Bir ay sonra Azərbaycan ən mötəbər beynəlxalq tədbirlərdən birinə- BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının COP29 konfransına ev sahibliyi edəcək. Dünyanın nəzərləri aylardır ölkəmizə yönəlib və yaxın bir ay ərzində bu diqqət daha da artacaq.
Vurğulamaq vacibdir ki, bu tədbir həm iştirakçıların sayına, həm əhatə dairəsinə, həm də digər mühüm göstəricilərinə görə ölkəmizin indiyə qədər ev sahibliyi etdiyi tədbirlərdən tamamilə fərqlənir. Bakıya 80 minə yaxın qonağın gələcəyi gözlənilir ki, onların arasında dövlət və hökumət başçıları, habelə çoxsaylı rəsmi şəxslər üstünlük təşkil edəcək. Azərbaycan hökumətinin bu tədbiri də ən yüksək səviyyədə keçirəcəyi şübhə doğurmur, necə ki, bunu 2012-ci ildə Eurovision, 2015-ci ildə Birinci Avropa Oyunları, 2016-cı ildə Dördüncü İslam Həmrəylik Oyunları, habelə Formula 1 Bakı Qran Prisi kimi beynəlxalq tədbirləri nadir rast gəlinən şəkildə gerçəkləşdirməklə isbat edib.
Amma nə edəcən ki, görülən hər bir işə pəl vurmaq istəyən həmişə var. İstər daxildə olsun, istərsə də xaricdə! Və əksərən də onlar fəallaşaraq qarayaxma kampaniyası birlikdə aparırlar.
Qərbin müəyyən dairələrinin, onların media resurslarının Azərbaycana qarşı hərəkətləri COP29 yaxınlaşdıqca daha da intensivləşir. Sanki bir ənənə şəklini alıb: nə vaxt ki, Azərbaycan hansısa uğura imza atır, seçki keçirir və ya hansısa beynəlxalq tədbirə təşkilatçılıq edir, həmin ərəfədə ölkəmizi ləkələmək kampaniyasına start verilir; bəlli çevrələr, başqa sözlə, erməni lobbisinə, dövlətimizi sevməyən dairələrə bağlı media və təşkilatlar hərəkətə gətirilir. Dünyanın, elə Avropanın göbəyində insan haqlarının kobud şəkildə pozulmasına susan belə təşkilatlar Azərbaycana qarşı hər cür böhtan, yalanlar tirajlamaqdan əl çəkmir.
Azərbaycan bütün bəşəriyyətə lazım olan COP29 kimi əhəmiyyətli bir tədbirə hazırlaşır. Yaşıl dünya naminə atılan addımları təqdir etmək, təbliğ etmək əvəzinə, Qərbin bəlli dairələri yersiz şəkildə insan haqları, bitmiş seçki məsələsini ortaya atır, diqqəti yalanları üzərinə yönəldir, Azərbaycanı gözdən salmağa çalışır. Tək məqsəd ölkə daxilində narazılıq toxumları səpmək, həssas təbəqədən olan insanları dövlətə qarşı müxalif ovqata kökləmək, bir sözlə cəmiyyətdə qıcıq yaratmaqdan ibarətdir. Xüsusilə “Azadlıq” radiosu, “BBC Azərbaycan”, “Amerikanın səsi” kimi xarici çevrələrdən maliyyələşən media resurslarının fəaliyyətində qabarıq bəlli olan niyyət budur. Guya əhalinin sosial problemləri ilə maraqlanırlar. Ən xırda problemləri şişirdir, Azərbaycanda əhalinin sosial və digər hüquqları tapdalanır, güzəranı yaxşı deyil kimi həqiqətdən uzaq fikirlər formalaşdırmağa çalışır, dövlətin əleyhinə ictimai rəy yaratmağa cəhdlər edirlər. Bu canfəşanlığın arxasında çirkin niyyətlərin dayandığını görmək çətindirmi? Deyil!
Dünyanın hərb tarixinə imzasını qoyaraq şanlı Qələbəyə imza atan, sırf öz iqtisadi qüdrəti hesabına Qarabağı və Şərqi Zəngəzuru yenidən quran, bütün bunlara rəğmən iqtisadiyyatı dünyanın mövcud təlatümlərinə duruş gətirən, əhalinin sosial rifahı ilə bağlı siyasətini eyni qərarlılıqla yürüdən real Azərbaycan qəsdən arxa plana qoyulur. Sadalanan media resurslarının qabartdığı problemlər elə onların əlaltdan işlədikləri ölkələrdə də rast gəlinmirmi? Gəlinir, əlbəttə! Sadəcə, hər hansı xırda məsələni şişirdib, bunu sırf Azərbaycanın problemi kimi qabartmaq insanların beynini zəhərləmək, ölkəmizin beynəlxalq aləmdə nüfuzuna zərbə vurmaqdır.
Bəs, nədən? Qısqanclıqdan! Çünki COP29 elə bir platformadır ki, burada təkcə dünyanı qlobal iqlim dəyişikliyindən qorumağın yolları müzakirə olunmayacaq; yaşıl dünyaya çağırışlar edilməyəcək! Bu platforma həm də son ilərdə böyük uğurlara, müharibədə möhtəşəm qələbəyə imza atan Azərbaycanın inkişafının müzakirəsi, ölkəmizin yeni obrazda dünyaya təqdimatı olacaq. Daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməklə Azərbaycan, eyni zamanda, öz gücünü, imkanlarını, ən sabit, təhlükəsiz bir ölkə olması gerçəyini bütün dünyaya nümayiş etdirəcək.
Təbii ki suverenliyi tam bərpa olunmuş Azərbaycanın dünyada nüfuzunun artması, yüksək səviyyəli iqtisadi, siyasi, humanitar mərkəzə çevrilməsi yalnız onun bədxahlarını məyus edə bilər. COP29 ərəfəsində qara piarı əlinə alıb meydana düşənlər məhz Azərbaycanın bədxahlarıdır!