Modern.az

İB-nin küçə uşaqları

İB-nin küçə uşaqları

Aktual

15 Dekabr 2025, 11:54

Ankarada maşınla gedirdik. Yol kənarında su, salfetka satan uşaqları görəndə dostum Kamal bəy, sanki heç bir iddiası yoxmuş kimi, araya bir zarafat atdı:
– İB uşaqları!

Əvvəlcə gülümsədim. Sonra düşündüm. Bir az da duruxdum. Kamal nə dediyini bilirdi. O, pedaqoq deyil, təhsil nəzəriyyəçisi isə heç deyil. Amma illərdir böyük bir təhsil qurumunun inzibati işlərini idarə edir. Yəni sinfin içində olmasa da, təhsilin mərkəzindədir.

Sözüm Kamala deyil. Sözüm ondadır ki, o, küçədə gündəlik çörək dalınca qaçan uşaqlara “İB uşaqları” dedi.

İroniya idi, bəli. Amma bu ironiyanın içində çox ciddi bir həqiqət gizlənirdi.

Bu gün dünyada İB – International Baccalaureate – ən bahalı, ən prestijli təhsil modellərindən biridir. Öz fəlsəfəsi, öz dili, öz kurikulumu var. İddiası böyükdür: bilik yığan yox, bacaran insan yetişdirmək. Ünsiyyət quran, əlaqələri idarə edən, risk alan, təşəbbüskar, öz ayaqları üzərində dayanan fərd.

İB açıq şəkildə deyir: “Uşaq çox şey bilə bilər, amma həyat qarşısında acizdirsə, o bilik onu xilas etməz.”

İndi gələk yol kənarındakı o uşaqlara.

Onların diplomu yoxdur. Kurikulumu yoxdur. “Learner profile” deyilən anlayışdan da xəbərləri yoxdur. Amma hər gün həyatla üz-üzədirlər. Müştəri ilə danışmağı bilirlər. Rədd cavabını udmağı bacarırlar. Risk edirlər. Qorxmurlar. Ayaqda qalmaq üçün öz içlərində bir yaşamaq immuniteti formalaşdırırlar.

Bu uşaqlar cəmiyyətin hər üzünü görürlər. Həyatla döyüşürlər, amma qaçmırlar. Bir gün çox rahatlıqla bahalı məktəblərdə oxumuş, amma real həyat qarşısında çaş-baş qalan gəncləri idarə də edə bilərlər. Çünki onlar artıq həyatı oxumağı öyrəniblər.

Bir zamanlar təhsil bacarıqlı, zirək, təbiəti və insanı duya bilən uşaqlara daha çox bilik verməklə dəyərli sayılırdı. Bu gün isə mənzərə tərsinə çevrilib. Yeni nəsil getdikcə daha passiv, daha qorxaq, daha iddiasız böyüyür. Təhsil indi onlara bilik verməkdən çox, yaşamağı öyrətməyə çalışır.

Və bu, dövrümüzün acı reallığıdır.

Kamal isə sadə bir insan kimi bunu çox dəqiq görür: məktəbin içində “bacarıq” adıyla verilən şey, əslində, o uşaqların küçədə, həyat bahasına qazandıqları ilə eyni şeydir.

Fərq hardadır?

Biri bunun üçün milyonlar xərcləyir,
digəri isə uşaqlığını.

Ankara. 15.12.25

Şəmil Sadıq

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır