Modern.az

ABŞ-ın dünyaya yaydığı xaos, münaqişə, insanlıq cinayətləri

Analitika

16 Noyabr 2023, 16:40

Dünyanın müxtəlif bölgələrində münaqişə ocaqları yaradıb, milyonlarla insanın fəlakətlər yaşamasına imza atan ABŞ Cənubi Qafqazda sülhün bərqərar olmasını əngəlləmək üçün bütün imkanları ilə hərəkətə keçib. Necə deyərlər it əl çəkib, motal isə yox...

Azərbaycanın təkbaşına Qarabağ münaqişəsini arxivə gömməsinə, Ermənistanın belə regionda yaranan yeni reallığı qəbul etməsinə baxmayaraq, ABŞ geri durmaq istəmir. Hər addımda bölgədəki mövcud durumdan, sülhün yaranmasından qarınagrısı keçirdiyini büruzə verən ABŞ Cənubi Qafqazda yenidən münaqişənin alovlanmasına xidmət edən bəyanatlara müəlliflik etməkdədir. Noyabrın 15-də ABŞ Konqresinin Nümayəndələr Palatasında “Dağlıq Qarabağın gələcəyi” mövzusunda keçirilmiş dinləmələr, rəsmi şəxslərin və konqresmenlərin səsləndirdiyi fikirlər bunun növbəti təzahürüdür. ABŞ bununla öz siyasətində riyakarlığa, ikiüzlülüyə sadiqliyini də bir daha nümayiş etdirib. Hər halda Dağlıq Qarabağ mövzusunun birdəfəlik qapandığı, Ermənistanın belə gələcəyə baxmağa başladığı bir zamanda ABŞ-ın belə müzakirələr təşkil etməsinə bundan yumşaq ad tapmaq mümkün deyil.

Əslində ABŞ-ın kimliyi, hansı sifətlərə malik olmasını bütün dünya artıq anlamağa başlayıb. Bu gün elə bir ölkə tapmaq çətindir ki, ora ABŞ-ın ayağı dəydikdən sonra həmin ərazidə sülh, əmin-amanlıq olsun. Uzaq və yaxın tarixə nəzər salsaq görərik ki, ABŞ bütün bölgələrə demokratiya, insan haqları və s. bu qəbildən uydurduğu nağıllarla daxil olub və özü ilə əslində fələkət, insan qırğını, həll olunmayan münaqişələr gətirib. Artıq ABŞ deyiləndə ağla müharibələr, dövlət çevrilişləri, vətəndaş müharibələri, milyonlarla insanın ölümünün gəlməsi heç də təsadüfi deyil. Hamı yaxşı anlayır ki, Amerika dünyaya demokratiya adı altında xaos, cözümü illərlə uzanan konfliktlər yayır. ABŞ ayrı-ayrı müstəqil ölkələrin işinə burnunu daha rahat soxmaq üçün öz agentura şəbəkəsini yaradır, hakimiyyət çevrilişləri hazırlayır. İstəkləri suya düşəndə isə demokratiya pərdəsi adı altında birbaşa təcavüz planlarına start verir, vətəndaş müharibələri yaradır.

Gəlin baxaq: ABŞ hansı ölkəyə firavanlıq gətirib, ora həqiqi demokratiya ixrac edib? İraq ABŞ-ın təcavüzünün ən üzdə olan nümunələrindən biridir. Milyonlarla insan qurban verən, milli sərvəti talanan İraq hələ də ABŞ-ın “demokratiyasından” özünə gələ bilməyib.

Amerika təcavüzünün başqa bir nümunəsi Əfqanıstandır. Bu ölkə faktiki olaraq 20 il Amerikanın işğalı altında oldu. Nə qazandı? Bu ölkədə quruculuq, inkişaf kimi anlayışların üstündən xətt çəkən ABŞ-ın əl işini bütün dünya gördü: Əfqanıstan tamamilə narkotik plantasiyasına çevrildi. ABŞ Əfqanıstanı tərk etdikdən sonra isə burada narkotik plantasiyalarının həcminin 20 dəfədən çox azaldığı bildirilir.

Başqa bu kimi nümunələr sırasında Liviyanı, Yəməni, Suriyanı göstərmək olar. Hər 3 ölkə ABŞ tərəfindən elə bataqlığa salınıb ki, nə vaxt xilas olacağı belə bilinmir. Vaxtilə inkişaf edən və sabit ölkə olan Liviya vətəndaş qarşıdurmasının girovundadır, Yəməndə də fərqli durum yoxdur. Suriya isə faktiki olaraq poliqon funksiyasını yerinə yetirir. Super güclər buranı sanki silahlarını sınaqdan çıxarmaq üçün məkan seçib. Bu ölkələrdə gündəlik ölənlərin sayı isə yüzlərlədir.

Rusiya-Ukrayna qarşıdurmasının müəllifi də Amerikadır. Dövlət kimi məhv olmağın bir addımlığında dayanan Ukraynanın düşdüyü durum göz önündədir; iqtisadiyyat məhv edilib, şəhər və kəndlər dağıdılıb, insan tələfatı davam edir, vaxtilə varlı ölkə xaricdən gələn maliyyənin, yardımın ümidinə qalıb. ABŞ iki ölkə arasında hər vəchlə sülhə doğru irəliləyişə imkan vermir, əksinə münaqişəni daha da alovlandırır.

Hazırda ən dəhşətli müharibə fəlakətlərinin yaşandığı Qəzzada baş verənlərin, İsraillə HƏMAS-ın qarşıdurmasının da ssenarisi məhz Vaşinqtonda çızılıb. İlk gündən ABŞ-ın barmağının olduğu bildirilən bu müharibənin arxasında hansı maraqların dayandığı tədricən üzə çıxmaqdadır. ABŞ-ın İsraili yarı yolda qoyacağı və oynadığı oyunu yeni müstəviyə keçirəcəyi şübhə doğurmur.

Bir sözlə, ABŞ-ın ayaq basdığı yerlərin qan canağına döndüyü danılmaz fakdır. ABŞ-ın Latın Amerikasında, Afrika qitəsində törətdiyi cinayətləri də bura əlavə etsək, sözsüz ki, dəhşətli mənzərənin şahidi oluruq.


Bu fəlakətlərdən ABŞ həm də böyük sərvətlər qazanır. ABŞ-ın Fransa kimi tərəfdaş ölkələrlə Afrikanın təbii resurslarını istismar etməsi, məqsədlərinə nail olmaq üçün hakimiyyət çevrilişləri həyata keçirməsi, başqa çirkin palnlar icra etməsi acı reallıqdır. Başqa bir nümunə: ABŞ Avropanı Rusiyanın enerji resurslarından məhrum edib və ən gəlirli sahəni özününküləşdirib. Baha qiymətə öz neftini və qazını avropalılara satan, milyardlar qazanan “demokratiyanın beşiyi” ABŞ-dır.

Cənubi Qafqazda da baş vermiş və hələ də davam edən siyasi kataklizmlərin başında ABŞ-ın dayandığını sübut etməyə ehtiyac yoxdur. ABŞ öz rəngli inqilablar ssenarisini bu bölgədə yeganə Azərbaycanda icra edə bilməyib. Hamının yaxşı xatirindədir ki, rəngli inqilablar ssenarisinin Azərbaycanda da gerçəkləşdirilməsinə cəhdlər olundu, agentura şəbəkəsi boyunlarında narıncı şərflərlə küçələrə çıxdılar. Əsas niyyət Azərbaycanda ABŞ-ın arzuladığı hakimiyyətin qurulması idi. Nəticədə Azərbaycan güclənib öz ərazi bütövlüyünü bərpa etmək üçün addımlar atmayacaqdı və Azərbaycan ərazilərinin işğalı qanuniləşəcəkdi. Bu gün ABŞ-ın yuxusuna haram qatan, həm də bu çirkin niyyətinin həyata vəsiqə qazanmamsıdır.

Qarabağla bağlı ABŞ-ın mövcud duruşu, eyni zamanda dünyanın super gücü adına iddia edən bir dövlətin maiddiyyat qarşısında əyilməsinin, bütün dəyərləri ayaqlar altına atmasının əyani sübutudur. Bəllidir ki, Qarabağla bağlı dinləmələrin keçirilməsinə ən çox dəstək verən ABŞ-dakı erməni lobbisidir. Tədbirin təşkilatçısının Konqresin Avropa məsələləri üzrə alt komitəsinin sədri Tomas Kin olması bütün məsələlərə aydınlıq gətirir. Bu adamın bundan əvvəl Ermənistanın ABŞ-dakı səfiri Lilit Makuns ilə görüşməsi, bu il sentyabrın 20-də Azərbaycanın keçirdiyi lokal antiterror əməliyyatından sonra yaranmış vəziyyəti müzakirə etməsi əlavə şərhə yer qoymur.

Azərbaycana qarşı səlib yürüşünə keçən ermənipərəst konqresmenlər, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen, USAİD-in Avrasiya və Avropa bürosunun administratorunun müavini Aleksandr Sokolovskiy və başqaları həqiqəti analamalıdırlar. Başa düşməlidirlər ki, Azərbaycan müstəqil siyasətə malik dövlətdir, ABŞ və erməni lobbisinin əlinə baxan Konqres qarşısında heç bir öhdəliyi yoxdur. Bu müzakirələr reallığı dəyişmək gücünə malik deyil.

Ən açınacaqlı faktlardan biri də budur ki, Konqresdə çıxış edənlər ABŞ-ın Azərbaycana yardım etməyəcəyini bildirirlər. Amerika nə vaxt Azərbaycana real yardım edib? Vaxtilə Qarabağdakı separatçılara minatəmizləmə adı altında ildə 10 milyon dollar vəsait ayıran ABŞ olmayıbmı? ABŞ-da separatçıların yardım kampaniyaları keçirib pul yığmalarına şərait yaradılmayıbmı? Seperatçı rejimin bu ölkədə nümayəndəliyinin fəaliyyətinə göz yumulmayıbmı?

Bu gün Azərbaycan iqtisadi baxımdan güclü ölkədir və digər ölkələrə yardım əlini uzatması, böyük maliyyə vəsaitləri ayırması günümüzün reallığıdır. ABŞ-ın yardım adı altında verdiyi hansısa sədəqəyə Azərbaycanın ehtiyacı yoxdur. ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri olmasına rəqmən erməni faşizminin cinayətlərinə 30 il göz yummaqla, Azərbaycana qarşı “907-ci düzəliş”i belə qəbul etməklə əsl simasını, ölkəmizə münasibətini ortaya qoyub. Azərbaycan xalqı heç vaxt ABŞ-ın bu riyakarlığını, ikiüzlülüyünü, sözün əsl mənasında düşmənçiliyini unutmayacaq...

Beləliklə, ABŞ, onunla eyni cərgədə duran Fransa kimi ölkələr qüdrətli, suveren, müstəqil ərazi bütövlüyü təmin olunmuş Azərbaycan dövlətini həzm edə bilmirlər. Azərbaycanın şanlı qələbəsi, ardınca bu ilin sentyabrında cəmi 23 saata Ermənistanın ərazimizdə qalan hərbi birləşmələrini ağ bayraq qaldırmağa məcbur etməsi onların yuxusuna haram qatıb. ABŞ və tərəfdaşları zəif, itaətkar Azərbaycan arzularının suya düşməsindən narahatdırlar. Öz taleyini istədiyi kimi müəyyənləşdirmək haqqını reallaşdıran Azərbaycan onların planlarında yox idi.

ABŞ-ın təzyiq və hədə-qorxuları Azərbaycanı öz yolundan döndərməyəcək. Müstəqillik tariximizdə belə cəhdlər həmişə uğursuzluğa düçar olub. ABŞ anlamalıdır ki, Azərbaycanla təzyiq dili ilə danışmaq yalnız və yalnız onun öz maraqlarına zərbə vuracaq. Azərbaycan olmadan nə Cənubi Qafqazda, nə də Mərkəzi Asiyada nəyəsə müvəffəq olmaq mümkündür. Azərbaycanla erməninin dili ilə danışmaq davam etdikcə, ABŞ-la mövcud münasibətlər də təhlükə altına düşəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ordumuz təhvil verilmiş kəndlərə daxil olub?