Bakı Mühəndislik Universitetinin (BMU) Azərbaycan dili və pedaqogika kafedrasının təşkilatçılığı ilə “Dövlət dil siyasəti və Azərbaycan dilinin tətbiqi məsələləri” adlı seminar keçirilib.
Modern.az xəbər verir ki,tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşları, universitetin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
BMU-nun elm və innovasiya məsələləri üzrə prorektoru Ağası Məlikov çıxışında ölkəmizdə Azərbaycan dilinin inkişafına göstərilən dövlət qayğısından söz açıb. Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin ana dilinin qorunması və inkişafı istiqamətində həyata keçirdiyi siyasət, imzaladığı mühüm sənədlər diqqətə çatdırılıb. Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubiley tədbirində irəli sürdüyü vəzifələri önə çəkən prorektor bu tapşırıqların ana dilinin qorunması, inkişafı, elmi əsaslarla tədrisi baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Ağasi Məlikov hər bir vətəndaşın yaşadığı, fəaliyyət göstərdiyi yerdən asılı olmayaraq öz doğma dilini mükəmməl bilməsinin vacibliyini vurğulayıb.
Azərbaycan dili və pedaqogika kafedrasının müdiri Təranə Hacıyeva dünyada saysız dillərin mövcud olduğunu, lakin onların hamısının yaşaya bilmədiyini nəzərə çatdırıb. O, dilin yaşamasını təmin edən amillər-dilin təmizliyi, ondan düzgün istifadə, dilə elmi yanaşma, universitetlərdə pedaqoji heyətin, filoloqların rolu, eləcə də gənclərin üzərinə düşən vəzifələr haqqında danışıb. Qeyd edib ki, ölkəmizdə ana dilinin qorunması dövlət siyasətinin tərkib hissəsidir və bu istiqamətdə davamlı nəzarət həyata keçirilir.
Seminarda AMEA Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli, institutun Tətbiqi dilçilik şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Nəriman Seyidəliyev, Monitorinq və linqvistik təhlil şöbəsinin müdiri, filologiya elmləri doktoru, AMEA-nın professoru Sevinc Əliyeva, şöbənin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülarə Əmirova və REAL televiziyasının Təhlil və informasiya mərkəzinin aparıcısı Kəmalə Mustafayeva çıxış ediblər. Natiqlər dilin xalqın varlığını və milli kimliyini ifadə edən əsas dəyər olduğunu deyiblər. Çıxışlarda, eyni zamanda
qloballaşmanın təsirləri fonunda Azərbaycan dilinin qorunması, tətbiqi,
monitorinqi və təbliği istiqamətində görülən işlərin əhəmiyyəti vurğulanıb.
Tədbirdə BMU tələbələri Esmira İbrahimova və Şövkət Kərimov Xalq şairi Bəxtiyar Vahabzadənin ana dilinə həsr olunmuş şeirlərini səsləndiriblər.
Sonda Azərbaycan dilinin yad təsirlərdən qorunması, mütaliə vərdişlərinin artırılması və dilin təbliği ilə bağlı gənclərə tövsiyələr verilib.