Modern.az

Dövlət o zaman güclü olur ki, ona qüdrətli siyasi lider başçılıq edir

Dövlət o zaman güclü olur ki, ona qüdrətli siyasi lider başçılıq edir

Aktual

15 Oktyabr 2022, 18:49

Dövlət, xalq və ordu o zaman güclü olur ki, ona qüdrətli siyasi lider başçılıq edir.

 

Hər kəsə məlumdur ki, müstəqil və inkişaf etmiş Azərbaycanın banisi Ümummilli Lider fenomen şəxsiyyət Heydər Əliyevdir. Məhz Ulu öndər Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etmiş, ölkədə bütün sahələr üzrə əsaslı quruculuq işləri, islahatlar apararaq sürətli inkişafa nail olmuş, Azərbaycanı müstəqil dövlət kimi bütün dünyaya tanıtmışdır.

 

Dahi şəxsiyyət, dünya miqyaslı ictimai-siyasi xadim Heydər Əliyevin siyasi kursunun ən layiqli şəkildə davam etdirilməsi isə birbaşa cənab İlham Əliyevin adı ilə bağlıdır.

 

2003-cü ilin oktyabr ayında baş tutan prezident seçkiləri ərəfəsində səhhəti ilə əlaqədar ciddi problemlər yaşayan Ümummilli Lider Heydər Əliyev öz namizədliyini geri götürmüşdür. O, keçiriləcək seçkilərlə bağlı Azərbaycan xalqına müraciət edərək həmvətənlərimizi özünün siyasi varisi olan İlham Əliyevi dəstəkləməyə çağırmışdır.

 

Dahi şəxsiyyət canından çox sevdiyi xalqına müraciətində deyirdi:

 

“İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

 

Beləliklə, 2003-cü il oktyabr ayının 15-də baş tutan prezident seçkilərində Azərbaycan xalqı öz layiqli liderini seçdi. Cənab İlham Əliyevin səs üstünlüyü ilə prezident seçilməsi xalqımızın Heydər Əliyev siyasi kursuna və onun davamçısına olan böyük inamının, rəğbətinin göstəricisi idi.

 

İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi xalqımız və dövlətimiz üçün taleyüklü məsələ idi. Tarix göstərdi ki, 2003-cü ildə cənab İlham Əliyevi dövlət başçısı seçməklə Azərbaycan xalqı özünün işıqlı gələcəyini, sürətli inkişaf yolunu, rifahını və nəhayət, bütün dünyaya səs salan möhtəşəm qələbəsini təmin etdi.

 

Cənab prezident İlham Əliyevin hakimiyyətə gəldiyi ilk gündən etibarən siyasi varislik missiyasını uğurla və ən layiqli formada icra edir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan sürətlə inkişaf edir və bütün dünyada qüdrətli bir dövlət kimi tanınır. Ümumiyyətlə, cənab İlham Əliyevin siyasi arenada əldə etdiyi böyük miqyaslı nailiyyətlərin əsasında onun Heydər Əliyev siyasətini uğurla davam etdirməsi, siyasi peşəkarlığı və ölkəmizin milli maraqlarını hər şeydən üstün tutması dayanır.

 

2003-cü ildən etibarən cənab prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Dünya şöhrətli siyasətçi olan İlham Əliyev tərəfindən Azərbaycanda bütün sahələrə dövlət qayğısının göstərilməsi nəticəsində iqtisadiyyat, ordu quruculuğu, sənaye, təhsil və digər sahələrdə böyük inkişafa nail olundu.

 

Cənab prezidentin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən iqtisadi inkişaf modeli Azərbaycan iqtisadiyyatının yüksəlişini təmin edir. TAP, TANAP, Bakı-Tbilisi-Qars kimi böyük miqyaslı neft-qaz layihələrinin həyata keçirilməsi, habelə qeyri-neft sektorunun inkişafı, makroiqtisadi sabitliyin möhkəmləndirilməsi və s. Azərbaycanın iqtisadi yüksəlişinin əsas istiqamətlərini təşkil edir. Məhz iqtisadi tərəqqi nəticəsində Azərbaycanda bir çox sahələrin inkişafı üçün imkanlar yarandı və genişləndi.

 

Bütün bunlarla yanaşı, cənab prezident İlham Əliyev Azərbaycanın milli-mədəni irsinin qorunmasına, azərbaycançılıq ideologiyasının möhkəmləndirilməsinə daim xüsusi diqqət göstərmişdir. Təsadüfi deyil ki, azərbaycançılıq fəlsəfəsi zaman-zaman İlham Əliyev siyasətinin mənəvi dayağına çevrilmişdir.

 

2020-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri yazıldı. 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm qələbə nəticəsində Qarabağ işğaldan azad edidi. Bu tarixi qələbə cənab İlham Əliyevin müdrik siyasəti, güclü iradəsi, beynəlxalq təzyiqləri layiqincə dəf etməsi, rəşadətli orudumuzun misilsiz şücaəti və Azərbaycan xalqının öz prezidenti ətrafında dəmir yumruq kimi birləşməsi nəticəsində baş tutdu. Qarabağı düşmən işğalından azad etməklə cənab İlham Əliyev Ulu Öndərin də ən böyük arzusunu, vəsiyyətini həyata keçirmiş oldu.

 

Bugünkü müasir Azərbaycanın qüdrəti birbaşa İlham Əliyevin yürütdüyü siyasətlə bağlıdır. Çünki dövlət, xalq və ordu o zaman güclü olur ki, ona qüdrətli siyasi lider başçılıq edir.

 

Azərbaycanın inkişafının, parlaq gələcəyinin, möhtəşəm qələbəsinin təminatçısı olan İlham Əliyevin adı Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunmuşdur.

 

Ülviyyə Ağayeva 

Milli Məclisin deputatı

Whatsapp
Bizə yazın!
Keçid et
Mehdiyev Rusiyada kimlərə zəng edib? - ŞOK DETALLAR