Azərbaycanda yeni dövlət qurumu yaradılıb.
Modern.az-ın məlumatına görə, bir müddət əvvəl Azərbaycan Respublikası Prezidentinin Protokol Xidməti adlı yeni qurum formalaşdırılıb.
Ötən gün Nazirlər Kabineti “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları” adlı qərara dəyişiklik edib və Protokol Xidməti dövlət qurumlarının siyahısına əlavə edilib.
Digər qərara əsasən, Azərbaycan Respublikası Prezidentinin Protokol Xidmətinin rəisi, habelə ailə üzvləri, Azərbaycan Respublikası Prezidentinin Protokol Xidmətinin şöbə müdirləri hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin siyahısına daxil edilib.
Qərardan məlum olub ki, Azərbaycan Respublikası Prezidentinin Protokol Xidmətinin yaradılması barədə sərəncam bu ilin may ayında imzalanıb.
Qeyd edək ki, əvvəllər Prezidentin Protokol xidməti Prezident Administrasiyasının strukturuna daxil idi. Artıq rəsmi saytda bu qurumun adı çıxarılıb və ayrıca qurum olub.
Prezident Administrasiyasının strukturuna daxil olan zaman Protokol xidmətinin rəisi Arif Səmədov olub.
Elnur Əmirov