Modern.az

Korrupsiya ilə necə mübarizə aparmaq lazımdır... - VII HİSSƏ

Korrupsiya ilə necə mübarizə aparmaq lazımdır... - VII HİSSƏ

Aktual

13 Sentyabr 2025, 18:25

Li Kuan Yu daha sonra qeyd edirdi ki, Cənubi Koreyanın prezidenti Çon Du Xvanın kabinetində nazir olmuş Ro De U ilə ilk dəfə 1986-cı ilin iyununda görüşəndə o, Sinqapurun korrupsiyaya uğramamış hökumətindən yüksək fikirdə olduğunu bildirdi. Cənubi Koreyanın prezidenti korrupsiyanı aradan qaldırmağa çalışsa da, buna nail ola bilməmişdi. Bunu necə bacardığımızı soruşdu. 

Mən ona ilk növbədə yaxşı məlumat toplama sisteminə əsaslanan sistemimizin necə işlədiyini; ikincisi, subyektiv deyil, qərəzsiz yanaşma ilə; üçüncüsü, ölkənin ali rəhbərliyi tərəfindən korrupsiyanın təhqiqatı və təqibinə hərtərəfli dəstək haqqında ətraflı məlumat verdim.

Qardaş Türkiyənin sabiq prezidenti Turqut Özalla da bağlı maraqlı hadisəni qeyd etmək istərdim.

Turqut Özalın nazir təyin etdiyi dostu İsmail Özdağların rüşvət aldıgı meydana çıxanda Turqut bəy onu vəzifəsindən azad edir. Qaranlıq düşəndə həyat yoldaşı ilə bağışlanmaq üçün T.Özalın evinə gələn İsmail Özdağların üzünə qapını açmırlar. 

Növbəti gün səhər yeməyi zamanı həyat yoldaşı Səmrəl Turqut Özalın gözlərinin qıp-qırmızı olduğunu görür və soruşur: Gözlərin niyə qızarıb? 

Turqut Özal: 

-Səhərə kimi yatmamışam.

Səmrəl Özal: 

-Niyə yatmadın?

Turqut Özal: 

-Çünki, dostumu itirdim. 

Səmrəl Özal: 

-Gərək sən dostunu evə buraxaydın.

Turqut Özal: 

-Onda Türkiyəni itirərdim.

Necə də möhtəşəm.

 Ümummilli liderimizin korrupsiya ilə bağlı bir sıra müdrik kəlamları var. Onlardan biri də odur ki, rüşvətxoru, oğrunu qəhrəman etmək öz xalqına xəyanət etməkdir. Bu sözlər onu deməyə əsas verir ki, vəzifəli şəxsin korrupsiya əməlləri nəticəsində qanunsuz əldə edilmiş əmlakın və qanunsuz əldə edilmiş imtiyazların və ya güzəştlərin dəyəri dövlətə çatmalıdır.

 Vəzifəli şəxslər tərəfindən qanunsuz əldə edilmiş əmlakın və qanunsuz əldə edilmiş imtiyazların və ya güzəştlərin dəyərinin könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallardan hesab edilir.

 Vəzifəli şəxslər qanunsuz əldə edilmiş əmlakı, habelə qanunsuz əldə edilmiş imtiyaz və ya güzəştlərin dəyərini könüllü olaraq ödəməkdən imtina edərlərsə, onun dəyəri müvafiq dövlət orqanlarının iddiası əsasında məhkəmə tərəfindən dövlətin nəfinə ödənilir.

 Qanunvericiliklə dövlətin nəfinə ödəmə mülki qaydada müvafiq dövlət orqanlarının iddiası əsasında və ya cinayət mühakimə icraatı qaydasında məhkəmə tərəfindən müsadirə yolu ilə həyata keçirilir.

 Birləşmiş Millətlər Təşkilatının Korrupsiya əleyhinə Konvensiyasının 31-ci maddəsində qeyd olunur ki, tərəflər elə tədbirlər görməlidirlər ki, cinayət törədilərkən istifadə olunan və ya istifadə oluna biləcək cinayətdən əldə edilən gəlirlərin, əmlakın, avadanlıqların və digər vasitələrin müsadirəsini təmin etmək mümkün olsun.

 Konvensiyanın əsas müddəalarından biri də ondan ibarətdir ki, cinayətdən əldə edilən gəlir tam və ya qismən başqa əmlaka çevrilmişsə və ya dəyişdirilmişdirsə, göstərilən tələblər, yəni müsadirə həmin əmlak barəsində tətbiq olunur. 31-ci maddənin məqsədləri üçün iştirakçı dövlət öz məhkəmələrini və ya başqa səlahiyyətli orqanlarını müvəkkil edir ki, onlar bank, maliyyə və ya kommersiya sənədlərinin təqdim olunması və ya onların üzərinə həbs qoyulması barədə qərarlar versin. İştirakçı dövlət bank sirrinin qorunmasını əsas götürərək müvafiq tədbirlərin görülməsindən yayınmamalıdır.

 İrimiqyaslı korrupsiyadan əldə edilən gəlirlər bir çox hallarda inkişaf etmiş ölkələrin bank hesablarında saxlanılır. Həmin bankların korrupsiyaya uğramış mühasibləri, hüquqşünasları və onların rəhbərləri belə müştərilərə xidmət göstərərkən əlavə suallar verməməyə çalışırlar. Odur ki, məhkəmələr belə halları aşkar edərlərsə, beynəlxalq yardımdan istifadə edərək korrupsiya əməllərində təqsiri olan şəxslər barədə qəti tədbirlər görməli və oğurlanmış vəsaitlərin qaytarılması üçün ciddi addımlar atmalıdırlar.

 Hal-hazırda korrupsiya ilə mübarizə beynəlxalq xarakter almışdır. Dövlətlərarası iqtisadi əlaqələrin inkişafı, regional və dünya iqtisadi bazarında müstəqil təsərrüfat subyekti kimi dövlətlərin iştirak etmək hüququ korrupsiyaya qarşı mübarizənin beynəlxalq təşkilatlar səviyyəsində aparılması zərurətini yaradır.

 Korrupsiyaya qarşı mübarizə aparmalı olan orqanlar elə fikirləşməməlidirlər ki, əgər korrupsiyadan əldə edilən gəlir respublikadan kənara çıxarılmışsa, onun qaytarılmasında kömək göstərən qüvvə yoxdur. Cəmiyyətimizdə elə fikir formalaşmışdır ki, məsələn, İsveçrə banklarında saxlanılan pul vəsaitləri nəinki geri qaytarılmır, hətta həmin vəsaitlərin bank sirri olduqca ciddi qorunur. Qeyd etmək lazımdır ki, pul vəsaitlərinin cinayət yolu ilə əldə edilməsi barədə məhkəmələrin əsaslandırılmış qanuni qərarları olduqda, hətta İsveçrə hökuməti özü həmin vəsaitlərin qaytarılması istiqamətində təşəbbüs göstərir.

Bu fikrin davamı olaraq, ölkədə korrupsiya ilə mübarizədə Azərbaycanın hərtərəfli inkişafı üçün vətəndaş cəmiyyətinin yaradılması və möhkəmlənməsi başlıca şərt olmasını qeyd etmək yerinə düşərdi.

Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı qeyd etmişdir ki, “korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi gözəl nəticələrini verir. Bu siyasət davam etdiriləcəkdir. Bu, bizim şüurlu seçimimizdir və görülən tədbirlər xalq tərəfindən yüksək qiymətləndirilir.”. Daha sonra o, qeyd etmişdir ki, “Mən həmişə insanlarla təmasda olan zaman müraciət edirəm ki, xoşagəlməz hallar haqqında məlumatlar versinlər. Azərbaycanda, ümumiyyətlə, bütün sahələrdə ictimai nəzarət daha da güclü olmalıdır. İslahatların dərinləşməsi prosesi getməlidir. Bu da antikorrupsiya tədbirlərinin arasında mühüm əhəmiyyətə malik olan sahədir. Sağlam rəqabət təmin edilməlidir. Qeyri-sağlam rəqabət aradan qaldırılmalıdır. Bütün sahələrdə şəffaflıq təmin edilməlidir”.

Aprelin 16-da Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında korrupsiyaya qarşı mübarizə ilə bağlı cənab İ. Əliyev bir daha vurğuladı ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha da ciddi aparılmalıdır. Burada həm inzibati tədbirlər, həm də cəza tədbirləri gücləndirilməlidir. Eyni zamanda, sistem xarakterli, institusional xarakter daşıyan islahatlar daha da sürətlə aparılmalıdır. Mübarizə bir gün, bir dəqiqə səngiməməlidir. Bu məsələ daim diqqət mərkəzində olmalıdır. Nəhayət, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda ölkə başçısı bir daha vurğulamışdır ki, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə gücləndirilməlidir. Hesab edirəm ki, biz bu işlərdə istədiyimizə nail ola bilməmişik. Baxmayaraq ki, mübarizə gedir və gedəcəkdir. Ancaq əfsuslar olsun ki, bu mübarizə lazımi səviyyədə deyildir. Korrupsiya böyük bəladır. Biz doğrudan da, inkişaf etmiş ölkəyə çevrilmək istəyiriksə korrupsiyanı aradan götürməliyik. Bunu etmək üçün bir neçə amil lazımdır və onların hamısı Azərbaycanda vardır. Güclü siyasi iradə və beynəlxalq təcrübə. Biz bu təcrübəni öyrənirik, cəza tədbirləri, sistem xarakterli islahatlar mütləq olmalıdır və olacaqdır. Biz bu məsələyə kompleks şəkildə yanaşırıq, müəyyən işlər görülübdür. Ancaq demək istəyirəm ki, bu işlər məni qane etmir. Korrupsiyaya qarşı mübarizə daha da ciddi olmalıdır, bunun daha da ciddi nəticələri olmalıdır. Ancaq bəzi hallarda korrupsiya xəstəliyinə yoluxmuş insanlar həbs edildikdə onların onlarla müdafiəçisi meydana çıxır. Müdafiə edirlər, komitələr yaradırlar, müraciətlər edirlər. Hər kəs qanun qarşısında cavab verməlidir və qanun qarşısında hər kəs eyni hüquqa malikdir. Ona görə bütün orqanlar, hüquq-mühafizə orqanları daha da ciddi mübarizə aparmalıdırlar. Eyni zamanda, sistem xarakterli islahatlar da daha ciddi şəkildə aparılmalıdır.”.

Yəqin ki, dəyərli oxucular Li Kuan Yu-nun beş addımdan ibarət antikorrupsiya islahatındakı qanun qarşısında hamı bərabər olmalıdır prinsipinin İlham Əliyevin “hər kəs qanun qarşısında cavab verməlidir və qanun qarşısında hər kəs eyni hüquqa malikdir” deyiminin necə də oxşar olduğunu sezdilər.

Bəli, xalq öz liderini dəstəkləyir, onun bu nəcib təşəbbüsünə qoşulur və ümidvarıq ki, bu mübarizə öz müsbət nəticəsini verəcəkdir. Buna heç kimin şübhəsi olmasın.

Yuxarıda qeyd edilənlərdən də görünür ki, ölkə başçısı korrupsiyaya qarşı mübarizəni özünün prioritet vəzifələrindən biri hesab edir. Belə ki, Azərbaycan Respublikası Prezidenti 2022-ci ilin 4 aprel tarixində “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında tarixi Sərəncam imzalamışdır. Həmin Sərəncamla Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı təsdiq edilmişdir. Fəaliyyət Planının əsas və vacib müddəalarından biri odur ki, ümumi inkişafa və təhlükəsizliyə mənfi təsir göstərən korrupsiya qanunun aliliyinə və sosial ədalətə ciddi təhlükə yaradır, iqtisadi və sosial inkişafı ləngidir, əlverişli biznes mühitinin yaranmasına mane olur.

Bir çox əhəmiyyətli məqamları əhatə edən həmin sənədə əsasən, ədalət mühakiməsi sahəsində antikorrupsiya tədbirlərinin gücləndirilməsi, məhkəmə hakimiyyətinin daha səmərəli təşkili məqsədilə beynəlxalq təcrübə nəzərə alınmaqla Məhkəmə-Hüquq Şurasının yenidən təşkili zərurəti qeyd olunub. Bu, bir daha ölkədə ədalət mühakiməsi sahəsində vəziyyətin qənaətbəxş olmamasından və bu sahədə daha böyük işlərin görülməsi ilə bağlı zərurətdən xəbər verir.

Korrupsiyaya qarşı mübarizənin davamlı olması, korrupsiyanın qarşısının alınması ilə bağlı müasir çağırışlara uyğun effektiv mexanizmlərin tətbiq edilməsi xüsusi əhəmiyyət kəsb edir. Buna görə də həm beynəlxalq, həm də milli səviyyədə korrupsiyaya qarşı mübarizədə yeni təşəbbüslərin irəli sürülməsi zəruridir və bu sahədə icra edilən tədbirlər korrupsiyaya şərait yaradan halların və korrupsiya hüquqpozmalarının səbəblərinin, növlərinin və nəticələrinin qarşısının alınmasına yönəldilməlidir.

“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun əhəmiyyətindən və mahiyyətindən danışırıqsa, onun əhəmiyyəti və məğzi obrazlı desək, “Maliyyə xarakterli tələblər” adlanan 5-ci maddəsidir. Belə ki, bu maddəyə əsasən, vəzifəli şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada hər il gəlirləri, mənbəyi, növü və məbləği göstərilməklə, habelə vergitutma obyekti olan əmlak haqqında məlumat təqdim etməlidirlər.

Qanun qəbul edildikdən sonra Azərbaycan Prezidenti İlham Əliyev bu Qanunun tətbiqi haqqında 2004-cü il 3 mart tarixli Sərəncam imzalamışdır. Bu Sərəncamda Nazirlər Kabinetinə qüvvədə olan qanunvericilik aktlarının “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini iki-üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb. Təəssüf ki, Qanunun 2004-cü il yanvarın 13-də qəbul edilməsinə baxmayaraq, 5.1-ci maddənin tələblərinə bu günə qədər əməl olunmamışdır. 

Belə ki, bu maddəyə əsasən, vəzifəli şəxslər hər il gəlirləri, mənbəyi, növü və məbləği göstərilməklə, vergitutma obyekti olan əmlak haqqında, kredit təşkilatlarındakı əmanətlər, qiymətli kağızlar və digər maliyyə vəsaitləri, kredit təşkilatlarında yer alan əmanətlər, qiymətli kağızlar və digər maliyyə vəsaitləri haqqında, şirkətlərin, fondların və sair təsərrüfat subyektlərinin fəaliyyətində səhmdarı və ya təsisçisi kimi iştirakı, onların bu müəssisələrdəki mülkiyyət payı barədə, beş min beş yüz manatdan yuxarı olan borcu və min yüz manatdan yuxarı maliyyə və əmlak xarakterli digər öhdəlikləri barədə məlumat verməlidirlər. 

 

Eldar Əsgərov (Şəkibəyov),
hüquqşünas, Dövlət qulluğunun baş müşaviri

ardı var...

Məqalənin birinci hissəsi

Məqalənin ikinci hissəsi

Məqalənin üçüncü hissəsi

Məqalənin dördüncü hissəsi

Məqalənin beşinci hissəsi

Məqalənin altıncı hissəsi

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə