Modern.az
Qəzənfər Həmidoğlu Paşinyan narrativinə korrektə... - Müharibə riski, təxribat və manipulyasiya

Qəzənfər Həmidoğlu

Paşinyan narrativinə korrektə... - Müharibə riski, təxribat və manipulyasiya

Analitika

8 Sentyabr 2023, 18:06

Ermənistan-Azərbaycan sülh danışıqlarının beynəlxalq platformalarda dalana dirənməsi, Bakı ilə İrəvan arasında “Laçın dəhlizi vs Ağdam-Xankəndi marşrutu” çəkişməsinin beynəlxalq polemika predmetinə çevrilməsi fonunda regionda hərbi-siyasi vəziyyətin gərginləşmə simptomlarının artması postsavaş dönəminin üçüncü ilinə doğru münaqişə bölgəsində yenidən eskalasiya, müharibə riski barədə danışılmasına rəvac verdi.

Beynəlxalq səviyyədə Qarabağdakı “humanitar vəziyyət”lə bağlı narahatlıq ciddi şəkildə ifadə edilsə də və Azərbaycana təzyiqlər artsa da, Bakının israrı ilə beynəlxalq vasitəçilərin Ağdam-Xankəndi yoluna pozitiv yanaşması göstərir ki, ermənilərin “blokada” manipulyasiyası gec-tez fiaskoya uğrayacaq və bu, Paşinyanın Ermənistan daxilində mövqelərini xeyli zəiflədəcək.

Paşinyan belə görünür ki, 2023-cü ilin yazının sonu- yayının əvvəllində Brüssel və Moskvada keçirilən danışıqlardan sonra sülh prosesinin Azərbaycanın israrı və istəyi üzrə irəliləcəyi halda hakimiyyətdə qala bilməyəciyini artıq dərk edir ki, ilin ilk yarısında Bakının qulağına xoş gedən açıqlamalarından son vaxtlar geri çəkilməyə başlayıb.

Artıq Paşinyanın Azərbaycandakı obraz və narrativinə korrektə etmək lazımdır. Erməni baş nazir son manevr və manipulyasiyaları ilə artıq sülh prosesi üçün revanşist və ya ruspərəst soydaşlarından az təhlükəli fiqur deyil. O it, o da itin dayısı, küyə gedər hamısı...

Paşinyanın qəfil və ya əvvəldən hesablanmış qeyri-konstruktivliyi, “diplomatik eskalasiya”ya getməsi, sentyabrın 11-dən 20-dək keçiriləcək “EAGLE PARTNER 2023” Amerika-Ermənistan birgə hərbi təlimləri ərəfəsində İrəvanın Rusiyanın regiondakı roluna bel bağlamasını “strateji səhv” sayması, müharibə riski ilə manipulyasiyası arxasını Qərb sarıdan bərkidən erməni liderin hakimiyyəti naminə va-banka getməsidir: sülh nisyə və təhlükəli, hakimiyyət nağd və şirindir...


Bu baxımdan Paşinyanın erməni hökumətinin sentyabrın 7-də keçirilən iclasında Azərbaycanı sərhədə qoşun yığmaqda, Cənubi Qafqazda hərbi-siyasi vəziyyəti “əhəmiyyətli dərəcədə gərginləşdirməkdə” ittiham etməsi anlaşılandır. Bir gün əvvəl – sentyabrın 6-da Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Ermənistan-Azərbaycan sərhədində Azərbaycan əsgərlərinin yığılması” barədə İrəvandakı diplomatik missiyaların başçılarına xəbərdarlıq etmişdi. Ermənistanın Müdafiə Nazirliyi isə çərşənbə günü İrəvandakı akkreditə olunmuş xarici hərbçiləri qəbul etmişdi. Həmin görüşdən Azatutyun.am saytının məlumatıında hind hərbçisinin mövqeyi ilə bağlı əcaib bir cümlə var: “Hindistan Silahlı Qüvvələri öz öhdəlikləri (?-red.) çərçivəsində sonrakı əlavə gərginliyin qarşısını almaq üçün bütün zəruri addımları atır”.

Erməni istifadəçilərin sosial şəbəkələrdə yaydığı videolarda Ermənistan Silahlı Qüvvələrinin "Smerç" yaylım atəşli sistemləri və digər hərbi texnikanı Azərbaycanla sərhədə çıxardıqları görünür. Eyni zamanda, azərbaycanlı istifadəçilər hərbi texnika kolonlarının hərəkətinə dair video yayırlar. Qoşunların yerdəyişməsi barədə materialların yayımlanmasının yolverilməzliyilə bağlı hüquq-mühafizə orqanlarının xəbərdarlıqlarına baxmayaraq, bu cür videolar yayılır. Bəzi Qərb və yerli mənbələr İran tərəfinin şimal sərhədləri boyunca aktivləşdiyini bildiriblər. Belə ki, Azərbaycan, Ermənistan və Türkiyə ilə sərhəd boyunca “Şahed 171” kəşfiyyat dronlarının uçduğu bildirilir. Bundan öncə də iranlılar həmin zonada təlimlər və aviasiya uçuşları keçirərək hərbi fəallıq göstəriblər. Görünür, Tehranda Ermənistanla Azərbaycan arasında növbəti hərbi toqquşmanın mümkünlüyünü hesab edirlər” (Turan.az). İran mediası situasiyanı “İlham Əliyev hökumətinin təxribatçı davranışlarının davam etməsi” kimi qiymətləndirir. (Parstoday.ir). Azərbaycan XİN “Paşinyanın hökumət iclasında çıxışı zamanı səsləndirdiyi iddialara dair şərh”ində Paşinyanı növbəti “saxta (?-red.) siyasi manipulyasiyada” günahlandırıb. Maraqlıdır, manipulyasiyanın saxtası-həqiqisi olurmu?

Tərəflərin hərbi ritorikası şiddətlənsə də, savaş ərəfəsi simptomları artsa da və bir çoxları hərbi toqquşmanı mümkün ehtimal kimi nəzərdən keçirsələr də, beynəlxalq konyunktura, Ukrayna müharibəsi fonunda aparıcı güclərin hansı oyunlar quracağının proqnozlaşdırılmasının çətinliyi müharibə ehtimalını sıfıra endirir. İndiki konyunkturada hərb Bakının maraqlarına, İrəvanın cəsarətinə uyğun deyil. Erməni ekspertlər də müharibə riskinə şübhə ilə yanaşır, baş verənləri “Azərbaycanın şantajı, təhdidi, əzələ şousu” kimi dəyərləndirirlər.

Bu, təəssüf doğurur ki, ərazi bütövlüyümüz və suverenliyimizə qarşı yönələn təhdidlərin qarşısını almaq üçün atılan önləyici addımlar, manevrlər, sülhə vadar etmək üçün eskalasiyaya gedilməsi və hər zaman savaşa hazır olmağın vacibliyi Azərbaycan siyasətçiləri, ekspertləri və mediası tərəfindən fərqli, bəzən rəsmi mövqeyə zidd şərh edilir, yeni müharibəyə hazırlaşmaqdan bəhs edilir. Azərbaycanın Qarabağın tam deokkupasiyası ilə bağlı istənilən addımını, hərbi əməliyyatını “müharibə” kimi dəyərləndirmək yanlış, Azərbaycanı müharibəyə rəvac verən tərəf kimi nəzərdən keçirmək anlaşılmazdır. Bəzən unudulur ki, Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsinə əks-hücumla başlamışdı.

Deokkupasiyanı anti-terror əməliyyatı da adlandırmaq olar. Yeri gəlmişkən, sentyabrın 9-da Qarabağ separatçılarının saxta parlamentində böyük ehtimalla "dövlət naziri" Samvel Şahramanyan qondarma prezident “seçiləcək”. Azərbaycanın artıq dünya üzrə terrorçu saydığı bütün təşkilatların (PKK-dan ASALA-ya, Hizbullahdan “Vaqner”ə kimi) siyahısını rəsmən tərtib etməsinin və siyahının başına hökumət və ya Milli Məclis səviyyəsində terrorçu elan ediləcək Qarabağdakı separatçı rejimini qoymasının vaxtı çatıb...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir