Modern.az

Münxen konfransı Azərbaycanın Qərblə münasibətlərinə sual yeri qoymadı

Analitika

21 Fevral 2024, 11:40

Avropanın ən böyük və aparıcı ölkələrindən olan Almaniyada keçirilən Münxen Təhlükəsizlik Konfransı növbədənkənar Prezident seçkilərindən cəmi bir həftə sonra dövlət başçımız İlham Əliyevin dəvət aldığı ilk mötəbər tədbir idi. Bu faktın özü, ilk növbədə Azərbaycanın Avropadan uzaqlaşdığı barədə son vaxtlar ayrı-ayrı dairələr tərəfindən məqsədli şəkildə dövriyyəyə buraxılan iddialara tutarlı cavab oldu. Münxendə Azərbaycana, onun Prezidentinə yüksək diqqət, Qərb dövlətləri və təşkilatlarının təşəbbüsləri ilə baş tutan görüşlər təkcə bu yalan üzərində qurulan təbliğatı alt-üst etmədi. Eyni zamanda istər nüfuzlu beynəlxalq paltformalardan olan konfransa dəvət, istərsə də keçirilən görüşlər Qərbin Azərbaycandakı seçkilərin nəticələrini birmənalı olaraq tanıdığını ortaya qoydu.

Məlumdur ki, şəffaf, ədalətli atmosferdə baş tutan, xalqın rəyini özündə ifadə edən seçkiləri kölgə altına salmaq istəyən dairələr var idi. Xaricdəki müəyyən qüvvələr və onların ölkəmizdəki uzantıları belə bir rəy yaratmağa çalışırdılar ki, Qərb, onun ayrı-ayrı təşkilatlarının seçkilərə münasibəti müsbət deyil və s. Fəqət seçkidən dərhal sonra Azərbaycanın Münxen Təhlükəsizlik Konfransına dəvəti və burada Qərbin nüfuzlu simaları ilə baş tutan təmaslar tam fərqli və əsl real mənzərəni göstərdi. Hamı şəksiz olaraq Qərbin seçkilərə münasibətinin Azərbaycan xalqının iradəsinə adekvat olduğuna, nəticələrin tanındığına şahidlik etdi. Konfrans çərçivəsində Azərbaycan Prezident ilə görüş üçün çoxsaylı müraciətlər elə Avropa ölkələrinin dövlət və hökumət başçılarından, nüfuzlu təşkilat rəhbərlərindən gəldi. Bu görüşlərdə İlham Əliyev Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik edildi, rolu getdikcə artan ölkəmizlə əlaqələrin daha da inkişafı üçün birmənalı mövqe sərgiləndi.


COP29-un bütün görüşlərdəki müzakirələrin mərkəzi mövzularından biri olması da xüsusi qeyd olunmalıdır. Bu görüşlərdə COP29-un ölkəmizdə keçirilməsi münasibətilə təbriklər çatdırıldı və Azərbaycana açıq dəstək ifadə olundu. Buna misal olaraq ATƏT-in fəaliyyətdə olan sədri İan Borq, “The Rockefeller Foundation”ın strateji kommunikasiyalar, siyasət və təbliğat üzrə baş vitse-prezidenti xanım Eylin Okonnor, ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Fondu Şurasının vitse-prezidenti xanım Helqa-Mariya Şmid ilə görüşləri, həmin görüşlərdə Azərbaycanla əlaqələrin inkişafı ilə bağlı aydın mövqeyi qeyd etmək olar. Eyni yanaşmanın Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə görüşdə də şahidi olduq. Görüşdə ikitərəfli əlaqələrin irəli aparılması, COP29 diqqət mərkəzində dayandı.

Beləliklə, mövcud reallıq Azərbaycanın Qərblə münasibətləri, həmçinin seçkilərlə bağlı hər hansı sual yeri qoymur.

O faktı da vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyev Münxendə 2 gün ərzində dövlət və hökumət başçıları, beynəlxalq aparıcı maliyyə mərkəzləri, nüfuzlu təşkilatlarla 24 görüş keçirib. Bundan əlavə daha 10 görüş üçün Azərbaycan tərəfinə müraciətlər olsa da, fiziki olaraq vaxt baxımından onları reallaşdırmaq baş tutmayıb. Bu, Azərbaycana, onun Liderinə olan rəğbətin, hörmətin bariz nümunəsi olmaqla yanaşı, dövlətimizin hansı mərtəbəyə yüksəlməsini isbatlayan göstəricidir.

Münxendəki müzakirələrdə diqqət çəkən başqa bir məqam amerikalı rəsmilərlə baş tutan görüşlər idi. ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerrinin, bu ölkənin Dövlət katibi Antoni Blinken, həmçinin ABŞ Prezidentinin qlobal infrastruktur və enerji təhlükəsizliyi üzrə xüsusi koordinatoru Amos Hoxşteyn ilə görüşlərin özü də Qərbin Azərbaycanla münasibətəri inkişaf etdirməkdə maraqlı olduğunu bir daha isbatlayır.

ABŞ adminstrasiyasının əsas simalarından olan rəsmilərlə görüşlərdə Azərbaycanla əlaqələrin inkişafı, COP29 ana xətt təşkil etdi. Qısa haşiyə çıxıb qeyd edək ki, ABŞ-la Azərbaycan arasındakı ikitərəfli münasibətlərdə müəyyən mərhələrdə yaranan tənəzzül sırf Ermənistanla bağlı olub. Yəni, əlaqələrə Ermənistanla münasibətlər kontekstində baxılması, hansısa şərtlərin irəli sürülməsi, ikitərəfli münasibətlərdə digər ölkələrə istinad yanlış idi. Münxendə ABŞ rəsmilərinin müraciətləri əsasında baş tutan təmaslar artıq ABŞ-ın bunu anlamasına və ikitərəfli münasibətlərin əvvəlki intensivliyə qayıtmasına açıq işarə idi.

Gəlinən nəticə budur ki, Azərbaycanın əsasında milli maraqların dayandığı balanslı siyasətinin alternativi yoxdur. Məhz bu düşünülmüş siyasət Azərbaycanın artıq “orta güc” ölkələri sırasında yer almasında rol oynayıb. COP29 kimi mötəbər tədbirlərə evsahibliyi etmək qüdrətində olan Azərbaycan, nəinki regional miqyasda, qlobal miqyasda pozitiv gündəliyin formalaşmasına töhfəsini verir. Gerçəklikdir ki, artıq Azərbaycanın qlobal dünya ilə münasibətlərinin Ermənistanla münasibətlər kontekstində qurulması arxada qalıb. Suverenliyini tam bərpa edən Azərbaycanın bundan sonra qlobal siyasətdə daha aktiv rol oynayacağı şübhəsidir. Prezidentin Münxendən birbaşa, Avrasiyanın güc mərkəzlərindən olan qardaş Türkiyəyə ilk rəsmi səfərini gerçəkləşdirməsi, burada gələcəklə bağlı verilən birgə bəyanatlar bunun daha bir nümunəsidir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir