Bakı şəhərinin Xəzər, Pirallahı və Qaradağ rayonlarında qarlı havalara hazırlıqla bağlı müşavirələr keçirilib.
Bu barədə Modern.az-a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, müşavirələrdə rayon İcra Hakimiyyətlərində qışa hazırlıqla bağlı yaradılan qərargahlar, kommunal və təsərrüfat xidmətləri və aidiyyəti təşkilatların rəhbərləri qarlı günlərdə üzərilərinə düşən vəzifələrin tam şəkildə yerinə yetirilməsi üçün hazır olmalıdırlar. Hər bir quruma qarın təmizlənməsi üçün lazımi qədər alət, inventarın (bel, kürək, ling və s.) toplanması, duz ehtiyatı yaradılması, xüsusi texnikaların vəziyyətinin yoxlanılması ilə bağlı tapşırıqlar verilib. Rayondakı küçə və məhəllələrin qardan təmizlənməsinə cavabdeh şəxslərin siyahıları hazırlanıb, bu işlərə kommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb edilməsi qərara alınıb.
Həmçinin rayonlardakı idarə, təşkilat və özəl qurumlar, bələdiyyələr, o cümlədən ictimai iaşə müəssisələrinin rəhbərlərinə özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştirak etməyə cağırış edilib.
Qeyd edək ki, müşavirələrin əsas məqsədi rayon xidmətlərinin soyuq qışa, xüsusilə güclü qar yağmasına hazırlığın vəziyyətinin araşdırılması, bu zaman görülməsi zəruri olan işlər müzakirəsidir.








