Modern.az

Missiyalı təxribat və təhdid

Analitika

22 Fevral 2023, 23:03

Avropa İtifaqının missiya qrupunun Ermənistanda yerləşməsi erməni silahlı birləşmələrini hərbi təxribatlara həvəsləndirir

Bütövlükdə dünyanın hərb tarixinə öz damğasını vuran Vətən müharibəsindən sonra Ermənistan bir neçə dəfə təxribatlara əl atsa da, Azərbaycan Ordusu tərəfindən layiqli cavabla susdurulub. Bir müddətdir erməni tərəfinin sakit mövqe tutması, bunun fonunda sülh danışıqları ilə bağlı verilən mesajlar fərqli mənzərə yaratmaqda idi. Fəqət, ermənilər yenidən sərhəd boyu təxribata əl atıblar. Belə ki, fevralın 21-i saat 20:45-dən fevralın 22-si saat 01:20-dək Azərbaycan Ordusunun Tovuz rayonu və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonundakı mövqeləri 15 dəfə atəşə tutulub. Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Təzəkənd yaşayış məntəqəsi, Şuşa şəhəri və Xocavənd rayonu istiqamətlərində yerləşən mövqeləri də atəşə tutulub.

Gəlin, öncə elə məsələnin bu tərəfinə aydınlıq gətirək: həqiqətən hərbi əməliyyat başlasa, bu, nə ilə nəticələnə bilər? Doğrudanmı, Ermənistan Azərbaycana qarşı nəsə etmək imkanındadır?

Hamı, o cümlədən Ermənistan yaxşı anlayır ki, Azərbayacana qarşı hər hansı hərbi əməliyyat keçirmək mümkün deyil. Ermənistan ordusunun məhv edildiyi, güclü Azərbaycana qarşı müqavimət imkanlarının olmadığı gün kimi aydındır. Bu gün Azərbaycan həm iqtisadi, həm də hərbi-psixoloji baxımdan Ermənistandan kifayət qədər üstün mövqedədir. Belə olan halda Ermənistanın təxribatlara əl atması heç də təsadüfi deyil. Bunun kökündə birmənalı olaraq regionda baş verən bir sıra proseslər dayanır.

Məlumdur ki, fevralın 20-də Avropa İttifaqının (Aİ) missiyası Ermənistanda fəaliyyətə başlayıb. 2 il müddətinə göndərilən missiyaya 100 nəfər daxildir. Ermənilərin fəallaşmasının kökündə elə məhz missiyanın bölgəyə gəlişi dayanır. Təsadüfi deyil ki, missiya fəaliyyətə başlayandan cəmi bir gün sonra erməni qüvvələri həm Ermənistan ərazisindən, həm də Rusiyaı süılhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdən mövqelərimizi atəşə tutmaq hünərini özündə tapıb.


Proqnozlaşdırıldığı kimi, Aİ-nin missiyası bölgədə ancaq gərginliyin artmasına töhfə verəcək. Yada salmaq vacibdir ki, Azərbaycan tərəfi dəfələrlə Aİ missiyasının gəlişinin regionda vəziyyətin sabitləşməsinə yox, gərginləşməsinə xidmət edəcəyini bəyan edib. Missiyanın fəaliyyətə başlamasından cəmi 1 gün sonra erməni silahlı birləşmələrinin mövqelərimizi atəşə tutması bunun əyani sübutu deyilmi? Artıq erməni tərəfinin avropalı müşahidəçilərin regionda olmasını özləri üçün “təhlükəsizlik “çətiri” hesab etməsi ortadadır və missiya təxribatçıları cəsarətləndirmək rolunda çıxış etməkdədir. Erməniləri cəsarətləndirən Aİ missiyasının tərkibi ilə bağlı da qaranlıq məqamlar yetərincədir. Aİ bunu “mülki missiya” adlandırsa da, fəaliyyətə başlayan gün yaydığı açıqlamada əsl gerçəyi etiraf edib. Bildirilib ki, missiyada iştirak edən 100 nəfərdən 50 nəfər “silahsız müşahidəçidir”. Bəs yerdə qalan 50 nəfər? Belə çıxır ki, missiyanın yarısı isə silahlı şəxslərdən ibarətdir. Bu məqamın erməni ictimaiyyətində də birmənalı qarşılanmaması diqqətdən yayınmamalıdır. Görünən odur ki, Ermənistanın mövcud rəhbərliyi ölkə ərazisinə Aİ-nin silahlı missiyasını buraxdığını öz ictimaiyyətindən də gizli saxlamağa üstünlük verib.

Gəlişi ilə bölgəyə gərginlik gətirən Aİ missiyasının fəaliyyəti yaxşı heç nə vəd etmir. Məğlub Ermənistanın missiyadan cəsarətlənib təxribatlara əl atması isə reallığı dəyişmək imkanında deyil.

Vətən müharibəsindən sonrakı zaman kəsiyi isbatlayıb ki, güclü, qalib Azərbaycan dövləti üçün erməni silahlı dəstələrinin hansı ölkənin, təşkilatın arxasına sığınması heç nə ifadə etmir. Azərbaycan indiyə qədər təxribatlara qətiyyətlə cavab verib və bu cavabların Ermənistanı hansı duruma salması da bəllidir. Azərbaycana qarşı “missiyalı təxribat və təhdid” davam edərsə, Azərbaycanın cavabının daha sərt şəkildə olacağı heç kimdə şübhə doğurmamalıdır.

Aİ missiyasının yarım silahlı şəkildə bölgəyə gəlməsinə region ölkələrinin münasibəti də maraq doğurmaqdadır. Rusiyanın Aİ missiyasının Ermənistanda yerləşdirilməsinə münasibəti yaxşı deyil. Missiyanın gəlişinə neqativ münasibətini bildirən Rusiya hələ ki, bununla kifayətlənib. Görünən odur ki, rəsmi Moskva açıq-aydın Rusiyanı regiondan sıxışdırıb çıxartmaq cəhdlərinə qarşı təsirli tədbirlər görmür və ya görmək istəmir.

Regona başqa qüvvələrin gəlməsinə razı olmadığı görüntüsünü yaradan, Azərbaycana qarşı yersiz ittihamlar irəli sürən İran isə tam susub. Düz sərhədinə avropalılardan ibarət silahlı missiyanın gəlişinə İran heç bir etiraz bildirməməklə, əslində əsl simasını yenidən nümayiş etdirir.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi