Modern.az

Avropa İttifaqının “humanitar yük”ün altında qalan imici

Analitika

27 İyul 2023, 20:32

Ermənistanın ölkəmiz ilə razılaşdırmadan Azərbaycanın suveren ərazilərinə “humanitar yük” adı altında avtomobil konvoylarını göndərməsi Qərb dairələrinin, Avropa İttifaqının əsl simasını ortaya qoyması ilə müşahidə olunmaqdadır. Qərb dairələri növbəti dəfə beynəlxalq hüququn, haqqın, ədalətin yanında durmaq əvəzinə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qəsdin, açıq təxribatın yanında yer aldılar.

Hansı ki, baş verənlər fonunda Avropa İttifaqı kimi qurumlar obyektiv mövqe tutmalı, bölgədə davamlı sülhə xidmət edən addımlar atmalı idilər. Amma tam əksinin şahidi olmaqdayıq: Qərb qurumları həqiqətləri görməzdən gələrək, beynəlxalq hüququ ayaqlar altına ataraq qızışdırıcı, riyakar mövqe tutdular. Bu isə onların onsuz da ləkələnmiş imiclərinə növbəti zərbə vurmaqdan başqa bir işə yaramayacaq.

Avropa İttifaqı, Qərb dairələri yaxşı bilir ki, ermənilər Laçın yolundan istifadə etməklə qeyri-qanuni fəaliyyətlər həyata keçiriblər. Azərbaycan öz ərazilərinə silah-sursat, eləcə də mina daşınmasına, təbii sərvətlərin Ermənistana aparılmasına dəfələrlə etiraz bildirib, fəqət buna məhəl qoyulmayıb. Qərb dairələri də bu etirazlara heç bir reaksiya verməyib. Nəticədə Azərbaycan legitim tədbirlərə əl atıb. Bu legitim tədbir isə erməni lobbisi, onun əlində alətə çevrilən Avropa ölkələri tərəfindən Laçın yolunun bağlanması kimi təqdim edilməkdədir.

Laçın yolu sadəcə qeyri-qanuni silah daşıyanların, Azərbaycanın təbii sərvətlərini talayanların üzünə bağlanıb. İndi Qərb dairələrinin bu şəkildə riyakarlığı deməyə əsas verir ki, elə bu qeyri-qanuni fəaliyyətdə Avropa İttifaqı, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) və bu kimi digər qurumların maraqları olub. Əks təqdirdə humanitar yüklərin, Azərbaycan ərazisində yaşayan erməni əsilli vətəndaşların sərbəst istifadə etdiyi Laşın yolu bağlı kimi qələmə verilməzdi. Kor olmalısan ki, Azərbaycan tərəfindən Laçın sərhəd buraxılış məntəqəsinin təsis edilməsindən sonra gün ərzində buradan tənzimlənən və şəffaf qaydada hər iki istiqamətə keçidin təmin olunduğunu görməyəsən. Azərbaycan tərəfi Laçın buraxılış məntəqəsinə qarşı 15 iyun tarixində silahlı hücuma, qaçaqmalçılıq cəhdlərinə, eləcə də 26 iyul tarixində “humanitar yük” adı altında avtomobil konvoyları göndərilməsinə təxribatlarına səbrlə yanaşıb. Erməni sakinlərin tibbi məqsədlə keçidi, BQXK vasitəsilə tibbi yüklərin gətirilməsi təmin edilib.

Bütün bunlara rəğmən Qərbin riyakarlığı, qızışdırıcı əməlləri təəssüf doğurur. Avropa İttifaqının Ermənistandakı missiyasının maşın karvanını az qala hərbi konvoy kimi müşayiət etməsinə başqa ad tapmaq mümkün deyil.

Qərb dairələri izah edə bilərmi ki, nəyə görə Azərbaycan Ermənistanın davamlı təxribatlarına göz yummalı, bu qanunsuzluğun davam etməsinə dözməlidir? Ermənistanın idxal etdiyi məhsulların Azərbaycan ərazisinə gətirilməsinə nə üçün yol verilməlidir? Azərbaycan tərəfi erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün “Ağdam-Xankəndi” yolundan və digər alternativ yollardan istifadə daxil olmaqla bir sıra təkliflər irəli sürməyibmi? Elə isə ermənilərin, onları qızışdıranların məqsədi nədir?
 



Avropa İttifaqı öz davranışını Qarabağdakı ermənilərin qayğısına qalmaq, mövcud vəziyyətdən narahatlıq keçirmək kimi gəlişigözəl bəyanatlarıa pərdələyə bilməz. Çünki Avropa qurumlarının, Qərb dairələrinin iç üzləri hamıya yaxşı bəllidir. 90-cı illərdə Ermənistanın işğalı nəticəsində Azərbaycanda bir milyon qaçqın və məcburi köçkün yaranmasına, humanitar fəlakət yaşanmasına narahatlıq keçirməyən, susan elə bu dairələr deyildimi? Dünən də belə idi bu gün də belədir...

Faktiki olaraq bu gün Naxçıvan blokadadadır və Ermənistan kommunikasiyaların açılmasını hər vəchlə əngəlləyir. Bir dəfə Avropa İttifaqının bu məsələdən narahatlıq keçirdiyini görmüşükmü? Heç olmasa itirilmiş imiclərinin az da olsa bərpası naminə hər hansı bəyanat verilə bilərdi. Yaxud 30 ildən artıq müddətdə blokadada olan Naxçıvana bir dəfə humanitar yardım məsələsini gündəmə gətirilərdi. Amma edilməyib və bu, o deməkdir ki Avropa İttifaqı kimi qurumlardan az da olsa ədalətli yanaşma gözləmək əbəsdir.

Avropa İttifaqı dönüb özünə baxmağı bacarmalıdır. Bu gün islamofobiya və rasizm bir sıra Avropa ölkələrinin, o cümlədən Fransanın həyat tərzinə çevrilib. Avropa İttifaqı bunları niyə görməzdən gəlir? Bu qurumun Quranın yandırılmasına qarşı heç bir tədbir görməməsi, üstəlik bu çirkin, anti-insani əmələ bəraət qazandırmasına nə ad vermək olar? Görünən odur ki, Avropada rasizm, dini və irqi ayrı-seçkiliyin artıq ictimai səviyyədən rəsmi strukturlar səviyyəsinə yüksəlib. Avropa İttifaqı Komissiyası, Avropa Parlamenti, Avropa İttifaqı Şurası, Avropa Şurası kimi qurumlarda islamofobiya ən eybəcər formada özünü təzahür etdirməkdədir.

Bütün bunları nəzərə aldıqda bəlkə də Avropa İttifaqının son davranışlarını təəccüblə qarşılamamaq olardı. Amma Avropa İttifaqının ən azı seyrçi mövqedə belə dayanmaması, bu məsələdə faktiki olaraq qızışdırıcı davranış nümayiş etdirməsi bütün hədlərin keçilməsi deməkdir.

Ermənilərin təxribatına Avropa İttifaqının alət edilməsi yalnız və yalnız bu kimi qurumların iç üzlərinin növbəti dəfə nümayişi ilə sonuclanacaq. Azərbaycan öz ərazisində qeyri-qanuni fəaliyyətlərə legitimlik qazandırılması cəhdlərinin qarşısını qətiyyətlə alıb və alacaq. Qərb dairələrinin riyakar siyasəti bölgədəki reallığı, Azərbaycanın mövqeyini dəyişməyəcək. Avropa İttifaqı kimi qurumlar unutmamalıdır ki, Beynəlxalq Ədalət Məhkəməsi də Azərbaycanın öz sərhədlərinə nəzarət etmək hüququnu bir daha təsdiq edib və Ermənistanın Laçın sərhəd nəzarət buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı tələbinin əsassız olduğunu sübut edən qərar verib. Bunun özü Azərbaycanın öz təhlükəsizliyini qorumasının legitim tədbir olduğunu isbatlayır.

Ermənistanın Qarabağdakı ermənilərə "humanitar yardım" aparmaq cəhdi isə siyasi spekulyasiya, şantaj və beynəlxalq ictimaiyyət üçün qurulan bir şou olmaqdan o tərəfə keçməyəcək...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir