Modern.az

Ermənistan Rusiyanın orbitindən çıxmaq istəyir - ŞƏRH

Ermənistan Rusiyanın orbitindən çıxmaq istəyir - ŞƏRH

19 İyun 2023, 11:08

Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin bir neçə gün əvvəl Ermənistan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Səfir Laçın yolunda baş verən son insidentə görə nazirliyə dəvət olunub. Hadisə ilə bağlı Kopırkinə Ermənistan tərəfinin narazılığı ifadə olunub.

 

Bu məlumatın yayılmasından sonra Ermənistan hökuməti açıqlayıb ki, rəsmi İrəvan Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunu ratifikasiya üçün parlamentə təqdim edəcək. Qeyd edək ki, BCM-nin İstintaq Palatası uşaqların Ukrayna ərazisindən qanunsuz çıxarılması işi üzrə Rusiya prezidenti Vladimir Putinin həbsinə order verib. 

 

Ümumilikdə Ermənistan-Rusiya münasibətlərinin son dövrlərdə gərginləşdiyi hiss edilir. Bunun səbəbi nədir?

 

Məsələ ilə bağlı Modern.az-a danışan politoloq Natiq Miri bildirib ki, Ermənistan Rusiyanın orbitindən çıxmaq istəyir.

 

O fikirlərini belə izah edib: “Əslində, Ermənistan Rusiyanı tənqid etmək, Rusiyanın Ermənistan qarşısında öhdəliklərini yerinə yetirmədiyini sübut etmək və dırnaqarası Rusiya sülhməramlılarının Qarabağda öz missiyasını yerinə yetirmədiyini xatırlatmaqla, gələcək prespektivdə Rusiyanın orbitindən çıxmağı hədəfləyir. Əsas məqsəd bundan ibarətdir. Çünki Rusiyada konkret kəşfiyyat mənbələri var ki, 2025-ci ildən sonra Ermənistan Rusiyanın sərhəd qoşunlarını ölkə ərazisindən tədricən çıxarmaqla bağlı qərar qəbul edəcək. Əlbəttə ki, Qarabağdan Rusiya sülhməramlıları çıxarılandan sonra artıq Gümrüdəki Rusiya hərbi bazasının  çıxarılması məsələsi də gündəmə gələcək. Bunun üçün Ermənistanın zəmin yaratmağa ehtiyacı var. 44 günlük Vətən müharibəsində Rusiyanın müşahidəçi statusunda qalması, KTMT-nin ötən il sentyabr ayında Ermənistana yardım etməməsi kimi hadisələri xüsusi qabartmaqla İrəvan özünün yeni təhlükəsizlik arxitekturasını Rusiya orbitində deyil, ondan kənarda axtarmaq üçün bəhanələr tapmağa çalışır. Bu cür hadisələr Ermənistanın tədricən verə biləcəyi belə qərarlar üçün bəri başdan hüquqi, siyasi tutacaqlar hazırlayır”.

 

 

Politoloq bildirib ki, Ermənistan sərhəddəki insidentə görə özünə haqq qazandırmağa çalışır:

 

“Həqiqətdə isə Rusiya sülhməramlılarının Laçın sərhəd-keçid məntəqəsinə görə tənqid edilməsi düzgün deyil. Çünki ərazi Azərbaycanındır. Həkəri çayı üzərində qurulan körpünü Azərbaycan dövləti qurub. Burada Azərbaycan bayrağının qaldırılmasından təbii heç nə ola bilməz. Ermənistanın heç bir hüququ yoxdur. Bu kontekstdə çəkindirici məqam kimi və təhlükəsizliyi təmin etmək üçün  Rusiya sülhməramlıları orada iştirak edib. Ermənistan bunu ittihamedici olaya çevirir. Bundan süni olaraq bəhrələnmək istəyir. Dolayısı ilə atəş açmasına haqq qazandırmaq istəyir.  Ancaq bununla özünə haqq qazandıra bilməz. Əgər ərazi sənin deyilsə, nə olursa olsun Azərbaycan əsgərinə atəş aça bilməzsən. Əlbəttə bu Ermənistanın artıq həddini aşan məsələdir”.

 

N.Miri bunun təsirsiz ötüşəcəyini düşünmədiyini vurğulayıb:

 

“Hələlik Rusiyanın yalnız sosial mediada və bəzi teleqram kanallarında Ermənistana barmaq silkələdiyini görürük. Ancaq düşünürəm ki, bu səhnə arxasında da Ermənistana ciddi barmaq silkələyişlərinin şahidi olacağıq. Əks təqdirdə Rusiya anlayır ki, bu davamlı prosesə çeviriləcəksə, Rusiyanın Qərbin vasitəçiliyi ilə tədricən Ermənistandan sıxışdırılması prosesinə şahidlik edəcəyik”.

 

Politoloq İlqar Vəlizadə isə deyir ki, Ermənistan Rusiyadan uzaqlaşmaqla Qərbə mesaj ötürür:

 

“Mən düşünürəm ki, əksinə olmalı idi. Ermənistanın Moskvadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılmalıydı. Çünki məlum insidentdə Azərbaycan sərhədçiləri ilə yanaşı, Rusiya sülhməramlıları da atəş altına düşüblər. İnsident isə Ermənistan tərəfindən törədilib. Rusiya bunu etmir. Çünki Ermənistanla münasibətləri tam pozmaq istəmir. Ermənistanın bu cür “sırtıqcasına” davranması ondan xəbər verir ki, Ermənistan bütün hadisələrdən, insidentlərdən istifadə edərək Qərbə göstərmək istəyir ki, o qərbyönümlü siyasətə sadiqdir. Bu istiqamətdə qəti addımların atılmasına da hazırdır.  Rusiya səfirinin XİN-ə çağırılmasını Ermənistan tərəfi öz Qərb tərəfdaşlarına nümunə çəkəcək. Bununla Rusiyanın siyasətindən narazı olduqlarını göstərəcəklər. Eyni zamanda biz bilirik ki, Rusiya sülhməramlıları Qarabağın dağlıq hissəsini tərk etdikdən sonra ermənilər Qərb nümayəndələrinin onları əvəz etməsini istəyirlər. İndi belə siyasi zəmin yaradırlar ki, Rusiya sülhməramlılarının əvəzinə Qərb nümayəndələri gəlsinlər. Bunun modeli kimi, sərhəddəki Avropa Müşahidə Qrupunu göstərmək olar. Sülhməramlılarını əvəz etmək üçün məşq edirlər. Bunların bu siyasəti istənilən halda bəsitdir. Planlarını gizlədə bilmirlər. 2025-ci ilə hazırlaşır. Bilirlər ki, bütün hallarda Rusiya sülhməramlıları gedəcəklər”.

 

 

Politoloq qeyd edib ki, Ermənistandan fərqli olaraq, Rusiya münasibətləri tam pozmaq istəmir:

 

“Görünür, Rusiya çox ehtiyyatlı davranır. Çünki Ermənistanla münasibətlərini tam pozmaq, Ermənistanın siyasi rəhbərliyinə  “kozır” vermək istəmir. Çünki onlar ara-sıra çağırışlar edirlər ki, KTMT-dən çıxsınlar. Avrasiya İttifaqı ilə bağlı müxtəlif çağırışlar edirlər. Rusiya Ermənistanın əlinə “kozır” verməmək üçün sərt addımlar atmır. Biz Rusiyanın başının Ukrayanaya qarışdığını bilirik. Ona görə də, Cənubi Qafqazdakı vəziyyəti bu və ya digər şəkildə tənzimləmək istəyir.  Ermənistanın bu reaksiyası Rusiya üçün önəmli deyil. Rusiya hazırda diqqətini Zəngəzur dəhlizinə yönəldib. Ermənistanın siyasi xadimlərinin boş-boş çağırışları, addımları Rusiya üçün əhəmiyyət daşımır. Məhz Rusiyada aparılan Zəngəzur dəhlizi ilə bağlı danışıqların yaxın vaxtlarda gerçəkləşməsi əsasdır. Düşünürəm ki, Rusiya əsas diqqəti buna yönəldəcək”.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər