Redaksiyamıza Şəki rayonu Çayqaraqoyunlu kənd sakini, təqaüdçü Zənfirə Sirəfilova Şubay qızı tərəfindən şikayət daxil olmuşdu. Şikayətində Zənfirə xanım 27 may 2007-ci il təvəllüdlü oğlu Sirəfilov Dəyanət Məhərrəm oğlunun anadangəlmə ağır dərəcəli görmə zəifliyindən əziyyət çəkdiyini və indiyədək bu problem tam müalicə olunmadığı bildirmişdi. Onun sözlərinə görə, bütün tibbi sənədlər Şəki Rayon Hərbi Komissarlığında mövcud olsa da, bir neçə aylıq süründürməçilikdən sonra komissarlığın Fikrət, Qəhrəman və Qorxmaz adlı əməkdaşları telefonla zəng edərək 7 yanvar 2026-cı il tarixində xəstə övladının hərbi xidmətə aparılacağını bildiriblər.
Ana hesab edir ki, Şəki Rayon Hərbi Komissarlığının insan taleyinə bu cür laqeyd və müəmmalı yanaşması, eləcə də verilmiş şübhəli qərar övladının sağlamlığını ciddi təhlükə altına atır.
Modern.az məsələni aydınlaşdırmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əlaqə saxlayıb.
Qurumun İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib ki, vətəndaşın rəsmi müraciəti ilə bağlı araşdırma aparılacaq və nəticələr barədə ona məlumat veriləcək.
***
15:40
Modern.az-a Şəki rayonu Çayqaraqoyunlu kənd sakini, təqaüdçü Zənfirə Sirəfilova Şubay qızı tərəfindən şikayət daxil olub.
Şikayətçi bildirir ki, həyat yoldaşı Sirəfilov Məhərrəm Sirəfil oğlu 2018-ci ildə vəfat edib. Onun sözlərinə görə, 27 may 2007-ci il təvəllüdlü oğlu Sirəfilov Dəyanət Məhərrəm oğlu anadangəlmə ağır dərəcəli görmə zəifliyindən əziyyət çəkir və indiyədək bu problem tam müalicə olunmayıb.
Z.Sirəfilova qeyd edir ki, oğlu eynəksiz demək olar ki, heç nə görə bilmir, uşaqlıqdan göz kökündə yaranmış problem səbəbindən kəskin ağrılar və zəifgörmə ilə üz-üzədir. Bu hal uşaqlıqdan qeydiyyatda olduğu Şəki Rayon Mərkəzi Xəstəxanasında, eləcə də Bakı şəhərində fəaliyyət göstərən dövlət və özəl tibb müəssisələrində keçirilmiş tibbi müayinələr və komissiyalar tərəfindən rəsmi şəkildə təsdiqlənib.
Şikayətçinin sözlərinə görə, bütün tibbi sənədlər Şəki Rayon Hərbi Komissarlığında mövcud olsa da, bir neçə aylıq süründürməçilikdən sonra komissarlığın Fikrət, Qəhrəman və Qorxmaz adlı əməkdaşları telefonla zəng edərək 7 yanvar 2026-cı il tarixində xəstə övladının hərbi xidmətə aparılacağını bildiriblər.
Ana hesab edir ki, Şəki Rayon Hərbi Komissarlığının insan taleyinə bu cür laqeyd və müəmmalı yanaşması, eləcə də verilmiş şübhəli qərar övladının sağlamlığını ciddi təhlükə altına atır.
“Övladım sağlam olsaydı, bir ana kimi onun hərbi xidmət keçməsi ilə fəxr edərdim. Lakin onun sağlamlıq vəziyyətinin buna imkan vermədiyi uşaqlıqdan qeydiyyatda olduğu Şəki Rayon Mərkəzi Xəstəxanasının və çağırış dövründə Bakı şəhərində aparılmış tibbi müayinələrin nəticələri ilə təsdiqlənsə də, bu faktlar Şəki Rayon Hərbi Komissarlığı və 22 dekabr 2025-ci il tarixində şikayət ünvanladığım Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətli şəxsləri tərəfindən nəzərə alınmır”, – deyə şikayətdə bildirilir.
Z.Sirəfilova əlavə edir ki, 29 və 30 dekabr 2025-ci il tarixlərində Səfərbərlik Xidmətinin 9001 Qaynar Xəttinə etdiyi zənglər zamanı müraciətinə qanunauyğun baxılmadığı məlum olub. Telefon danışığı zamanı ona Şəki Rayon Hərbi Komissarlığından oğlunun hərbi xidmətə yararlı olduğu bildirilib.
Şikayətçi aidiyyəti qurumlardan xahiş edir ki, oğlu Dəyanət Sirəfilovun hərbi xidmətə çağırılması ilə bağlı verilmiş qərarın qanunauyğun şəkildə araşdırılmasına kömək göstərilsin.
O, həmçinin tibbi sənədlər nəzərə alınmaqla düzgün qərarın veriləcəyinə ümid etdiyini, məsul şəxslərin laqeyd mövqeyi ucbatından övladının səhhətinin daha da ağırlaşmasına səbəb ola biləcək halların qarşısının alınacağını vurğulayır.
Şikayətçi məsələyə tam aydınlıq gətirilməsi üçün oğlunun Zərifə Əliyeva adına Oftalmologiya İnstitutuna peşəkar tibbi müayinəyə göndərilməsini də xahiş edir.

