Modern.az

Erməni təxribatının əsas HƏDƏFİ

Analitika

28 İyun 2023, 22:32

Bölgədə davamlı sülhə aparan yola daş atanlar sırasında təkcə Rusiya sülhməramlıları dayanmır
 

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən törədilən növbəti təxribatın əsas hədəfi ABŞ-da Azərbaycanla Ermənistan arasında ötən gün başlanılan və bir neçə gün davam edəcəyi bildirilən danışıqlara zərbə vurmaq məqsədi daşıyır. Məhz danışıqların start götürdüyü gün Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqelərinin atıcı silahlardan atəşə tutulması, 1 hərbi qulluqçumuzun yaralanması məqsədyönlü şəkildə həyata keçirilən planın tərkib hissəsidir.
 

Sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdəki qeyri-qanuni dəstələrin fəallaşması və ya bəlli dairələr tərəfindən hərəkətə gətirilməsi ABŞ-ın dəstəyi ilə aparılan danışıqları durdurmaq, hansısa nəticə əldə etməmək üçün vəziyyəti daha da gərginləşdirmək kimi çirkin niyyətə xidmət edir.
 

Qarabağda gərgin durumun yaradılmasına hədəflənən addımların arxasında hansı dairələrin dayanması sualı isə, ilk növbədə nəzərləri Rusiya sülhməramlılarına yönəldir. Ona görə ki, bu ərazilər müvəqqəti olaraq məhz adıçəkilən sülhməramlıların nəzarətindədir. Nə yazıq ki, indiyə qədər sülhməramlıların bölgədə vəziyyəti mürəkkəbləşdirməyə xidmət edən addımları daha çox diqqəti cəlb edib, nəinki tərəflərin daha da yaxınlaşmasına töhfə verən addımları. Qeyri-qanuni dəstələri elə sülhməramlıların himayə etdiyi fikirləri heç də təsadüfdən yaranmayıb. İmzalanan üçtərəfli bəyanata uyğun olaraq indiyə kimi qanunsuz hərbi dəstələr Qarabağdan çıxarılmalı idi. Bəyanatın 4-cü maddəsinə əsasən, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməlidir. Amma bunun şahidi olmadıq, əksinə sülhməramlılar həmin dəstələrin qoruyucu mələyi rolunu oynamaqda davam edir. Şübhə yoxdur ki, qanunsuz hərbi birləşmələri növbəti təxribata da rusiyalı sülhməramlıları təşviq edib. Mümkün deyil ki, bu qanunsuz qrupların təxribatlarından sülhməramlıların xəbəri olmasın. Bu ərazilər sülhməramlıların tam nəzarətindədir və miqyas baxımından kiçik bir ərazidə qeyri-qanuni dəstələrin sülhməramlıların dirijorluğu ilə fəaliyyət göstərdiyinə heç bir şübhə yeri qalmır. Beləliklə, Rusiyanın sülhməramlılar vasitəsilə ABŞ-da aparılan danışıqlara zərbə vurması, Amerikada mümkün razılaşmanı əngəlləməsi ən mümkün versiyadır.



Bölgədə davamlı sülhə aparan yola daş atanlar, süni maneələr yaradanlar sırasında təkcə Rusiya sülhməramlıları dayanmır. İş burasındadır ki, bu təxribatların arxasında, həm də müəyyən ermənipərəst və islamafob Qərb qüvvələrinin, Qarabağdakı terrorçuların himayəçisi kimi çıxış edən Fransanın da dayandığı görünməkdədir. Bu sırada Avropa Parlamenti daxilindəki korrupsioner siyasətçilərin, ayrı-ayrı təşkilatların da adını çəkmək mümkündür. Çünki onların addımları da Rusiya sülhməramlılarının addımlarından o qədər də fərqlənmir. Əgər sülhməramlılar müvəqqəti nəzarətlərində olan ərazilərdə qeyri-qanuni dəstələri bəsləyirsə, bəzi Qərb dairələri də ərazidə baş verən proseslərə qeyri-obyektiv, ermənipərəst yanaşmaları ilə dolayısı ilə eyni missiyanı yerinə yetirirlər. Azərbaycanın öz ərazilərini işğaldan azad edəndən sonrakı illər ərzində məhz bu dairələrin hər hansı birinin tərəflər arasında sülh sazişinin imzalanmasına xidmət edən addım atdığının şahidi olmuşuqmu? Xeyr! Tam fərqli addımlar atılıb və atılmaqdadır: bölgədə yenidən münaqişə ocağı yaratmaq, terrorçu qrupları himayə etmək. Bu günün özündə belə Azərbaycan-Ermənistan sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında, Həkəri çayı üzərindəki sərhəd-buraxılış məntəqəsi bu qüvvələrin əsl simasını göstərən indikatora çevrilib. Azərbaycanın öz suveren ərazisində qurduğu məntəqə ilk gündən blokada kimi təqdim edilmədimi? Hansı ki, burada blokadadan əsər-əlamət belə yoxdur. Qeyri-qanuni silah daşınmasının qarşısının alınmasını blokada kimi qələmə verən, bununla da əslində terrorçulara dəstəyini ifadə edən bir sıra korrupsioner Qərb siyasətçiləri və təşkilatlarının Rusiya sülhməramlıları ilə eyni mərama xidmət etdikləri göz önündə deyilmi? Qarabağdakı terrorçu rejimə dəstək verən korrupsioner və erməni lobbisinin “cibində” olan Qərb dairələri əslində kimlərin marağına xidmət etdiklərini bilmirlərmi?
 

Dünən baş verən təxribatın və sülh danışıqlarının aparıldığı birməqamda mümkün gözlənilən təxribatların nə ilə nəticələnəciyini görmək üçün isə son illər baş verənlərə diqqət etmək yetər. Azərbaycan postmüharibə dövründə təxribatlara qətiyyətli cavab verib, erməni silahlı birləşmələrinin törətdikləri təxribatların qarşısının alınması məqsədilə uğurlu əməliyyatlara imza atıb. Buna misal kimi, ötən ilin mart ayında Xocalı rayonunun Fərrux kəndi, Fərrux dağı, “Daşbaşı” yüksəkliyi və “Sağsağan” dağ silsiləsinin azad olunması üçün Azərbaycan tərəfindən aparılmış hərbi əməliyyatı, Ordumuzun bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklərin nəzarətə götürülməsini göstərmək mümkündür. Ayr-ayrı vaxtlarda Ermənistanın kəşfiyyat-diversiya qruplarının terrorçuluq fəaliyyətinin qarşısının alınması əməliyyatlarını da xüsusilə qeyd etmək yerinə düşər. Müharibədən sonrakı dövrlərdə ağır məğlubiyyətdən dərs çıxarmayan ermənilərin təxribatlarına verilən cavabların hamısı Azərbaycanın daha bir üstünlüyü, şəksiz qələbəsi ilə tamamlanıb.
 

İyun ayının 27-də törədilən təxribata, Azərbaycan əsgərinin yaralanmasına cavab da dərhal verilib. Belə ki, “Qəzəb” əməliyyatı nəticəsində ilkin məlumata görə, qanunsuz hərbi birləşmələrin 5 üzvü məhv edilib.
 

Yayılan son məlumatlara görə, qanunsz hərbi birləşmələr tərəfindən yeni təxribatlara hazıqlıqlar görülür. Növbəti belə təxribatlara isə Azərbaycanın cavabı sərt və adekvat olacaq və qanunsuz birləşmələrin hərbi infrastrukturunun məhv edilməsi üçün addımlar atılacaq. Necə ki, indiyə kimi istənilən təxribatın sonucu belə olub...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir