Bu gün Dövlət Bayrağı Günümüzdür! Öz dövlətimiz, öz bayrağımız, öz günümüz! Dünən isə Zəfər Günümüz idi. Beş il öncə bu günlərdə, torpağımızın yaddaşına qurtuluş yazılmışdı. Şuşanın sərt qaya sinəsində səslənən “Qarabağ Azərbaycandır!” harayı bu dəfə Bakının Azadlıq meydanında, özü də üç qardaş dövlətin himni kimi ucaldı: Azərbaycan, Türkiyə və Pakistan – üç bayraq, bir ruh, bir inam, bir gələcək! Biri evyiyəsi - Qalib Azərbaycan,
biri – NATO-nun əfsanəli və əvəzedilməz gücü Türkiyə,
biri – nüvə gücünə malik tək İslam dövləti Pakistan! Sanki Azərbaycan bayrağının rəngləri böyümüş, genişlənmiş, qardaşlıq, güvənli dostluq dünyasına yayılmışdı…
Bu gün Bayraq Günümüzdür,
dünən Zəfər Günümüz idi. – Bir-birini tamamlayan, bir olmazsa, o biri yetim qalasıymış kimi qoşa bayram günləri! Bayramlarımız qardaşlarımızın da bayramıdır, onların bayramları da bizimdir; kədərlərimiz də eləydi və kədəri bölüşüb azaldan qardaş-dostlar, dost-qardaşlar artıq sevinci bölüşüb çoxaldır. Çoxaldır ki digər qardaşlarımıza da işığı düşsün, düşən işığı böyüsün.
Dünən – Zəfər Günü Azadlıq Meydanı həm tarixin təntənəsinə həm də birgə gələcəyə meydan oldu.
Bəli, burada artıq yalnız qələbənin keçmişi yox, sabit sülhün, ədalətli nizamın gələcəyi görünürdü.
Prezident İlham Əliyev, Müzəffər AliBaş Komandan kimi, beş il öncə başladığı qurtuluş dastanını bu dəfə diplomatiya, quruculuq və birliyə söykənən yeni mərhələyə daşıdı. Onun nitqi hərb meydanının cəsarətindən sülh meydanının məsuliyyətinə möhtəşəm körpü saldı.
Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın və qardaş Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin hərbi paradda iştirakı – Zəfər Gününün strateji anlamını daha da dərinləşdirdi.
Bu, sadəcə qardaşlıq nümayişi deyildi, əlbəttə; əlbəttə, bu, Türk-İslam həmrəyliyinin yeni geosiyasi kodu kimi qəbulu haqq edir.
Hər birində aypara olan üç qardaş bayrağın eyni ritmdə dalğalanması – dünyanın pozulan nizamına qarşı bütöv bir ideyanın, ədalətli güc mədəniyyətinin duyurusuydu: sanki üç hilal (aypara) misalı!..
Səngərlərdən səhnələrə daşınan Zəfər ruhu, dünən Azadlıq meydanında həm qəhrəman əsgərin ruhuna, həm də dövlət ağlına çevrilmişdi.
Bu, təkcə keçmişə sayğı paradıydımı? – Əslində, dünən gələcəyin məsuliyyət yürüşü təşkil olunmuşdu.
Çünki Azərbaycanın qazandığı Zəfər torpağın yağı tapdağından qurtuluşu olmaqla yanaşı, həm də zamanın ədalətinin bərpası idi.
Beş il içində Qarabağda həyata keçirilən bərpa, yenidənqurma, köç və inkişaf prosesləri göstərdi ki, Zəfər bir sonuc olmaqdan daha üstün – bir başlanğıcdır.
Bax, bu başlanğıcda üç qardaş dövlətin sarsılmaz birliyi – tarixdəki mətnləri birləşdirən mənəvi imza dəyərindədir.
Prezident Ərdoğan və Baş nazir Şərifin Bakıda olması, əslində, bir bayrağın üç təcəssümü kimiydi: Türk mədəniyyətinin dərinliyi, İslam dünyasının mənəvi dayağı və çağdaş Azərbaycanın siyasi uzaqgörənliyi…
Zəfər Günü Azadlıq meydanında hər addım, hər baxış, hər nəfəs bir inamı aşılamaqdaydı – bizim Zəfər əbədidir! – Əbədidir, çünki o, quru güclə yox, nəcib inamla qazanıldı; çünki o, ədaləti təmsil edir.
Zəfərin beşinci ili – qardaşlığın daha da möhkəmlənmiş zirvəsidir. Azərbaycan bu zirvədə tək deyil. Onun yanında Ərdoğanın qətiyyəti, Şərifin güvəni, Türk dünyasının birliyi, İslam dünyasının duası var.
Azadlıq meydanında dalğalanan üç rəng, üç aypara və “Birlikdə güclüyük!” ulu səsi bir siyasi çağırış olmaqdan üstün olub – tarixi məsuliyyətin poetik ifadəsidir.
Bu gün Bayraq Günümüzdür,
dünən Zəfərin beşinci ili tamam oldu.
Amma Zəfərin ruhu yenidən bayraq-bayraq doğulur…
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN,
BAYRAĞIMIZ UCA,
QARDAŞLIĞIMIZ ƏBƏDİ OLSUN!
Əkbər QOŞALI