Modern.az

Qərb sülhə qarşı

Analitika

25 Oktyabr 2023, 15:54

Öncə Rusiya-Ukrayna, ardınca İsrail - HƏMAS müharibələri fonunda baş verənlər Qərbin gerçək simasını üzə çıxarmaqdadır. Reallıq budur ki, Qərbin duruşu Ukrayna, Fələstin və digər münaqişələr zamanı atəşkəsin, sülhün təmin edilməsinə ciddi mane olur.
 

Bunu Fransa prezidenti Emmanuel Makronun İsrailə səfəri bir daha təsdiqlədi. Makron səfər zamanı əsasən müharibəni daha da körükləməyə xidmət edən bəyanatlar verdi, sülhə çağırışla bağlı isə hər hansı konkret mövqe ortaya qoymadı. Üstəlik, bir qədər də irəli gedərək “İslam dövləti” terror təşkilatına qarşı yaradılmış beynəlxalq koalisiya çərçivəsində HƏMAS-a qarşı mübarizəyə başlamağı təklif etdi. Bununla da Fransa müharibənin daha da irəliləməsində maraqlı olduğunu ortaya qoydu. Eynilik təşkil edən yanaşmanın bundan əvvəl ABŞ Prezidenti Co Baydenin İsrailə səfəri zamanı da şahidi olduq. Baydenin səfəri daha çox “hələ müharibəni dayandırmağın vaxtı deyil” bəyanatı ilə yadda qaldı və sülh mövzusu qapadıldı.
 

ABŞ, Fransa, ümumilikdə Qərbin müharibənin himayədarı cəbhəsində yer alması günümüzün acı reallığıdır. Bölgədə sülhü bərpa etmək, hər iki tərəfdən minlərlə insanın ölümünə, dəhşətli fəlakətlərə səbəb olan qanlı döyüşləri dərhal dayandırmaq, vasitəçilik üçün ciddi şəkildə hərəkətə keçmək Qərbi düşündürmür. Tam əksinə, müharibəni daha da alovlandırmağı, miqyasını genişləndirməyi inkişaf etdirən fəaliyyət sərgilənir. Atəşkəsə israrlı çağırışlar Qərbin, makronkimilərin dilinə hələ də yaddır. Qərbin müharibəni daha geniş müstəviyə yaymağın tərəfdarı olmasının gizlin tərəfi qalmayıb.
 


Sülhə arxa çevirən Qərbin bu siyasəti ilə yaxın vaxtlarda bölgədə irəliyə doğru hansısa irəliləyişə nail olmaq isə mümkün deyil. Yürüdülən siyasət daha uzun dövr üçün müharibə, fəlakət vəd edir. Bu ehtimalı Makronun beynəlxalq koalisiya şəklində İsrail-HƏMAS müharibəsinin miqyasının daha da genişləndirməyi təklif etməsi kimi fikir daha da möhkəmləndirir.
 

Makronun bəyanatı, eyni zamanda Fransanın mövcud xarici siyasətinin nə dərəcədə qüsurlu olmasını göstərir. Aqressiv və ağılsız siyasət müəllifi olan Makron reallıq hissini tamamilə itirib. Hətta Fransada milyonlarla müsəlmanın yaşaması, onların maraqları islamofob Makronu az da olsa qayğılandırmır. Makron sülh üçün vasitəçiliyə üstünlük vermək əvəzinə, müharibə, qan, günahsız insanların həlak olması üçün yeni təkliflə çıxış edir.
 

Bu, Fransanın Cənubi Qafqazla bağlı siyasəti ilə də oxşarlıq təşkil edir. Hazırda Cənubi Qafqaz tarixdə bəlkə də ilk dəfə əzəli barışa bu dərəcədə yaxınlaşıb. Belə ki, Azərbaycan 23 saatlıq uğurlu, nadir rast gəlinən antiterror əməliyyatı ilə bölgədəki silahlı birləşmələri zərərsizləşdirib. Davamlı sülhə nail olmaq üçün real addımların atılması üçün fürsət yaranıb. Belə bir durumda vaxtilə münaqişəni həll etmək üçün vasitəçilərdən biri olan Fransa nə edir? Region ölkələrinin, hətta Ermənistanın belə yaranan yeni reallığı qəbul etdiyi bir vaxtda Fransa militarizasiya siyasətini Cənubi Qafqazda gerçəkləşdirmək üçün hərəkətə keçir. Makron Ermənistanı silahlandırmaq üçün əməli addımlar atır. Bu, sülh prosesinə zərbə vurmaq, yeni münaqişələr üçün zəmin yaratmaqla çirkin niyyətləri gerçəkləşdirməyi hədəfləyən bir siyasətdir. Riyakar siyasətlə bölgədə sülhə deyil, təxribata, işğala dəstək verən, neomüstəmləkəçilik siyasətini Qafqaza gətirmək üçün qollarını çırmayan Fransa, bu prosesə digər Avropa ölkələrini də çəlb etmək istəyir. Nəticə etibarı ilə bu gün Ermənistan, ümumi yanaşdıqda bölgə Fransanın əli ilə daha böyük fəlakətlərə sürüklənir. Hazırda Fransanın da təkidi ilə Ermənistana göndərilən, uğursuzluğa düçar olan Avropa İttifaqının “sivil” missiyasının yerinə hərbi missiya haqda danışılırsa, İrəvanda Parisin daimi hərbi attaşesinin təyinatına hazırlıq gedirsə, əlavə şərhə ehtiyac qalmır.
 

Beləliklə, vurğulananlar Fransa kimi ölkələrin, ümumilikdə Qərbin hazırda sülhə deyil, müharibəyə, insan fəlakətlərinə xidmət edən siyasətə müəlliflik etdiyinə şübhə yeri qoymur. Beynəlxalq hüququn norma və prinsipləri, ən əsası insanlıq, sülh, bəşəri dəyərlər bir kənara buraxılıb. Yaşanan qanlı münaqişələrin daha da alovlanmasında, böyüməsində Qərbin bilavasitə rol almasını anlamayan yoxdur.
 

BMT kimi qurum isə bu siyasət qarşısında aciz, dişsiz duruma düşüb, lağ obyektinə çevrilib. Mövcud durum çıxış yolu kimi BMT-də təcili islahatın vacibliyini, Təhlükəsizlik Şurasının məhdud sayda ölkənin təsirindən xilas edilməsini, işlək mexanizmlərin qurulmasını bir daha zəruri edir...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir