Modern.az
Qəzənfər Həmidoğlu İrəliləyiş var, amma sülh görünmür...

Qəzənfər Həmidoğlu

İrəliləyiş var, amma sülh görünmür...

Analitika

20 May 2023, 22:43

Vaşinqton və Brüssel görüşlərindən sonra növbə Moskvaya çatdı. Bayramov və Mirzoyanla görüşən Lavrov yada saldı ki, Rusiya da “işin içindədir”. Mayın 1-dən başlayan üçplatformalı danışıqlar prosesinə artıq ilkin yekun vurmaq olar:

• Vaşinqton, Brüssel və Moskva görüşlərində may ayı ərzində danışıqlar dinamikasının müsbət xarakteri qeyd edilsə də, sülh müqaviləsinin bəzi parametrləri üzrə “irəliləyiş” vurğulansa da və həm Blinken, həm də Lavrov “yekun razılığa yaxınlıq”dan danışsalar da, üfüqdə sülh müqaviləsi görünmür – konfliktin xarakteri, Paşinyanın şübhəli manevrləri, vasitəçələrin fərqli maraqları və yaxın perspektivdə geosiyasi konyunkturanın necə şəkillənəcəyinin qeyri-müəyyənliyi optimizmə imkan vermir.


• Paşinyanın Ermənistanın adından Azərbaycanın ərazi bütövlüyünü rəqəmli (86,6 min kv/km) tanıması onun şəxsi mövqeyi və ya manevri ola bilər. Ermənistan Konstitusiyası “Müstəqillik Bəyannaməsi” aktına istinad edir, həmin akt isə 1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Sovetinin "Ermənistan SSR və Dağlıq Qarabağın birləşməsi" qərarına istinad edir. Konstitusiyanın dəyişdirilməsi uzun hüquqi prosedurdur və Ermənistan Konstitusiya Məhkəməsindən keçməlidir. Paşinyan konstitusiyaya dəyişikliklər etmədən sülh sazişinə imza atsa belə, bu sənədin parlamentdən və Konstitusiya Məhkəməsindən keçmə pespektivi şübhəlidir. Ermənistan əhalisinin 69%-i Paşinyan hökumətinin Qarabağ siyasətini neqativ qiymətləndirir.

Hər bir halda bu məsələ, onun hüquqi proseduru Paşinyan və ermənilərin problemidir. Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanımayacaqsa, Bakının adekvat reaksiyası ilə qarşılaşacaq və öz ərazi bütövlüyünün qayğısına qalmalı olacaq.

• İstisna etmək olmaz ki, ABŞ və Avropa İttifaqından istədiyi dəstəyi ala bilməyən Paşinyan yenidən Rusiyanın qanadları altına qayıda bilər. Ermənistanın Baş nazirinin 9 mayda Qızıl meydanda görünməsi güman ki, belə dreyf istəyindən qaynaqlanır. İrəvanın Moskva ilə anlaşması Paşinyanın konflikti hansısa formada davam etdirməsi deməkdir. Bu, Paşinyanın bütün ixtiyarını Moskvaya təslim etməsi, Qərbin dəstəyini itirməsi və konflikti həll etmək şansını əlindən qaçırması deməkdir. Belə bir perspektiv Paşinyanı marginal siyasətçiyə çevrilməyə və siyasi sələflərinin taleyini təkrar etməyə aparır.

Bunun ziyanını indiyədək Ermənistan görüb və görünür görməkdə də davam edəcək...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı