Modern.az

Qərbin Cənubi Qafqaz siyasəti bölgəyə yeni fəlakətlər vəd edir

Analitika

13 Noyabr 2023, 20:30

Fransa tərəfindən Ermənistana hücum xarakterli “Bastion” zirehli avtomobillərinin göndərilməsi Qərbin Cənubi Qafqazla bağlı planlarını növbəti dəfə tam çılpaqlığı ilə ortaya qoyur. Reallıq budur ki, Qərb Ermənistanı silahlandırmaqla təkcə onu yeni müharibəyə hazırlamır, digər yandan Cənubi Qafqazla bağlı planlarını mərhələli şəkildə həyata keçirməklə məşğuldur. Regionu yeni qarşıdurmalar ocağına çevirməyi qarşısına məqsəd qoyan Qərb burada öz maraqlarını gerçəkləşdirmək üçün qollarını çırmalayıb. Əsas hədəf Cənubi Qafqazı təsir dairəsinə almaq, onu yenidən bölmək, öz istəyinə uyğun şəkilləndirməkdir.

Faktların ardıcıllğına diqqət edək. Avropa İttifaqı Ermənistandakı missiyasını daha da genişləndirir, onsuz da hərbiləşmiş missiyaya daha da hərbiləşmək üçün yeni çoxsaylı funksiyalar verir. Vurğulamaq vacibdir ki, bu missiya çoxdan öncədən elan olunan çərçivədən kənara çıxıb və artıq NATO-nun missiyasına çevrilmək ərəfəsindədir. Belə olmasaydı, prosesə Kanada qoşulmazdı. ABŞ-ın da bu missiyaya daxil olacağı an məsələsidir. Bütün bunların baş verdiyi bir zamanda Ermənistan heç də seyrçi mövqe tutmayıb və bütün imkanları ilə Qərbin planlarına dəstək verir. Bu ölkənin müdafiə naziri NATO-nun mənzil-qərargahında peyda olur və yüksək səviyyəli görüşlər keçirir. Eyni zamanda, NATO-nun Ermənistanla bağlı genişmiqyaslı hərbi proqram həyata keçirməyə hazırlaşdığı bildirilir. Bura baş nazir Paşinyanın Fransaya dəvət olunmasını, Ermənistanın xarici işlər nazirinin Avropaya çağırılmasını və s. bu kimi faktları da əlavə etmək olar. Və belə bir durumda Qərbin planlarının davamı olaraq Fransa Ermənistanı açıq şəkildə silahlandırmaqdan çəkinmir, nümayişkəranə şəkildə Gürcüstan üzərindən bu ölkəyə silahlar göndərir.

Bu proseslər Qərbin Cənubi Qafqaza uzanan çirkin əlinin açıq işarələridir və bu əl bölgə üçün yaxşı nəsə vəd etmir. Son nəticə o olacaq ki, Qərb bu gün arxasından qaçmağa hazırlaşdığı Ukraynaya yaşatdığı eyni taleni Ermənistana yaşadacaq. Qərbin bölgə ilə bağlı palanlarını Ermənistan üzərindən sınaqdan keçirməsi bu ölkəyə yalnız və yalnız fəlakətlər gətirəcək. Ermənistanın Rusiya ilə bağlılığı, iqtisadi baxımdan asılılığı, hətta zamanında tam forpostuna çevrilməsi gizlin deyil. Paşinyan hökumətinin Rusiyanı Ermənistandan tam kənarlaşdırmaq, bölgədə Qərbin maşası rolunu oynamaq siyasətinə Rusiyanın seyrçi qalacağı inandırıcı deyil. Qərbin Ermənistanı poliqona çevirib Cənubi Qafqaz planını gerçəkləşdirmək üçün atdığı addımlar bu ölkənin sonunu gətirməkdən başqa heç nəyə yaramayacaq.



Hamı yaxşı anlayır ki, Qərb Rusiyanın dörd bir tərəfində qaynar nöqtələr, münaqişələr yaratmaq istəyir. Ukraynanın ardınca, sırada Ermənistanın dayandığı şübhə doğurmur. Növbəti belə ərazilərin Moldova və Gürcüstan olacağı ehtimalı da günbəgün artmaqdadır.

Qərbi heç də bu ərazidəki milyonlarla insanın taleyi, demokratiya, insan haqları və s. qətiyyən düşündürmür. Həmişə olduğu kimi, hegemonluq ambisiyaları bütün digər məsələlərə qurban verilir. Davamlı sülhün bir addımlığında olan Cənubi Qafqazın, digər postsovet ölkələrinin münaqişələrə sürüklənməsi üçün planlar icraya yönəldilir. 30 illik münaqişə zamanı və postmüharibə dövründə Qərbin əsl simasını görmədikmi? Qərb nə vaxt mövcud reallıqları nəzərə alıb? Ermənistanın Azərbaycan ərazilərini 30 il işğal altında saxlamasına, etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlını öz torpaqlarından didərgin salmasına, həmin ərazilərdə bütün milli-mədəni irsi vəhşicəsinə talan etməsinə Qərbin hər hansı reaksiyasının şahidi olmuşuqmu?

Bu müddətdə Qərbin yürütdüyü siyasətin bir adı olub: Ermənistanın Azərbaycan ərazilərini ilşğal etməsinə qanuni don biçmək. Belə olmasaydı, Qərb Ermənistanın işğalçı siyasətini pisləyər, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icrası istiqamətində əməli tədbirlər görərdi. Bunların olmaması bir yana, üstəlik Qərb ikili standartların ən iyrənc formasını sərgiləyərək, ağır cinayətlər törətmiş Ermənistanı, onun quldur hakimiyyətini müdafiə edirdi.

Bu gün Qərb yenə iyrənc siması ilə ortadadır. Xüsusilə, ABŞ, Fransa kimi ölkələr təkcə Cənubi Qafqazla bağlı palanlar cızıb, onun icrası ilə məşğul olmurlar, həm də bölgədə sülh prosesini durdurmağa çalışırlar. Əks təqdirdə, sülh bu qədər yaxınkən, bölgədə gərginliyi yenidən alovlandırmağa xidmət edən addımlar atılmazdı. Hətta Ermənistan belə münaqişənin artıq başa çatdığını, yaranmış yeni reallığı qəbul etdiyi bir zamanda Qərbin fərqli gedişləri haqlı narahatlıq doğurmaya bilməz. Ermənistanın baş naziri Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və sülh razılaşmasına hazır olduğunu dəfələrlə bəyan edir, Qərb isə bölgəni silahlandırmaqla məşğuldur. Qərbin nümayiş etdirdiyi mövqe Cənubi Qafqazda sülh və təhlükəsizliyi birmənalı şəkildə təhdid edir və bu çirkin siyasət zamanında durdurulmasa, Ermənistana, bütövlükdə bölgəyə yeni-yeni fəlakətlər gətirə bilər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ordumuz təhvil verilmiş kəndlərə daxil olub?