, burda da Ermənistanın beynəlxalq sanksiyaları dəlməsi şübhəsi var...

***

Bayramovla Lavrovun Moskvadakı mətbuat konfransında Azərbaycan xarici işlər naziri nəhayət ki, Ruben Vardanyan fiquru ilə bağlı Bakının mövqeyini Kremlə eşitdirdi: “Azərbaycan Ruben Vardanyanın Qarabağı tərk etməsini tələb edir. Onun fəaliyyəti cinayətkar-avantürist xarakter daşıyır. Biz hesab edirik ki, buna son qoyulmalıdır. Bu insan regionu nə qədər tez tərk etsə, hər kəs üçün bir o qədər yaxşıdır. Bundan ilk növbədə yerli əhali əziyyət çəkir. Onun regionda peyda olmasına qədər yaxşı əlaqələr, reinteqrasiya ilə bağlı müsbət faktlar vardı”.

“Vardanyanın xahişi ilə Rusiya Prezidenti onu vətəndaşlıqdan çıxarıb”, - deyən Lavrov erməni milyarderin Kremlin layihəsi olduğunu gözlənildiyi kimi boynuna almadı: “Onun Qarabağa getməsinin Rusiya ilə heç bir əlaqəsi yoxdur”.

Prezident İlham Əliyev noyabrın 17-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebeli qəbul edərkən “Vardanyan layihəsi”nin müəllifinin məhz Moskva olduğunu və Qarabağda yaşayan erməni sakinlərlə bağlı Azərbaycanın “qırmızı cizgiləri”ni açıq elan etmişdi: "Əgər onlar Qarabağda ermənilərin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirlərsə, bu, alınmayacaq. Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib".

Putin “Valday” diskussiya klubunda sülh danışıqları ilə bağlı iki plandan (Vaşinqton və Rusiya variantları) danışarkən (“Qarabağın öz xüsusiyyətləri var və bu xüsusiyyətlər gələcək sülh müqaviləsində nəzərə alınmalı, danışılmalıdır…”) faktiki olaraq “Vardanyan kartı”nın mahiyyətini açmışdı. Azərbaycanın Laçın yolundakı aksıyasının bir hədəfi Laçın dəhlizidirsə, digər hədəf RSK-nın müvəqqəti yerləşdiyi ərazilərdəki suveren haqlarını vurğulamaq, “Vardanyan fiquru”nu neytrallaşdırmaqdır. Qarabağdakı qanunsuz yataqlar gec-tez bağlanacaq və bu, “Vardanyan layihəsi”nin də qapanması demək olacaq. Hələlik Vardanyan “siyasi” açıqlamalar verməkdə davam edir, Xankəndidə mitinqlər keçirir, bölgədəki oyunların “subyekti” kimi gözə girməyə çalışır.

Azərbaycanın “hibrid savaş”ını davam etdirdiyi müddətdə Vardanyanın Qarabağda şansı yoxdur. Öz növbəsində, İrəvan da Vardanyanın necə oyundankənar edilməsini sakitcə müşahidə edir. Bu məsələdə Bakı ilə Paşinyan hökumətinin maraqlarının uzlaşdığını demək olar.

***

Bakı İrəvanın danışıqlar prosesi ilə imitasiya etməsinə və prosesin dalana dirənməsinə qarşı Laçın dəhlizi və Qarabağ erməniləri keyslərində fəallığını atırmağa, yeni paradiqmalar yaratmağa məcburdur. Azərbaycan Ermənistanla danışıqlardan fərqli olaraq Qarabağ erməniləri ilə dialoqun və sülhməramlı qüvvələrin beynəlmiləlləşməsinə imkan verməyəcək. Erməni tərəfi isə Bakının nəzarəti altında olan Laçın yolundan istifadə etməyi, Azərbaycan postundan keçməyi Azərbaycanın qılıncının altından keçmək – “”Azərbaycan ermənisi”nə çevrilmək kimi qəbul edir.

Bu kontekstdə ekoaktivistlərin aksiyasi ən azı “ekoloji nəticə” verməsə - ekoloqlar yataqların monitorinqinə buraxılmasalar və ya həmin yataqlar bağlanmasa, Laçın dəhlizindəki “hibrid savaş” 44 gün də sürə bilər. Arzulanan sülh isə hələlik 2023-cü ilin üfüqlərində belə görünmür...

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır