Modern.az

Antiterror tədbirləri nəticəsində yaranan yeni REALLLIQ

Analitika

27 Sentyabr 2023, 12:30

Avropa İttifaqının son açıqlaması bu reallığın qəbul edilməsi baxımından olduqca müsbət tendensiyadır


44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərdən ötən 3 ildə Azərbaycan daha bir tarixi qələbəyə imza atdı. Bu, qazanılmış qələbənin siyasi müstəvidə tamamlanması, dünya tərəfindən qəbul olunması idi.


Ötən müddətdə Azərbaycan öz suverenliyini tam təmin etmək üçün düşünülmüş və qətiyyətli siyasət yürütdü. Nəticədə bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla ərazi bütövlüyümüz bərpa edildi, ötən həftə isə suverenliyimizi tam təmin olundu. 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış seperatçılar təslim oldu və ölkəmiz öz dövlət suverenliyini təmin etdi.


Qısa zaman kəsiyində Azərbaycanın imza atdığı bu qələbələr, başladılan müqəddəs yürüşün arzuolunan sonluqla yekunlaşması heç də asan başa gəlməyib. Yerləşdiyimiz regionda böyük güclərin maraqları, erməni lobbisinin yol tapdığı ölkə və təşkilatların ikili standartları, ermənidən artıq ermənipərəstliyi bir çoxlarında bunun belə tezliklə mümkün olmayacağı təəssüratı yaratmışdı. Amma Azərbaycan mümkünsüz görünəni bacarıb. İndi yenidən haqq işimizi, antiterror əməliyyatlarının əsl mahiyyətini siyasi müstəvidə tamamlamaq lazımdır.


Avropa İttifaqının son açıqlamasını bu istiqamətdə atılan ilk addım hesab etmək olar. Bu açıqlama Azərbaycanın həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinə verilən düzgün qiymət olmaqla yanaşı, yaranmış yeni reallığın dünya birliyi tərəfindən qəbul edilməyə başladığının siqnalıdır. İndiyə qədər isə biz fərqli mənzərə ilə üz-üzə idik. Laçın sərhəd-buraxılış məntəqəsi fəaliyyətə başladıqdan sonra Azərbaycana qarşı Avropanın bir sıra qurumları, elə Avropa İttifaqının özü ədalətsiz mövqe tutmuşdular, bunun davamı olaraq keçirilən antiterror tədbirlərinə ilk andakı münasibət də ədalətsiz, beynəlxalq hüquqa zidd idi.



Azərbaycanın atdığı çevik addımlar, diplomatik müstəvidə gərgin iş vəziyyəti cəmi 1 həftə sonra müsbətə doğru dəyişir. Avropa İttifaqının açıqlaması bunu əyani olaraq təsdiq edir. Bu onun etirafıdır ki, Azərbaycanın həyata keçirdiyi tədbirlər öz suveren ərazisində ancaq və ancaq qeyri-qanuni hərbi birləşmələrə, onların hərbi infrastrukturunun neytrallaşdırılmasına yönəlib. Azərbaycan bu tədbirləri dünyaya nümunə ola biləcək formada yerinə yetirib. Mülki əhalini hədəfə götürməyib. Antiterror tədbirləri nəticəsində mülki əhali arasında itkilərin olmaması da bunun isbatıdır. Üstəlik, Azərbaycan erməni əsilli sakinlərin təhlükəsizliyini təmin etmək üçün üzərinə düşəndən artıq vəzifələri icra edib. Hansı ki, azərbaycanlılar doğma yurdlarından çıxarılanda eyni münasibəti görməmişdi. Ermənilər faşizmin edə bilmədiyini belə həyata keçirərək azərbaycanlıları rast gəlinməyən vəhşikliklə qətlə yetirmişdilər, qaçıb canlarını qurtaranların malını-mülkünü talan etmişdilər. 30 illik işğal dövründə isə evlərin damını, daşını daşıyaraq Qarabağda insanı vahiməyə salan qorxunc mənzərə yaratmışdılar. Bütün bunlara isə dünyanın aparıcı ölkələri, qurumları hansı ki, bilavasitə Qarabağ münaqişəsi ilə məşğul idi, susmuşdu.


Azərbaycan nə edir? Azərbaycan mülki əhaliyə toxunmur, onlara yardım edir, öz yaşayış yerlərində qalmasını istəyir. Ərazidə yaşayan insanlara humanitar yardımlar davamlı şəkildə göndərilir. Müvafiq beynəlxalq qurumların humanitar missiyalarına da şərait yaradılır. Bununla yanaşı, ərazidən mülki insanların çıxması üçün onlara heç bir təzyiq edilmir və köç prosesi məcburi xarakter daşımır. Öz istəyi ilə köçmək istəyənlərə maneçilik yaradılmır.


Beləliklə, antiterror tədbirləri nəticəsində yeni reallıq yaranıb. Hamı anlamalıdır ki, bölgədə sülhün alternativi yoxdur və olmayacaq. Bu vəziyyət düzgün dəyərləndirilməli və tərəflər davamlı sülhün əldə edilməsi üçün bütün səylərini ortaya qoymalıdır. Bu baxımdan Avropa İttifaqının açıqlaması olduqca müsbət tendensiyadır. Eyni yanaşmanın digər qurumlar, ölkələr tərəfindən sərgilənməsi ancaq və ancaq sülhü tezləşdirməyə xidmət edə bilər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir