Modern.az

Qərb Ermənistanı sülhə yox, müharibəyə sövq edir

Analitika

29 Fevral 2024, 14:14

Ermənistanın baş naziri Nikol Paşinyanın Parisə səfəri və bu səfərdən sonra yaşanan proseslər Qərbin Cənubi Qafqazda münaqişə ocağı yaratmaq niyyətinin davam etməsinə şübhə yeri qoymur. Bir müddətdir Qərbin Ermənistanı müharibəyə hazırlaması ilə bağlı xəbərlər və bu xəbərlərin səhihliyini təsdiqləyən faktlar gündəmdədir. Belə bir vaxtda Paşinyanıın Fransaya səfər etməsi və bunun ardınca Ermənistanın ritorikasındakı sərtləşmələr, eyni zamanda sosial platformalarda, mətbuatda yayılan məlumatlar Parisdə aparılan danışıqların gizlin məqamlarına işıq salır.
 

Bu məlumatlar sırasında diqqəti, ilk növbədə Nikol Paşinyanın Parisə səfəri çərçivəsində Fransa Xarici və Hərbi Kəşfiyyat Xidməti ilə Ermənistan Xarici Kəşfiyyat Xidməti arasında mübadilə haqqında müqavilənin bağlanması cəlb edir. Bu, ilk baxışdan təkcə Azərbaycana qarşı yönəlmiş sənəd kimi qəbul olunmamalıdır. Mətbuata sızan məlumatlara əsasən, Azərbaycanla yanaşı, İran, Rusiya və Türkiyə üzrə siyasi və hərbi xarakterli kəşfiyyat inforamsiyalarının, həmçinin peyk və elektron kəşfiyyat materiallarının Ermənistana ötürülməsi nəzərdə tutulur. Sənəddə başqa hansı məsələlərin yer aldığı tam bəlli olmasa da, bu, Ermənistanın artıq Fransanın timsalında Qərbin Cənubi Qafqazdakı forpostuna çevrilməsinin əyani göstəricilərindən biridir. Tarixən Rusiyanın forpostu olan Ermənistan mövqeyini açıq şəkildə dəyişərək indi tamamilə başqa cinahda yer alır: Qərb cinahında. Və bu cinah Ermənistanla bağlı açıq fəaliyyət sərgiləyir, onu silahlandırır və s. Nəticədə Ermənistan Qərbin regiona soxulması üçün istinad nöqtəsinə çevrilir.
 

Tarixdən bəllidir ki, ermənilərdən bu coğrafiyada gərginlik yaratmaq üçün istifadə edilib və onlar başqalarının maşası olmağı sevə-sevə yerinə yetiriblər. Maşa rolu davam edən Ermənistandan bu dəfə Qərb istifadə etməyə başlayıb. Plan ortadadır: Ermənistanın vasitəsilə Cənubi Qafqazda gərginlik yaratmaq, bölgədə vəziyyəti gərginləşdirmək! Eyni zamanda Rusiyaya qarşı yeni cəbhə açmaqla, bu ölkənin Ermənistandakı yerini tutmağa nail olmaqdır. Fransa müdafiə nazirinin Ermənistana səfəri zamanı Paşinyanın Rusiyanın ünvanına sərt ittihamlar səsləndirməsi bu fikri daha da qüvvətləndirir. Bu səfərdən sonra artıq Ermənistanın KTMT-da fəaliyyətini dondurduğunu bəyan etmək cürətini belə özündə tapması təsadüfi deyil...



Qərb Ermənistanda möhkəmlənmək niyyətini məhz müharibəni yenidən alovlandırmaqla mümkünləşdirmək istəyir. Bu gün Qərb mediasının ictimai rəyə davamlı olaraq sırımağa çalışdığı fikirlər sırasında Azərbaycanın Ermənistana hücum etməyə hazırlaşması uydurması dayanır. Dəfələrlə rəsmi Bakı bunu təkzib etsə də, üstəlik Azərbaycanın bunun üçün hər hansı hazırlıq aparmadığı faktlarla sübut olunsa da, Qərb mediası anti-Azərbaycan isterikasını dayandırmır. Məqsədli şəkildə Azərbaycanın hücuma hazırlaşması gündəmdə saxlanılır. Regionda təxribatlara hazırlaşan Qərb məhz bu yolla öz çirkin niyyətini gerçəkləşdirmək üçün münbit zəmin yaratmağa çalışır. Azərbaycan ordusunun Zəngilan istiqamətindəki mövqelərinin atəşə tutulması, hərbçimizin yaralanması, son günlər şərti sərhəddə atəşkəsin davamlı pozulması, Naxçıvan istiqamətində təxribatlara əl atılması bu planın tərkib hissələridir.
 

Amma bu gün Qərb və onun mediası Fransanın Ermənistanı ildırımsürətli müharibəyə hazırlaması, qəfil hücumla şərti sərhəddə bir neçə yüksəkliyi ələ keçirməklə danışıqlar prosesində onun mövqelərini gücləndirməyə hesablanan planla bağlı xəbərləri görməzdən gəlir. Qərb mediası müharibə üçün Ermənistanda və xaricdəki bütün revanşist qüvvələrin səylərini birləşdirmək üçün atılan addımlara reaksiya vermir.


Ən əsası paralel olaraq Fransanın timsalında Ermənistanın silahlandırılması prosesinin davam etdirilməsinə susur. Hansı ki, Fransanın bunun üçün mümkün addımları atdığı və prosesin davam etdiyi gün kimi ortadadır. Hindistanda Fransa lisenziyası ilə istehsal olunan silahların Ermənistana verilməsinın ardınca fransız hərbçiləri Ermənistan piyada və dağatıcı bölmələrinə təlimlər keçib. Bu sıraya Azərbaycan haqda kəşfiyyat məlumatlarının toplanmasını, Fransa generalının Ermənistan-Azərbaycan sərhədində peyda olmasını, ABŞ instruktorlarının Ermənistanda çalışmasını, Çexiya casusunun saxlanmasını və s. əlavə etmək olar. Sadalamadığımız digər faktlar, həmçinin hadisələrin ardıcıllığı Qərbin regionla bağlı palnalarını irəli aparmaq üçün tam hərəkətə keçdiyini sübuta yetirir.
 

Əslində bu plan Avropa İttifaqının missiyasının Azərbaycanla sərhəddə yerləşdirilməsindən başlanılıb və hissə-hissə həyata keçirilməkdədir.
 

Görünən odur ki, Ermənistan, onun arxasında duran Qərb bölgədəki reallıqla barışmaq istəmir. Azərbaycanın bölgədə sülhün yaranmasına xidmət edən mövqeyi, bunun üçün atılan addımlar o demək deyil ki, törədilən hansısa təxribat cavabsız qalacaq. İndiyə qədər baş verən təxribatlara verilən cavablar reallıqla barışmayıb, bölgə ilə bağlı planlar quranlar üçün ibrət tablosu olmalıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir