“Əvvəlki aylarda tibb işçiləri arasında yoluxmalar 600-700 nəfərə çatırdısa, indi bu rəqəmlər kifayət qədər azalıb. Amma bütün hallarda tibb işçiləri dünya ölkələrində də risk altındadırlar”.
Modern.az-ın məlumatına görə, bunu "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
R.Bayramlı bildirib ki, həkimlər arasında yoluxmalar daha çox pandemiya xəstəxanalarında deyil, digər tibb müəssisələrində çalışanlar arasındadır: “Bu da müxtəlif səbəblərdən olub. Yoluxmalar, xüsusilə, həkimlər arasında deyil, aşağı tibb personalı arasında müşahidə olunur. Bu gün TƏBİB tabeliyində 97 min 500 tibb işçisi var. Onların hər birinin birmənalı şəkildə qaydalara əməl etdiyini deyə bilmərik”.
TƏBİB sədrinin sözlərinə görə, tibb işçiləri kpronavirusa tibb müəssisələrində deyil, kənarda yoluxublar: “Həmin şəxslərin evdə, ailə üzvləri arasında xəstəliyə yoluxan şəxslərlə ünsiyyətdən sonra COVİD-19-a yoluxduqları müəyyən olunub. Bu tibb müəssisələrindəki xəstələr üçün də təhlükəli vəziyyət yaradadır".