22 yanvar 2026-cı il tarixdə, Kəlbəcər rayon Mədəniyyət sarayında 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2026-cı ildə qarşıda duran vəzifələrə dair Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilib.
Modern.az-ın məlumatına görə, tədbirdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Ziya Məmmədov, Milli Məclisin deputatı Mircəlil Qasımlı, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər və rayon sakinləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Kəlbəcər Rayon İcra Hakimiyyətinin inzibati binasında Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Daha sonra Kəlbəcər Rayon Mədəniyyət sarayının foyesində sərgiyə baxış keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Hesabat yığıncağında məruzə ilə çıxış edən Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev 2025-ci il ərzində rayonun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər, əhalinin məşğulluğu, sosial rifahın yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. O, həmçinin 2026-cı ildə qarşıda duran əsas vəzifələri diqqətə çatdırıb.
Xalqımızın mədəni irsinin qorunub saxlanmasına və təbliğ olunmasına xüsusi diqqət və qayğı ilə yanaşan Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya bütün kəlbəcərlilər adından təşəkkür edib.
Hesabat yığıncağında çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Ziya Məmmədov, Milli Məclisin deputatı Mircəlil Qasımlı, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon Polis şöbəsinin rəis müavini, polis mayoru Ariz Bəhmənli, Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyevin atası Vaqif Əliyev, Milli Qəhrəman, şəhid Hökumə Əliyevanın atası rayonun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər, əhalinin məşğulluğu, sosial rifahın yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirərək, əldə olunan nailiyyətlərin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasətinin nəticəsi olduğunu vurğulayıblar.
Hesabatın yekunu ilə bağlı qarşıda duran vəzifələrə dair hazırlanmış Qərar Layihəsini Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aparatının Sənəd Dövriyyəsi, Vətəndaş Müraciətləri və İnzibati İşlər Şöbəsinin müdiri Xanoğlan Əhmədov oxuyub. Hesbat yığıncağı iştırakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Hikmət Bağırov səsləndirib.
Daha sonra xidməti sahələri üzrə uzun müddət səmərəli fəaliyyət göstərən və rayonun ictimai-siyasi həyatında fərqlənən 7 nəfər Kəlbəcər Rayon İcra Hakimiyyətinin “Fəxri Fərmanı” ilə təltif edilib.
Sonda bildirilib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Kəlbəcər rayonu bundan sonra da davamlı inkişaf edəcək və qarşıya qoyulan vəzifələr uğurla icra olunacaq.