Modern.az

Daha bir uğurlu format

Analitika

12 Yanvar 2024, 17:00

Son illər Azərbaycan Prezidenti İlham Əliyevin fərqli formatlarda ictimaiyyət qarşısına çıxması diqqəti cəlb edir. Bu formatlardan biri Prezidentin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirələrdir. Əvvəlkindən fərqli olaraq artıq belə müşavirələrə müzakirə olunan mövzu ilə bağlı sırf aidiyyəti qurumların rəhbərləri qatılır; format daha cəlbedici, daha uğurlu şəkil alıb.
 

Başqa bir format ADA Universitetinin xətti ilə keçirilən görüşlərdir. Burada iştirak edən nüfuzlu xarici ekspertlər və beyin mərkəzlərinin təmsilçiləri ilə açıq ünsiyyətdə olan Prezident bu yolla Azərbaycanın mövqeyini bir neçə dildə bütün dünyaya çatdırır.
 

Ən uğurlu formatlardan digəri isə sözsüz, Prezidentin yerli televiziya kanallarına müsahibələridir. Bu müsahibələr, ilk növbədə Prezidentin Azərbaycan mediasına verdiyi dəyər və qiymətin göstəricisidir. Belə olmasaydı, Prezident elə yuxarıda qeyd etdiyimiz formatlarda və ya ayrı-ayrı tədbirlərdə çıxışında ölkənin qarşısında duran məsələlərə aydınlıq gətirdiyini nəzərə alıb yenidən yerli media ilə bu şəkildə təmasa lüzum görməzdi.
 

Kimsə Azərbaycan xalqı və dünya ilə media vasitəsilə dialoqun bu uğurlu formasına kölgə salmaq üçün müəyyən fikirlər irəli sürə bilər. Amma reallıq budur ki, Prezidentin yaratdığı səmimi mühit, tam açıq atmosferin mövcudluğu ölkəmizin gündəmi, gələcəyi ilə bağlı sualların verilməsinə imkan yaradır. Elə sonuncu müsahibədə Azərbaycan cəmiyyəti birinci şəxsin dilindən növbədənkənar Prezident seçkilərindən tutmuş, ölkənin bu günü, gələcək planları, Qarabağ probleminin həlli, sülh müqaviləsinin imzalanması, Zəngəzur dəhlizi, Fransa və digər Azərbaycana qarşı qərəzli münasibətdə olan ölkələr, Azərbaycan-Türkiyə dostluğu və başqa digər məsələlərlə bağlı dolğun məlumat ala bildi. Düzdür, Prezident ayrı-ayrı müstəvilərdə Azərbaycanla bağlı məsələlərə daim münasibət bildirir. Amma bu, daha çox beynəlxalq aləmə çatdırılması gərəkən mesajlar olur. Prezidentin yerli televiziya kanallarına müsahibəsi isə Azərbaycana cəmiyyətinə ünvanlanmış mesajlar, bir növ Prezidentin xalq qarşısında hesabatı baxımından xüsusi çəkiyə malik olur.


Digər tərəfdən, bu format Prezidentin mediaya açıqlığının bariz nümunəsidir. Azərbaycan cəmiyyəti, o cümlədən dünya 44 günlük Vətən müharibəsində bunun əyani şahidi oldu. Prezident İlham Əliyev Vətən müharibəsində xalq və dünya ilə media vasitəsilə dialoqun nadir nümunəsini yaratdı. İndiyə qədər, elə indinin özündə də belə bir nümunə tapmaq mümkün deyil ki, müharibə aparan ölkənin Ali Baş Komandanı hər iki müstəvidə bu şəkildə aktiv çalışsın. Vətən müharibəsində bütün dünya təkcə cəbhədə müharibəyə sərkərdəlik edən Lideri deyil, həm də diplomatik müstəvidə, heç də cəbhədəkindən az əhəmiyyət kəsb etməyən, mübarizə aparan Lideri gördü. Ali Baş Komandan Vətən müharibəsinin hər günündə bir yandan xalqla birbaşa dialoqa girir, tvitlər paylaşır, müraciətlər edir, digər yandan beynəlxalq mediaya müsahibələr verirdi. Diplomatik və informasiya savaşı cəbhəsində misilsiz nümunənin təməlini qoyan İlham Əliyev Azərbaycana qarşı informasiya blokadasını yarmağı bacardı. Müharibənin gedişində və müharibədən sonra nüfuzlu medialar vasitəsilə elə onların öz dilində ən sərt suallara cavab verdi, tarixi həqiqətləri sübutlarla, faktlar əsasında dünya ictimaiyyətinə çatdırdı. Dövlət başıçımız bu dövrdə dünyanın aparıcı media orqanlarına 30-a yaxın müsahibəsində əsl diplomatiya, natiqlik, məlumatlılıq, dəmir məntiq sərgilədi. Prezident İlham Əliyev Ermənistanın onilliklərlə beynəlxalq ictimaiyyəti zəhərləyən təbliğatını darmadağın etdi, həm münaqişə, həm də müharibə haqqında həqiqətləri çəkinmədən dilə gətirdi, kimin işğalçı, kimin isə işğala məruz qalan tərəf olduğunu faktlarla isabatladı. Həmin müsahibələrin hər biri Azərbaycanın diplomatik uğurudir. Məhz media vasitəsilə aparılan bu mübarizə beynəlxalq təşkilatların ölkəmizə qarşı qərəzli təzyiqlər cəhdinin qarşısının alınmasında önəmli rol oynadı.


Müharibə arxada qalsa da, Azərbaycanın suverenliyi tam bərpa olunsa da, arxayınlaşmaq olmaz. Necə ki bunu Prezident yerli televiziya kanallarına müsahibəsində xüsusi vurğuladı və cəmiyyətə önəmli mesajlar ötürdü. Qalib, tam müstəqil siyasətə, güclü Liderə malik Azərbaycanı istəməyən qüvvələrin həmlələri, çirkin planları hələ də davam edir. Bütün bunları böyük diplomatik ustalıqla dəf edən Prezident İlham Əliyev həm yerli, həm də xarici medianın imkanlarından və gücündən də elə eyni ustalıqla yararlanmağı bacarır. Bir yandan xalqa hesabat verir, digər yandan Azərbaycana qarşı olan qüvvələrə lazımi fikirləri çatdırır. Ən nəhayət, məmurların üzərinə fərdi şəkildə məsuliyyət qoyur və verilən tapşırıqlar, aparılan islahatlar istiqamətində konkret iş tələbi meydana çıxarır. Bütün bunlardan çıxan nəticə isə birdir- xalqın, dövlətin mənafeyi naminə taixi nəticələr, qələbələr!

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü