Modern.az

“Vaşinqton Post” ermənilərin ruporu rolunda

Analitika

12 Avqust 2023, 23:43

Amerika anlamalıdır ki, türkəfob siyasətlə bölgədə ancaq və ancaq uduzan tərəf durumuna düşəcək

Amerikanın yenidən ermənidən artıq ermənipərəsrliyi tutub. Hər halda son vaxtlar ABŞ mətbuatının Azərbaycana qarşı yönələn yazılarına başqa ad tapmaq mümkün deyil. Diqqət edin: “Vaşinqton Post” qəzeti 6 gün ərzində Azərbaycana qarşı nə az, nə çox düz 3 məqaləyə səxavətlə yer ayırıb. Azərbaycanda nə baş verib ki, ciddi mətbu orqanı kimi qəbul olunan “Vaşinqton Post” dünyada yaşanan kifayət qədər önəmli hadisələri bir kənara buraxıb, öz səhifələrini dayanmadan ölkəmizlə bağlı yazılara həsr edir?

Başqa dünyaca məşhur nüfuzlu KİV-lərin Ukrayna, Afrikadakı hadisələri və başqa bu kimi aktual mövzuları işıqlandırdığı bir vaxtda ABŞ-ın adıçəkilən media quruluşunun Azərbaycanı qaralamasının arxasından sifariş və bu yolla ölkəmizə təzyiq cəhdi boylanır.

Bunun üzərində dayanmazdan öncə “Vaşinqton Post”da Azərbaycana qarşı yazılara müəlliflik edən Devid İqnatiusun kimliyinə baxaq. Milliyyətcə erməni olan bu adamın fəaliyyətində Azərbaycanla bağlı qərəzli yazılar xüsusi çəkiyə malikdir. O, istər 44 günlük Vətən müharibəsindən öncə, istərsə də müharibədən sonra Ermənistanın və Qarabağdakı separatçıların müdafiəçisi rolunda çıxış edib, bu istiqamətdə yazılar və açıqlamalar yayıb. Yeri gəlmişkən, xatırladaq ki, Devid İqnatius 2016-cı ildə qanunsuz şəkildə Qarabağa səfər edib və təbii ki, burada erməni qardaşlarının qonağı olmaqla yanaşı, ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən misli görünməmiş vəhşilikləri də gözləri ilə görüb. Fəqət, bu vəhşiliklərdən bir cümlə də olsun yazmamaqla, dilə gətirməməklə qələmini və vicdanını ermənilərə satdığını sübuta yetirib. Kriminal oliqarx Ruben Vardanyanın yaxın dostu olan Devid İqnatiusun qələmini də erməniləşdirməsi mükafatsız qalmayıb və Vardanyanın fondu tərəfindən mükafatlandırılıb.

Erməni lobbisinin, Vardanyan kimi kriminal oliqarxların sevimlisi olan İqnatiusun qərəzli və sifarişli yazılarının “Vaşinqton Post”da rahatlıqla işıq üzü görməsi, təkcə bu adamın erməni milliyyətindən olması və ya ermənilər tərəfindən yemlənməsi ilə bağlı deyil.

Məlumdur ki, “Vaşinqton Post” ABŞ Dövlət Departamentinin qeyri-rəsmi mətbuat orqanıdır və bizim gördüklərimizi, bildiklərimizi Departamnent də yaxşı bilir. Devid İqnatiusun belə bir KİV-də davamlı olaraq Azərbaycanı qaralamasının arxasında yalnız müəllifin ermənpərəstliyi yox, həm də siyasi dəstək dayanır. Əks halda, İqnatius və ya erməni əlinə baxan hansısa başqa bir jurnalist bütün faktları yanlış şərh etməkdə, işğala haqq qazandırmaqda, seperatçıları dəstəkləməkdə bu dərəcədə sərbəst davrana bilməzdi. Devid İqnatius “Vaşinqton Post”da Laçın yolu ilə bağlı ermənilərin tezislərinə uyğun məqalə yazırsa deməli, həm də ABŞ Dövlət Departamenti belə istəyir. Bu, Azərbaycana qarşı məhz Dövlət Departamentinin sifarişi ilə aparılan kampaniya və təzyiq cəhdinin göstəricisi kimi başa düşülməlidir.



44 günlük müharibədən sonra gah Amerikanın “dəfn olunmuş” Minsk Qrupunu dirçəltmək üçün addımlar atması, ikiüzlü siyasət aparıb ermənipərəst xətdən əl çəkməməsi, indi də mətbuatı Azərbaycana qarşı fəaliyyətə sövq etməsi diqqəti ABŞ-ın indiki adminstrasiyasının ermənipərəst olmasına yönəldir. Məhz mövcud ABŞ hakimiyyətinin özünün ermənipərəstliyi ilə digər iqtidarları geridə qoyması yeni məsələ deyil. Qondarma erməni soyqırımını da məhz hazırkı ABŞ iqtidarı tanıyıb.

Müharibədən sonra 2021-ci ilin sentyabrında ABŞ-ın Ermənistandakı səfiri Linn Treysinin davamlı şəkildə Dağlıq Qarabağ münaqişəsinin hələ həll olunmadığı və bu istiqamətdə səylər göstərilməsinin zəruriliyini dilə gətirməsi də yaddaşlardan silinməyib. ABŞ Minsk Qrupunun həmsədri kimi 30 ilə yaxın dövrdə Ermənistanın davam edən işğalçılıq siyasətinə, Azərbaycan torpaqlarının talan olunmasına susmaq, Ermənistanın törətdiyi bütün biabırçılıqları və özbaşınalıqları görməzliyə vurmaq, üstəlik işğalçı ölkəyə mümkün maddi yardımlar etmək xətti yürüdürdüsə, indi də bir qrup seperatçının tezisləri ilə davranır. Belə olmasaydı, ABŞ administarsiyası indiki mərhələdə özünə bağlı olan “Vaşinqton Post”da Azərbaycanın əleyhinə olan qərəzli, faktlardan uzaq, ermənilərin tezislərindən yoğrulan yazılara yer ayırmaz, seperatçıları yenidən həvəsləndirməyə xidmət edən fəaliyyətə “dur” deyərdi.

Baş verənlər ABŞ-ın xarici siyasətində illərdir buraxılan və davam edən növbəti səhvdir. Bu, o xarici siyastətdir ki, həmişə fəlakət qusub. Bütün dünya Əfqanıstan, İraq, Liviya, Suriya kimi ərazilərdə bunun əyani şahidi olub və olmaqdadır. ABŞ-ın xarici siyasəti bu ölkələrə, həmin ölkələrin olduğu bölgələrə fəsad və fəlakət gətirib. Amerikanın ikiüzlü, fəsadlar ixrac edən xarici siyasətində tərəfdaş ölkələrə xəyanət də qırmızı xətlə keçir. Bu sırada Pakistan, Səudiyyə Ərəbistanına edilən xəyanətlər yaddaşlardan silinməyib. Başqa bir misal, ABŞ-ın ən yaxın müttəfiqi olan Türkiyəyə xəyanəti yaxın keçmişdə baş verib. ABŞ 2016-cı ildə Türkiyədə FETÖ-nün əli ilə çevriliş cəhd etdi, amma buna nail olmasa da geri durmadı. Türkiyədə keçirilən son prezident seçkilərində də açıq şəkildə öz xəyanətkar davranışını davam etdirdi. FETÖ-nün bütün resurslarını səfərbər edərək hakimiyyət dəyişikliyinə cəhd göstərdi, Prezident Ərdoğana qarşı geniş qaralama kampaniyası aparıldı. Qərbin, ABŞ-ın seçkilərə müdaxilə edərək CHP lideri Kılıcdaroğluna dəstək verməsi, nə yolla olursa-olsun onu hakimiyyətə gətirmək istəməsi hamıya bəllidir. Bütün bunlara baxmayaraq, ABŞ FETÖ-dən əl çəkməyib və onu qorumaqda davam edir. FETÖ-yə qarşı aparılan əməliyyatlar, onların ifşası və s. qruplaşmanı xeyli zəiflətsə də, bu gün də bu terror təşkilatının geniş şəbəkəyə malik olması məhz ABŞ-ın güclü dəstəyi ilə bağlıdır. Qısa haşiyə çıxıb vurğulamaq yerinə düşər ki, məhz Qubad İbadoğlunun və digərlərinin saxlanılmasından, bu adamların FETÖilə bağlılı olması ilə bağlı açıqlamalardan sonra ABŞ mediasında Azərbaycana qarşı hücum daha geniş vüsət alıb.

Bir sözlə, ABŞ bu gün dünyada həm də super riyakar siyasətin müəllifidir. Necə ki, bunu indi də Ukraynaya qarşı etməyə hazırlaşır. Son vaxtlar ABŞ-ın Ukraynaya dəstəyində ilk anlardakı istək, həvəs hiss olunmur. Məhz Ukraynanı kəskin addımlara təhrik edən, hər cür dəstək vəd edən ABŞ olub, indi isə ABŞ bundan yayınmağa yönələn siyasətə meyllənir. Bu gün Ukrayna rəsmiləri də baş verənlərin fərqindədirlər və etiraf etməyə başlayıblar ki, ABŞ Ukraynanı işğalla barışmağa vadar etməyə çalışır. ABŞ-ın Ukrayna məsələsində gizli sövdələşmələrə getməyə hazırlaşdığı istisna olunmur.

Vaxtilə Azərbaycanı da torpaqlarının işğalı ilə hesablaşmağa razı salmağa çalışan ABŞ hazırda riyakar siyasətini davam etdirərək, Qarabağda, Azərbaycanın suveren ərazisində seperatçılara dəstək verir.

ABŞ kimi bir dövlət Qarabağdakı erməni əhalinin “blokadada” saxlanması və yolların bağlanması məsələsi ilə bağlı yalan tezislərin girovuna çevrilməməlidir. Ən əsası, son vaxtlar ABŞ-ın xarici siyasətində türkəfob xətt daha qabarıq görünməkdədir və yuxarıda FETÖ ilə bağlı faktları təsadüfən xatırlatmadıq. Dünyada ən yaxın müttəfiqlər olan, son illər daha da sıx əlaqələrə malik olan Türkiyə və Azərbaycana qarşı ABŞ-ın ikiüzlü siyasəti, müxtəlif təzyiq vasitlərindən istifadə olunması göz önündədədir. Bu isə ABŞ-n özünün nüfuzuna, bölgədəki durumuna xələl gətirəcək addımlardır və bundan geri durulması elə bu ölkənin maraqlarına daha uyğun olar. ABŞ anlamalıdır ki, bu cür siyasətlə bölgədə ancaq və ancaq uduzan tərəf durumuna düşəcək...

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir