Bu gün Azərbaycan tibb elminin ən tanınmış simalarından biri, onkoloq-cərrah, SSRİ Dövlət mükafatı laureatı, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Tapdıq oğlu Əmiraslanovun doğum günüdür.
Modern.az xəbər verir ki, o, 78 yaşını qeyd edir.
Əhliman Əmiraslanov Azərbaycan səhiyyəsində bütöv bir məktəbin, cərrahiyyə və onkologiya üzrə yeni elmi istiqamətlərin müəllifidir.
Akademikin dünyada tanınmasına səbəb olan ən mühüm elmi nəticələrindən biri sümük şişlərinin müalicə üsullarını yenidən işləyib hazırlaması və praktiki tibbə tətbiq etməsi olub. Bu sahədə onun apardığı tədqiqatlar sayəsində müalicə nəticələrinin 4–5 dəfə yaxşılaşması elmi dairələrdə böyük rezonans yaratmışdı.
Alimin beynəlxalq nüfuzu ABŞ, Fransa, Yaponiya, İsveç, Türkiyə, Almaniya, Rusiya və daha çox ölkədə keçirilən nüfuzlu tibbi konfranslarda təqdim etdiyi məruzələrlə daha da möhkəmlənib. O, 500-ə yaxın elmi əsərin, 13 monoqrafiyanın, 26 dərsliyin və bir çox ixtiraların müəllifidir.
Onun rəhbərliyi ilə 50-dən çox alim, o cümlədən 12 elmlər doktoru yetişib. Bu, Azərbaycanda tibb elminin formalaşmasında yol açan ən böyük ziyalı məktəblərindən biri hesab olunur.
Peşəkar cərrah kimi Əhliman Əmiraslanov 20 minə yaxın əməliyyat həyata keçirib. Onun əlləri minlərlə insanın həyatına toxunub, minlərlə ailəyə ümid verib.
Akademikin fəaliyyəti yalnız elmi tədqiqatlarla məhdudlaşmayıb. O, 1992–2015-ci illərdə Azərbaycan Tibb Universitetinə rəhbərlik edib.
Əhliman Əmiraslanov 2001-ci ildən AMEA-nın həqiqi üzvü, 2007-ci ildən Rəyasət Heyətinin üzvü kimi ölkədə biologiya və tibb sahəsində elmi strategiyanın müəyyənləşməsində aparıcı rola malikdir.
IV və V çağırış Milli Məclisin deputatı, daha sonra Səhiyyə Komitəsinin sədri kimi o, səhiyyə sahəsinin qanunvericilik bazasının formalaşmasında mühüm rol oynayıb.
78 yaşına qədəm qoyan Əhliman ƏmiraslanovAzərbaycan elm və səhiyyə sistemində fəal rol oynayır. Onun fəaliyyəti həm elmi dairələr, həm də ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.
Modern.az olaraq akademik Əhliman Əmiraslanovu doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm can sağlığı və yeni uğurlar arzulayırıq.