Azərbaycanda son günlər bir sıra dağlıq və dağətəyi rayonlarda qarlı və şaxtalı hava şəraiti müşahidə olunur. Sözügedən hava şəraiti bir sıra bölgələrdə mövsüm üçün xarakterik hesab olunsa da, xüsusilə dağlıq və dağətəyi ərazilərdə aşağı kənd təsərrüfatı sahəsində müəyyən təsirlərlə müşayiət oluna bilər.
Modern.az-a açıqlamasında məsələyə aydınlıq gətirən kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov bildirib ki, qar yağıntılarının əkinçilik təsərrüfatına təsiri əsasən müsbət xarakter daşıyır.
“Çünki hazırda qar yağıntıları daha çox dağ rayonlarında müşahidə olunur və bu ərazilərdə bitkilər inkişaf mərhələsində deyil, “yuxu fazasında”dır.
Bu səbəbdən hazırkı qar yağıntılarının bitkiçiliyə ciddi zərər vurması ehtimalı yoxdur. Eyni zamanda şaxtanın səviyyəsi də yüksək deyil. Temperatur təxminən mənfi 6, 7 dərəcə civarındadır və mənfi 10 dərəcəyədək olan şaxtalar, ümumiyyətlə, ağac və bitkilər üçün təhlükəli hesab olunmur”.
Vahid Məhərrəmov onu da nəzərə çatdırıb ki, əksinə, qarın bir sıra müsbət təsirləri var:
“Qar örtüyü torpaqda nəmlik ehtiyatını artırır, yaz aylarında su balansının qorunmasına kömək edir. Həmçinin zərərvericilərin və bəzi xəstəlik törədicilərinin məhv olmasına səbəb olaraq, gələcək məhsuldarlığa müsbət təsir göstərir.
Bununla belə, qar yağıntıları heyvandarlıq sahəsində müəyyən çətinliklər yarada bilər. Xüsusilə heyvanların açıq otlaq sahələrinə çıxarıldığı ərazilərdə, əsasən də xırdabuynuzlu heyvanlar üçün problemlər meydana çıxa bilər”.
Ekspert həmçinin vurğulayıb ki, fermerlər tərəfindən qabaqcadan kifayət qədər yem ehtiyatı toplanmayıbsa, bu, müvəqqəti yem qıtlığına və təsərrüfat fəaliyyətində çətinliklərə səbəb ola bilər:
Eyni zamanda, hava şəraitiylə əlaqədar yolların bağlanması və hərəkətin məhdudlaşması fermerlərin gündəlik fəaliyyətinə də müəyyən maneələr yarada bilər.
Lakin bir daha qeyd edim ki, hazırkı qar yağıntıları əkinçilik üçün ciddi təhlükə yaratmır və mövcud temperatur şəraitində əsasən faydalı təsir göstərir. Yalnız heyvandarlıq sahəsində qabaqlayıcı tədbirlərin görülməsi vacib hesab olunur”,- deyə V.Məhərrəmov bildirib.