Modern.az

Ürəktutmasından ölüm halları artır – Səbəb vaksindir? 

Ürəktutmasından ölüm halları artır – Səbəb vaksindir? 

2 May 2023, 13:40

Son vaxtlar ürəktutmasından ölüm hallarının artması müşahidə edilir. Bakı Baş Səhiyyə Mərkəzinin məlumatına görə, ölümlə nəticələnən xəstəliklər içərisində ürək və qan-damar xəstəlikləri üstünlük təşkil edir. Mərkəzin hesabatına əsasən, təkcə yanvar ayı ərzində 901 ölüm hadisəsindən 613-ü ürək və qan-damar xəstəlikləri səbəbindən baş verib. Bu isə ümumi ölüm hallarının 68%-nə bərabərdir.

 

Statistika göstərir ki, dünyada, o cümlədən Azərbaycanda ölüm hallarına görə ürəyin işemik xəstəlikləri (tromb, infarkt, stenokardiya və s.) birinci yerdədir. Bunun başlıca səbəblərindən biri kimi insanların vaxtlı-vaxtında həkim müayinələrindən, tibbi yoxlanışlardan keçməməsi göstərilir.

 

Ürəktutmasından ölümlərin sayının xüsusilə koronavirus pandemiyasından sonra artması şübhə doğurur. Bəzi ekspertlər bunun koronavirus infeksiyasının və koronavirus əleyhinə vaksinin təsirindən ola biləcəyini iddia edir. Digərləri pandemiyanın yaratdığı stress və gərginliyin təsiri nəticəsində ürəktutmadan ölənlərin arta biləcəyini düşünür.

 

Həqiqətən koronavirusun miokard infarktının artmasına təsiri ola bilərmi?

 

 

Mövzu ilə bağlı Modern.az-a danışan Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının professoru, tanınmış həkim-cərrah Adil Qeybulla son vaxtlar ürəktutması ilə yanaşı, onkoloji xəstəliklərin də artdığını bildirib:

 

“Ümumiyyətlə, vaksinin müxtəlif fəsadları ilə, o cümlədən ürəktutması ilə bağlı birbaşa səbəb-nəticə əlaqəsi hələ sübuta yetirilməyib. Bununla bağlı müxtəlif fikirlər səsləndirilir. Hətta vaksin olunmayan və koronavirusdan xəstələnib sağalan şəxslər də özlərində müxtəlif proseslərin baş verməsi ilə əlaqədar fikirlər bildiriblər. Həmçinin, onkoloji xəstəliklərin sayının artması tendensiyası da var. Məntiqi baxımdan düşünsək, xəstəlik keçirən şəxsin immun sistemi zəiflədiyi üçün müxtəlif xəstliklərin baş qaldırması real görünür. Hazırda bütün bunların hamısı ilə dünyanın mötəbər mərkəzləri məşğuldur. Hesab edirəm ki, yaxın zamanda müəyyən etibarlı nəticələr ictimaiyyətə açıqlanacaq. Digər məsələlər isə şikayət xarakteri daşıyır. Bizim də COVID-dən sonrakı dövrlə bağlı müəyyən müşahidələrimiz var. Amma bunları elan etmək üçün əsaslı faktlar və sübutlar lazımdır”. 

 

 

Azərbaycan Kardiologiya Cəmiyyətinin (AKC) sədri, tanınmış kardioloq Üzeyir Rəhimov isə bildirib ki, ürək xəstəliyindən ölüm hallarının artmasının bir çox səbəbləri var.

 

"Əlimizdə statistika olmadan danışa bilmərik. Amma ölkəmizdə ürəktutmasından ölüm hallarının artmasının səbəbləri çoxdur. Ümumiyyətlə, son zamanlar bu səbəbdən bir çox məşhur insanların öldüyünü görürük. Bu səbəblərin önündə təzyiq xəstəliyinin artması gəlir. 2009 və 2019-cu ilin statistikasına görə, Azərbaycanda hipertoniya xəstəliyi 15 faiz, şəkər xəstəliyi 40 faiz, xolestirinin çox olması 15 faiz artıb. Təbii ki, bunlar artdıqca ürək xəstəliyi də artacaq. Həmçinin biz əvvəlki illərə nisbətdə daha çox sedanter yaşam deyilən oturaq həyat tərzinə keçmişik. Yeməklərimiz artıq “fastfood”, yəni hazır yeməklərdən ibarətdir. Bütün bunlar ürək xəstəliyi üçün risk qrupudur. Eyni zamanda əhalidə stress artmı müşahidə olunur. Ürək xəstəliyinin artmasının başqa səbəbi də hava çirkliliyidir. Ümumiyyətlə, dünyada hava çirkliliyi, çəki artıqlığı, təzyiqlə bağlı faktorlar müxtəlif ciddi xəstəliklərin yaranmasına gətirib çıxarır. Bütün bunları nəzərə alsaq, Azərbaycanda, həmçinin dünyada ürək xəstəliyinin artmasına nələrin səbəb olduğunu görə bilərik. Amma eyni zamanda insan ömrünün uzanmasında xeyli irəliləmə müşahidə olunur. İnsanlar artıq daha çox yaşayırlar. Çünk bizim dərman və tibbi ləvazimat resursumuz daha çoxdur”.

 

Aytac Əsədova

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?