Modern.az

Naxçıvanda müəllim şagirdləri qayışla bir-birinə bağlayıb?

Naxçıvanda müəllim şagirdləri qayışla bir-birinə bağlayıb?

Aktual

17 Noyabr 2025, 12:56

“Naxçıvanda müəllim iki şagirdi boyunlarından qayışla bir-birinə bağlayıb, 15 dəqiqə bu vəziyyətdə qalmağa məcbur edib”​.

Modern.az xəbər verir ki, bu barədə “Gündəlik Naxçıvan”a işgəncəyə məruz qaldığı deyilən şagirdlərdən biri olan Z.F-nın yaxınları məlumat verib.

Məlumata görə, hadisə Babək rayonundakı Cəhri qəsəbəsi 1 nömrəli orta məktəbdə qeydə alınıb. Digər şagirdin Türkiyə vətəndaşı olduğu bildirilib.

Yaxınlarının sözlərinə görə, işgəncə verən təsviri incəsənt müəllimi Etibar Quliyev olub və hadisə dərsi danışa bilməmək üstündə baş verib:

“Ayseli dərs danışmağa çıxarıb, o da bir az danışıb, gerisi yadından çıxıb. Daha sonra Türkiyə vətəndaşı olan daha bir qız şagird də dərsi danışa bilməyib. Müəllim cəza olaraq, oğlan şagirdlərdən birinin qayışını açıb, bunları bir-birinə bağlayıb. Deyib ki, açsanız, sizi şillə-təpiyin altına salacağam. 15 dəqiqə şagirdlərin gözü önündə bu vəziyyətdə qalıblar.

Evə gələndə gördük ki, boyun-boğazı qançır olub. Qayışın izləri açıq görünürdü. Bu müəllim uşaqlarla həmişə pis rəftar edir. Şagirdləri döyür, söyür, təhqir edir, gözün üstə qaşın var deyən yoxdur. Özü deyir ki, Təhsil Nazirliyində adamı var, ona heç kim heç nə edə bilməz”.

Şagird yaxınları bildiriblər ki, hadisə ilə bağlı Təhsil Nazirliyinə müraciət etsələr də, heç bir nəticə olmayıb.

Adı çəkilən müəllim Etibar Quliyev isə hadisəni təkzib edərək, ona şər atıldığını qeyd edib:

Məsələ ilə bağlı Naxçıvan Təhsil Nazirliyinə sorğu ünvanladıq. Qurumdan saytımıza belə cavab verildi:

“Bəzi internet televiziya kanallarında Babək Rayonunun Cəhri Qəsəbə 1 nömrəli tam orta məktəbinin IX sinif şagirdi Z.F.-nın məktəbin müəllimi Etibar Əhmədov tərəfindən döyülməsi iddiaları yayılıb. 

Bildiririk ki, Babək Rayon Təhsil Şöbəsi tərəfindən məsələnin araşdırılmasına başlanılıb. Həmçinin məsələ ilə bağlı hüquq- mühafizə orqanlarına müraciət edilib. Hazırda hüquq-mühafizə orqanları tərəfindən qeyd edilən məsələ araşdırılır. Araşdırma yekunlaşdıqdan sonra şagirdin döyülmə faktı və digər qanunazidd davranışlar öz təsdiqini taparsa, qanunauyğun qaydada cəza tədbiri görüləcək. 

Əlavə olaraq bildiririk ki, bu və ya buna bənzər hadisələr və onların nəticələri qanunauyğun qaydada araşdırılmadan və  şagirdin yaş psixologiyası nəzərə alınmadan ictimailəşdirilməsi onun sonrakı yaş döründə psixoloji əhval-ruhiyyəsinə, müəllim və məktəbin nüfuzuna xələl gətirir. Qeyd olunan nüansın daima nəzərə alınması ümumi mənafeyə uyğundur”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya od içində: Kiyev cəhənnəm əzabı yaşatdı - ARDICIL ZƏRBƏLƏR