Bakının Binəqədi rayonunda yerləşən “İdrak” Liseyinin 10-cu sinif şagirdi öz müəlllimini güllələyib.
Hadisəni törədən şagirdin atasına məxsus ov tüfəngindən istifadə etdiyi bildirilir. Polis əməkdaşları tərəfindən saxlanılan şagirddən ov silahı müsadirə olunub. 1997-ci il təvəllüdlü müəllim Şəhla Kamilova xsətəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Psixoloq Şamil Fətəliyev Modern.az-a açıqlamasında hadisəyə münasibət bildirib.
O hesab edib ki, olayın dəqiq qiymətini vermək üçün şagirdlə psixoloji söhbət aparmaq lazımdır:
“Uşağın ailəsində vəziyyəti, bu uşağın öz sinif yoldaşlarına, dostlarına münasibəti necə olub, ona hər hansı təzyiq olubmu və s. Əlbəttə, sosial şəbəkələr, kompüter oyunları kimi böyük miqyaslı faktorlar səbəb kimi təhlil edilməlidir. Amma bu ənənəvi xarakterli səbəbi konkret ortaya atsaq, sual yarana bilər ki, bu kimi faktorların təsirindən milyonlarla uşaq niyə anoloji addım atmır?"
Psixoloq hesab edib ki hadisəyə situativ yanaşmaq lazımdır:
"Təhlilə uşağın evindən, ailəsindən başlamaq lazımdır. Ata silahı niyə əlçatan yerdə saxlayıb? Bu, övlada bədən dili ilə silahın həlledici olması faktorunun təlqinidir.
İkincisi, uşağın maraq dairəsi araşdırılmalıdır. Hansı filmlərə baxırmış? Oynadığı kompüter oyunları, telefondan istifadəsi, harda vaxt keçirdiyi və s. ciddi araşdırılmalıdır.
Üçüncüsü, müəllimə ilə münasibət xüsusi fokuslanmalı olduğumuz predmetdir. Hər halda, bu, əvvəlcədən izlənə bilən, ehtimal olunan proses ola bilərdi".
Psixoloq qeyd edib ki, yeniyetmənin hadisəni affekt halında törətdiyini demək mümkün deyil.
" Affekt hərəkətləri bir neçə saniyə və ya dəqiqə ərzində olur. Burada isə bilirik ki, o, silahı götürüb və liseyə gedib. Sosial senari göstərir ki, yeniyetmə affekt əsiri olan psixopat yox, sosiopatdır".