Mayın 6-da Vestminsterdə Böyük Britaniya kralı III Çarlzın tacqoyma mərasimi keçiriləcək.
Modern.az xəbər verir ki, bu barədə Bukinqem sarayı məlumat yayıb.
Bildirilir ki, mərasim üçün 2,2 mindən çox insana dəvət göndərilib. Məlumata görə, 203 ölkədən qonaq gələcək, 100-ə yaxın ölkə isə mərasimdə ən yüksək səviyyədə təmsil olunacaq.
III Çarlzın tacqoyma mərasimi II Elizabetin ölümündən səkkiz ay sonra keçiriləcək. Macarıstan, İrlandiya, Polşa, Filippin, Fransa liderləri, İspaniya və İsveç kralları, Monako Şahzadəsi, Yaponiya İmperatoru, Avropa İttifaqının rəhbərləri, Britaniya siyasi isteblişmentinin nümayəndələri dəvəti qəbul edib.
ABŞ prezidenti Co Bayden kralla telefon danışığında ölkəsini tacqoyma mərasimində birinci xanım Cil Baydenin təmsil edəcəyini bildirib. Danimarka kraliçası II Marqret isə əməliyyat edildiyinə görə mərasimdə iştirak etməyəcək.
Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin TASS-a bildirib ki, hazırkı siyasi şəraitdə tacqoyma mərasiminə dəvət gözləmir.