Modern.az

Qərb Cənubi Qafqazda müharibə planını işə salıb

Analitika

13 Fevral 2024, 16:50

Ermənistanı müharibəyə sürükləyən Aİ missiyası sərhəddəki təxribata görə cavab verməlidir


5 aya yaxın dövr ərzində Azərbaycan və Ermənistan arasında davam edən sabitlik, bu il sülh prosesinin imzalanacağına dair müsbət açıqlamalar, müxtəlif səviyyələrdə verilən xoş mesajlar növbəti təxribat-sərhədçimizin snayperlə vurulması nəticəsində sıfır nöqtəsinə enməkdədir. Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində azərbaycanlı hərbi qulluqçunun yaralanması Ermənistanın növbəti məqsədyönlü təxribatıdır. Amma sülh prosesinə, Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşmasına ciddi zərbə vuran bu hadisəni Ermənistan təkbaşınamı həyata keçirib? Ermənistanı bu cür təxribatlara həvəsləndirən hansı qüvvələrdir?


Müşahidələr son bir neçə ayda mövcud olan sabitliyin məhz Qərbi narahat etdiyini, ABŞ və Fransanın mövcudluqlarını regionda saxlamaq üçün vəziyyəti gərginləşdirəcəklərini göstərirdi.


İndiki durumun yaranmasında Qərbin, Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyasının arzuolunmaz rolunu gizlətmək mümkün deyil. Məhz Qərb, onun missiyası Ermənistanı sülhə yox, belə təxribatlara sövq edir. Bu missiya indiyə qədər bölgədə sülhün təminatı üçün hansısa işlər görübmü? Xeyr! Tam əksinə, Qərbin missiyası bölgəyə daxil olandan sonra təxribatlar, sülhü təhdid edən addımlar intensiv xarakter alıb. Aİ missiyası genişləndikcə, təxribatlar da genişlənib. Missiya genişləndikcə, Ermənistanın sülhdən qaçması sürətlənib. Qərb bölgəyə soxulduqca Ermənistanda revanşist qüvvələrin səsi daha gur çıxmağa başlayıb.


Məhz indiyə qədər baş verənlər mövcud tablonu ortaya çıxarıb. Fransanın Ermənistanı silahlandırmasının regionda vəziyyətin gərginləşməsinə xidmət etdiyi Azərbaycan tərəfindən dəfələrlə vurğulansa da, nəticə əldə olunmayıb. Fransa Ermənistanın silahlanması üçün mümkün addımları atmaqda davam edib. Ermənistanın Hindistandan Fransa lisenziyası ilə istehsal olunmuş silahlar alması danılmaz faktdır. Ermənistanı su yoluna çevirən Avropa məmurları isə bu ölkəni sülhə təhrik etmək əvəzinə yeni təxribatlara sürükləmək yolu tutublar. Hansısa Fransa generalının Ermənistan-Azərbaycan sərhədində peyda olması sülhəmi xidmət edib? Bura ABŞ instruktorlarının Ermənistanda çalışmasını, Çexiya casusunun saxlanmasını və s. bu kimi faktları da əlavə etsək, gəlinən nəticə birdir: Qərb Ermənistanı hərbi əməliyyatlara hazırlayıb və növbəti təxribat bunun əyani isbatıdır. Snayperin sərhəd mövqelərinə yerləşdirilməsi əvvəlcədən planlaşdırılıb və baş verən hadisə də bu planın tərkib hissəsidir.


Ermənistan rəsmilərinin son vaxtlar verdikləri açıqlamalarda dəyişən ton da sərhəddə təxribatların olacağından xəbər verirdi. Buna misal olaraq, baş nazir Paşinyanın “The Telegtaph” nəşrinə müsahibəsini göstərmək olar. Qərbin fitvasına növbəti dəfə uyan Paşinyanın birdən-birə aqressiv tonda danışması təxribatın baş verəcəyinin daha bir anonsu idi.


Başqa bir məqama diqqət edək. Bu günlərdə Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədr müavini Armen Xaçaturyan Ermənistanın silahlanmasını açıq şəkildə bəyan etmişdi. Onun ölkəsinin Fransa, Hindistan və hansısa fövqəlgüc ölkədən silah almasını, silahlanma sahəsində böyük həcmdə iş aparılmasını, bunun nəticələrinin yaxın zamanlarda özünü göstərəcəyini deməsinə başqa nə ad vermək olar? Bu özü Ermənistanın yeni hərbi əməliyyatlara hazırlaşdığına dəlalət edən faktlardan növbətisi deyilmi?


Ümumuləşdirsək, görünən odur ki, Fransa və ABŞ Azərbaycanı yenidən müharibəyə təhrik etmək üçün qollarını çırmalayıb. Dünyanın müxtəlif bölgələrində vəziyyəti gərginləşdirməkdə peşəkarlaşmış Qərb Cənubi Qafqazda da münaqişə ocağı yaratmaq, bura region ölkələrini cəlb etmək, miqyası daha da genişləndirmək planını işə salıb.



Baş verənlərə görə məsuliyyəti təkcə Ermənistanın hərbi-siyasi rəhbərliyi daşımır. Eyni məsuliyyəti ilana zəhər verən rolunu üzərinə götürən Qərb, onun bölgədəki missiyası da daşıyır. Ermənistanı müharibəyə sürükləyən Aİ missiyası bu təxribata görə cavab verməli, yaxasını kənara çəkməməlidir. Missiyanın işinin Ermənistanı məhz sülhdən uzaqlaşdırmaq olduğu gün kimi ortadadır. Elə isə bu missiya bölgədə niyə qalmalıdır? Ermənistan belə bir missiyanın təxribatçı fəaliyyəti ilə barışmaqla, özünün də sülhün pozulmasında, Qərbin arxasına sığınmaqda maraqlı olduğunu sərgiləmirmi?


Ermənistan, onun arxasında duran Qərb reallığı nə qədər tez anlasa, bir o qədər sülh tez əldə oluna bilər. Sərhəddəki təxribata verilən cavab, həyata keçirilən “Qisas əməliyyatı” onlara növbəti dərs olmalıdır. İndiyə qədər olduğu kimi bundan sonra da hər bir təxribat şiddətli şəkildə cavablandırılacaq və bunu törədənlər layiqli cəzalarını alacaqlar. Necə ki artıq bunun şahidiyik. Gecə ilə ordumuz Ermənistan və Qərbin birgə təxribatına layiqli cavab verib, döyüş postu dağıdılıb, postun şəxsi heyəti arasında ciddi itkilər var və bunu Ermənistan tərəfi də etiraf etməkdədir.


Ermənistanın baş verənlərdən dərs çıxarması və heç kimin onun arxasında dayana bilməyəcəyini nəhayət ki, anlaması lazımdır. Bölgədə Qərbin təxribatları həyata vəsiqə qazana bilməyəcək. Kimlərinsə öz çirkin niyyətlərini gerçəkləşdirməsinə heç vaxt imkan verilməyəcək. Qərbin çirkin siyasəti Ermənistanı növbəti fəlakətlərə düçar etməkdən o tərəfə keçməyəcək. Ermənistanın bu gerçəkliyi dərk etməsi üçün başqa nələr baş verməlidir ki?..

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir